Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3708/2022 17.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 480 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30 manat məbəğində dövlət rüsumu, 0,4 manat xidmət haqqı, ümumilikdə 510,4 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 mart 2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “Vaz 21144” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Toyota Corolla” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi rayonu DYPŞ tərəfindən tərtib olunmuş 11 aprel 2022-ci il tarixli qərarla “Vaz 21144” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələrində (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 480 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və AS220784 saylı 14 aprel 2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 480 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21144” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r; 07 yanvar 2022-ci il tarixli, PME********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Vaz 21144” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat həcmində, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə isə 50.000 manat həcmində “Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığorta edilmişdir. Müqavilənin qüvvədən düşmə tarixi 12 yanvar 2023-cü il, sığorta təminatının müddəti 12 ay müəyyən edilmişdir; Bakı rayon DYPŞ tərəfindən tərtib edilmiş 11 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 20 mart 2022-ci il tarixdə Binəqədi yolunda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə); Bakı rayon DYPŞ tərəfindən qəbul edilmiş 11 aprel 2022-ci il tarixli elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə tətbiq edilmişdir; 31 mart 2022-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, “Toyota Corolla” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər - cəmi 480 manat məbləğində müəyyən edilmişdir; 15 aprel 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 14 aprel 2022-ci il tarixli sığorta ödənişi aktına əsasən 480 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 12 aprel 2022-ci il tarixli məktubdan görünür ki, ondan 20 mart 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobili idarəetmə hüququ (etibarnamə) olmadan idarə etdiyinə görə zərərçəkənə ödəniləcək sığorta ödənişinin geri alınacağı bildirilmişdir. Həmçinində bununla bağlı təklifini 3 iş günü müddətində onlara yazılı şəkildə təqdim edə biləcəyi bildirilmişdir; 13 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə işin hallarından müəyyən edildi ki, 20 mart 2022-ci il tarixdə cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə olmadan olan “Vaz 21144” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Corolla” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 480 manat məbləğində zərər dəymiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən hesab edirəm ki, baş vermiş yol-nəqliyyat hadisəsinda iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı iddia tələbi əsaslıdır və ona görə də, cavabdehdən 480 manat məbləğində sığorta ödənişinin əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda iddiaçı tərəfindən tələb edilən məhkəmə xərcləri - 30 manat məbəğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ilə bağlı isə hesab edirəm ki, iddiaçının iddianın qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, bu tələb digər hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş məlumatlardan iddiaçıdan 0,4 manat məbləğində xidmət haqqının tutulması əks olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 480 (dörd yüz səksən) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-3708/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3708/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver