Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-361/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200mm-lik neft boru kəmərinin yeraltı keçən hissəsi, 4-cü km-də, 39T 0399050; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1 -ci sırada kəmərdən 10 metr aralı məsafədə, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvanında, vətəndaş X2 tərəfindən hasarlanmış içərisində yaşayış olan evin yan hissəsində 3 metr enində, 5 metr uzunluğunda və 3 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət talvar quraşdırılması faktı aşkar edildi. Qeyd olunanlara əsasən, iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200mm-lik neft boru kəmərinin yeraltı keçən hissəsi, 4-cü km-də, 39T 0399050; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada kəmərdən 10 metr aralı məsafədə, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvanında, vətəndaş X2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktla ... Binəqədi-Bakı Dş 200 mm-lik neft boru kəmərinin yeraltı keçən hissəsi, 4-cü km-də, 39T 0399050; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 10 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən natamam hasarlanmış içərisində yaşayış olan evin yan hissəsində 3 metr enində, 5 metr uzunluğunda və 3 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət talvar quraşdırılmasının aşkar edilməsi aktlaşdırılmıdşr. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, həmin xəbərdarlıq Cavabdeh təqdim edilmiş və ona neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılması, satış məqsədilə tikinti materiallarının yığılması qadağandır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1333 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Qeyd olunan tarixdə keçirilən baxış zamanı aparılmış ölçü işləri nəticəsində cavabdehin faktiki istifadəsində olan hasar tikilisinin Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr, fərdi yaşayış evinin və metal materiallardan quraşdırılmış talvarın isə Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşdiyi müəyyən olundu. ... X1 faktiki istifadəsində olan hasar, fərdi yaşayış evi və talvar tikilisinin 39T 0399050; ******* saylı koordinat üzrə yerləşdiyi müəyyən edildi. ... cavabdehin faktiki istifadəsində olan hasar tikilisinin Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr, fərdi yaşayış evinin və metal materiallardan quraşdırılmış talvarın isə Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı" iş üzrə qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Nəhayət "Əhmədova Azərbaycana qarşı" xx.xx.2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “ ... 8-ci maddənin mənasında “ev” anlayışı ... qanuni əsaslarla tikilmiş evlərlə məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq. ... ərizəçi sözügedən evdə 2007-ci ilin iyulunda onu aldıqdan sonra qızı ilə birlikdə yaşayıb. Buna görə də, bu ev Konvensiyanın 8-ci maddəsinin mənasında ərizəçinin evi olub. ... Qeyri-qanuni tikintiyə gəldikdə, bu baxımdan vacib ola biləcək amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilərək evləri tikibtikməməsi, sözügedən qanunsuzluğun mahiyyəti və miqyası, söküntü ilə qorunacaq maraqlar və söküntüdən təsirlənənlər üçün uyğun alternativ yaşayış yerinin olubolmaması. ... Beləliklə, maraqlı şəxs müdaxilənin mütənasibliyini bu cür dəlillər əsasında mübahisələndirirsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlar üçün adekvat əsaslar gətirməlidirlər. ... Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin evinin sökülməsi və ərizəçinin evdən çıxarılması barədə qərar qəbul edərkən daxili məhkəmələr onun yalnız dövlət torpaqlarında tikilmiş icazəsiz tikili olmasına diqqət yetiriblər. Ərizəçinin apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq imkanları olmadığına görə evdən çıxarılsa, qızı ilə birlikdə evsiz qalacağını iddia etməsinə baxmayaraq, daxili məhkəmələr buna tamamilə məhəl qoymamışd və rəqabət edən maraqları bir-birinə münasibətdə qiymətləndirməmişlər. ... Bundan əlavə, bu tip işlərdə mütənasiblik birbaşa dövlətin torpağı qaytarmaq istəyinin məqsədi ilə əlaqədardır. Hazırkı işdə nə Azneft yerli məhkəmələr qarşısında iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün təcili olaraq lazım olduğunu iddia etməyiblər. ... ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat yenidən baxılmasına imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, çıxarılma haqqında qərar belə bir yoxlama olmadan icra olunarsa, Konvensiyanın 8-ci maddəsi pozulacaq”. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə belə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir. Bu işdə isə xüsusən vurğulanmalıdır ki, söhbət neft boru kəmərinin yeraltı keçən hissəsindən gedir və belə olan halda cavabdehin aidiyyəti qurumların müdaxiləsi olmadan məhz neft kəmərinin mühafizə zonasında tikinti aparmasını müəyyən etmək imkanı sıfıra bərabər idi. Lakin aidiyyəti qurumlar ev kimi qlobal tikinti aparılarkən hər hansı müdaxilə etməmiş, cavabdeh ailə üzvləri ilə birlikdə illərdir həmin fərdi yaşayış evində yaşamış, indi isə dəmir konstruksiyadan talvar inşa edilən zaman hazırkı iddia irəli sürülmüş və həmin ünvanda inşa edilmiş bütün tikililərin sökülməsi məhkəmədən xahiş edilmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Yuxaqrıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməli və belə olan halda, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması yalnız bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçıdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-361/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-361/2023
20.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver