Məhkəmə qərarları › İş №e-2(001)-368/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-368/2023

09.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-368/2023 09.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 213A saylı bağ evi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi 43A saylı ev və ünvan 1 ünvanında yerləşən əmlaklar üzrə açıq qalan payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməsinə və onların arasında paylarına mütənasib sürətdə bölüşdürülməsinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 213A saylı bağ evi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi 43A saylı ev və ünvan 1 ünvanında yerləşən əmlaklar üzrə açıq qalan payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməsinə və onların arasında paylarına mütənasib sürətdə bölüşdürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 mülkiyyətində Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 213A saylı bağ evi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi 43A saylı ev və ünvan 1 olmuşdur. F.Q.Məmmədov vəfat etdikdən sonra onun qanun üzrə vərəsələri o, Azərbaycan Respublikasında yaşayan iki qızı ilə birlikdə qanunvericiliyə uyğun olaraq Bakı şəhəri 43 saylı notariat ofisinə müraciət edərək mirası qəbul etmişlər. Beş ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşamayan Cavabdeh ilə onlar bütün vasitələrdən istifadə etməklə əlaqə saxlamağa çalışılmış, ya özünün gəlməsi və ya müvafiq etibarnamə verməklə nümayəndəsinin notariusa müraciət etməsi, mirası qəbul etməsinin vacibliyi barədə dəfələrlə ona məlumat vermişlər. Buna baxmayaraq, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş hər hansı prosessual hərəkət etməkdən imtina etmiş, onunla və bacıları ilə əlaqəyə girməmiş, notariat ofisinə müraciət edərək mirası qəbul etməmişdir. Vərəsəlik işi açıldıqdan və müvafiq olaraq 6 aylıq müddət tamamlandıqdan sonra Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən mərhumun vərəsələri - həyat yoldaşı İddiaçı miras üzrə 1/2 hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə, 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, qızı Maraqlı şəxs1 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, qızı Maraqlı şəxs2 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Verilmiş şəhadətnamələr əsasında mülkiyyət hüquqlarının tanınması üçün aidiyyəti üzrə müraciət edilmiş və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən çıxarış alınmşdır. Verilmiş çıxarışda miras əmlakının hər birində İddiaçı 5/8 hissədə, Maraqlı şəxs1 1/8 hissədə, Maraqlı şəxs2 1/8 hissədə mülkiyyət hüququ tanınmış, 1/8 hissə isə mərhum X1 adına açıq qalmışdır. Miras əmlakın hər birində 1/8 hissədə açıq payın qalması həmin əmlaklar üzrə mülkiyyətçilərin sərəncam vermə hüququnu mümkünsüz edir. Bu da öz növbəsində onun mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdeh uzun illərdir Azərbaycan Respublikasında yaşamamış, mərhumun dəfnində və ya yas mərasimlərində iştirak etməmiş, mirası qəbul etmək barəsində hər hansı mövqe sərgiləməmişdir. ABŞ-də yaşayan, aralarında heç bir münaqişə olmayan cavabdeh yalnız xalası ilə telefon əlaqəsi saxlayır. O, cavabdehin xahişinə əsasən mütəmadi olaraq cavabdehə pul göndərir. Miras əmlakları satdıqdan sonra onlar cavabdehin payına düşən pul vəsaitini cavabdehə verəcəklər. Cavabdeh tərəfindən qəbul edilmədiyinə görə miras əmlaklarda açıq qalan pay qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməli və onların arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 213A saylı bağ evində, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi 43A saylı evdə və ünvan 1 ünvanında yerləşən əmlaklar üzrə açıq qalan payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməsinə və onların arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3cü şəxs Maraqlı şəxs2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, bacısı Cavabdeh 10 ildən çoxdur ki, ABŞ-da yaşayır, sonuncu dəfə Azərbaycan Respublikasına 2018-ci ildə gəlmişdir. Cavabdeh ilə aralarında heç bir ədavət olmasa da, cavabdehin mail ünvanına yazdığı məktublara cavabdeh cavab vermir. Cavabdehin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş, yeni şəxsiyyət vəsiqəsi almamışdır. ABŞ-da qeyri-rəsmi yamaqla, qeyrirəsmi işləyir. O da atasından miras əmlakda açıq saxlanılan payın anası İddiaçı, bacısı Maraqlı şəxs1 və onun arasında bölünməsini xahiş edir. Açıq saxlanılan payın qəbul edilməsi üçün onlar rəsmi qaydada notariat ofisinə müraciət etməmişlər. Açıq saxlanılan payı qəbul etdikdən sonra miras əmlakları satıb Cavabdeh payını ona verəcəklər. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3cü şəxs Maraqlı şəxs1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, bacısı Cavabdeh 10 ildən çoxdur ki, ABŞ-da yaşayır, sonuncu dəfə Azərbaycan Respublikasına 2018-ci ildə gəlmişdir. Cavabdeh ilə aralarında heç bir ədavət olmasa da, cavabdeh onlarla əlaqə saxlamır. O, bacısı Cavabdeh görə açıq saxlanılan payın mirası qəbul edən vərəsələr arasında bölünməsinə razıdır. Açıq saxlanılan payı qəbul etdikdən sonra miras əmlakları satıb Cavabdeh payını ona verəcəklər. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı, məhkəməyə təqdim edilmiş elektron poçt ünvanı (e-mail) üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə bildirişlərinə cavab verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. (Konstitutsiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cü maddəsinin İ, İİ, İİ, İV, Vİİ hissələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışının surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Maraqlı şəxs2 1\8 hissədə, Maraqlı şəxs1 1\8 hissədə, İddiaçı 5\8 hissədə payına dair xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X1 adına 1\8 hissədə pay açıq saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 213A saylı bağ evinə dair Maraqlı şəxs2 1\8 hissədə, Maraqlı şəxs1 1\8 hissədə, İddiaçı 5\8 hissədə payına dair xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X1 adına 1\8 hissədə pay açıq saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 66 saylı evin 77 saylı mənzilə dair Maraqlı şəxs2 1\8 hissədə, Maraqlı şəxs1 1\8 hissədə, İddiaçı 5\8 hissədə payına dair xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X1 adına 1\8 hissədə pay açıq saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli 33/4743 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə dövlət sərhədindən xx.xx.2018-ci il tarixdə çıxmışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs2 tərəfindən məhkəməyə Cavabdeh məxsus elektron poçt ünvanı (e-mail) kimi təqdim olunan ünvan üzrə yazışmalardan görünür ki, Maraqlı şəxs2 müraciətlərinə miras əmlakın qəbul və ya imtinası ilə bağlı hər hansı bir cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı və sonuncunun hazıkı iddia tələbləri üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər qismində cəlb etdiyi Maraqlı şəxs2 və Maraqlı şəxs1 miras əmlakı qəbul etdikdən sonra Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 213A saylı bağ evi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi 43A saylı evi, ünvan 1 ünvanında yerləşən miras əmlakların hər birində miras qoyan X1 adına 1\8 hissədə pay açıq saxlanılmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İddiaçı öz iddia tələbləri üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər qismində cəlb etsə də, iddia tələbində ona səlahiyyət verilmədiyi halda açıq saxlanılan paya dair tələblərinin olmadığını qeyd etdiyi qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrində payının müəyyən edilməsini, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər isə iddia tələbləri irəli sürmədən hər biri açıq saxlanılan payda öz paylarının müəyyən edilməsini xahiş edirlər. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə daha sonra müəyyən olunmuşdur ki, açıq saxlanılmış payın mirası qəbul edən vərəsələr arasında paylarına uyğun bölünməsinə dair hər hansı bir mübahisə yoxdur, Cavabdeh isə qanunla müəyyən olunmuş müddətlər ərzində miras əmlakı qəbul etməmiş, miras əmlakdan imtina etməsi barədə müraciət etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib aşağıdakı nəticəyə gəlir: Məhkəmə ilk əvvəl qeyd edir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi, bir qayda olaraq, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəblər olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Göründüyü kimi qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edildiyindən mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Cavabdeh Mülki Məcəllənin 1243.1, 1243.2, 1246, 1248-ci maddələrinə əsasən vərəsə kimi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməyə yönələn heç bir hərəkət etməmiş, bununla müddəti ötürmüşdür. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, vərəsə kimi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etmək hüququ olan cavabdehin bu hüququndan istiadə etməməsi halı mirası qəbul edən vərəsələrin mirası qəbul etmək istəməyən vərəsədən açıq saxlanılmış payın bölgüsünün aparılmasını tələb etmək hüquqları olmadığından, mirası qəbul edən və açıq saxlanılan payın bölgüsü ilə bağlı aralarında mübahisə olmayan vərəsələrin həmin paya dair müvafiq şəhadətnamənin verilməsi üçün səlahiyyəti notariat orqanlarına müraciət etmək hüquqları olduğundan iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 213A saylı bağ evi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi 43A saylı ev və ünvan 1 ünvanında yerləşən əmlaklar üzrə açıq qalan payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməsinə və onların arasında paylarına mütənasib sürətdə bölüşdürülməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar