Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3803/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı təsisçisi və nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, iddiaçı – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh – Cavabdeh qarşı “alqı-satqı müqaviləsindən irəli gələn mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) ilə Cavabdeh arasında “Euro” modelli su təmizləmə aparatı və onun ayrılmaz tərkib hissələri olan aksessuarların nisyə-alqı satqısı haqqında xx.xx.2025-ci il tarixli Daşınar Əmlakın Alqı-Satqı Müqaviləsi rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 590 manat, ilkin ödəniş 50 manat olmaqla qalıq borcun ödənilməsi 9 ay müddətində hər ayın 14-ü 60 manat olmaqla müəyyən edilmişdir.
2. İddiaçı MMC Cavabdeh öz xeyrinə alqı-satqı müqaviləsi üzrə 540 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 570 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli Daşınar əmlakın alqı-satqı müqaviləsinə əsasən, 590 manat dəyərində Euro modelli Su təmizləmə aparatı və onun ayrılmaz tərkib hissələri olan aksessuarlar satılmışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilə bağlanılarkən alıcı 50 manat məbləğində ilkin ödəniş həyata keçirir. Qalan 540 manat hər ay 60 manat olmaqla, 9 ay ərzində, hər ayın 14-də ödənilir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri tam şəkildə icra edilməmişdir. Hazırda müqavilə üzrə cavabdehin 540 manat borcu var. Cavabdehdən pretenziya qaydasında qalan məbləğin tələb edilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən maddi zərərə məruz qalmışdır. Belə ki, iddiaçıya həm müqavilə üzrə 540 manat, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu ödənilməlidir.
Cavabdehin etirazları:
4. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə yazılı etiraz təqdim etmiş və etiraz ərizəsində İddiaçı MMC-nin əşyanı ona ilkin ödəniş 50 manat olmaqla 3 ay ərzində hər ay 50 manat ödəmək şərti ilə satdığını qeyd etmiş və daha sonra əlavə etmişdir ki, o, məhsulun qiyməti 200 manat olduğu üçün götürmüşdür. İddiaçının 590 manat ümumi dəyəri olan məhsulun dəyərini tələb etməsini qəbul etmir.
Tərəflərin izahatları:
5. İddiaçının nümayəndəsi və təsisçisi X6 məhkəmə iclasında Cavabdeh daxili kredit ilə 590 manat dəyərində su filtiri satdıqlarını, cavabdehin ilkin olaraq 50 manat ödəniş etdiyini, lakin yerdə qalan 540 manat məbləği ödəmədiyini, bununla bağlı qarşı tərəfin telefon zənglərinə cavab vermədiyini, quraşdırma apardıqları ünvana getdikdə isə həmin ünvandakı evin kirayə olduğunu gördüklərini, mağazadan alınan aparatla bağlı məsələnin də başqa məhkəmənin icraatında olduğunu qeyd edərək iddia tələbini müdafiə etdiyini bildirmişdir.
6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında dostu İlhamın öz evinə su filtiri qoşdurduğunu gördüyünü, bu zaman şirkət işçisinə onun da filtir qoşdurmaq istədiyini bildirdiyini qeyd etmiş, şirkətin işçisinin də əgər iki nəfər olsanız bu halda endirim olacağını, belə ki, ilkin 50 manat ödəməklə 3 ay müddətində 150 manat ödəniş etməli olacağını dediyini məhkəməyə bildirmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, o, filtiri 8ci mikrorayondakı dükandan almışdır. Yerdə qalan 150 manatı isə ödəyə bilməmişdir. Cavabdeh eləcə də alqı-satqı zamanı ondan ailə üzvləri ilə bağlı məlumat istəmədiklərini, əvvəlki ünvanının İİ Mədən, Korpus 74, ev 301 olduğunu indi isə ev 301-dən 300-ə köçdüyünü, mağazadkı satıcının qadın olduğunu, aparatı 4 aydır ki aldığını, aparatı hazırda geri qaytara biləcəyini, məhkəmə iclasındakı şahid X2 ona tanış gəlmədiyini, şahid X1 dedikləri ilə 590 manat məbləğ qismi istisna olmaqla razı olduğunu qeyd edərək iddianı 150 manata münasibətdə qəbul etdiyini bildirmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli daşınar əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, tərəflər arasında əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin 2.5-ci bəndində əşyanın ümumi dəyəri 590 manat, ilkin ödəniş 50 manat olmaqla qalıq 540 manat borcun ödənilməsi 9 ay müddətində hər ayın 14-ü 60 manat olmaqla müəyyən edilmişdir.
9. İş materiallarında olan pretenziya məktubundan müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən qalan 540 manat borc məbləğinin 5 gün ərzində ödənilməsi, əks təqdirdə həmin məbləğin alınması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.
10. İddiaçı tərəfindən məhkəməyə şahid qismində dəvət edilmiş X5 məhkəmə iclasında çıxış edərək Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinin onun tərəfindən hazırlandığını, 2023-cü ildən bəri həmin mağazada işlədiyini, o məzuniyyətə çıxarkən mağazanın müvəqqəti fəaliyyət göstərmədiyini, cavabdehin onun yanında müqaviləni imzaladığını, filtirin qiyməti haqqında məlumatı olmadığını bildirmişdir.
11. İddiaçı tərəfindən məhkəməyə şahid qismində dəvət edilmiş X3 məhkəmə iclasında çıxış edərək cavabdehi qohumunun evində su filtiri quraşdırarkən gördüyünü, onun həmin su filtirindən Naxçıvan Muxtar Respublikasındakı evə quraşdırmaq istədiyini, şirkətin buna razı olmadığını, lakin özünün zamin duraraq razılıq verdiyini, cavabdehlə bağlı hər-hansı ədavətinin olmadığını, sonuncunun votsap vasitəsilə ona şəxsiyyət vəsiqəsinin şəklini göndərdiyini, eyni zamanda 590 manat məbləğlə razılaşdığını, cavabdehin aparatı götürəndən sonra telefona cavab vermədiyini, şirkət tərəfindən quraşdırılma edilmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır.
15. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
16. İşin mübahisəsiz hallarından, eləcə də tərəflərin izahatlarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilədə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
17. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
18. Məhkəmə ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh özü də müqavilədə nəzərdə tutulmuş malı aldığını və bununla bağlı mübahisə olmadığını, mübahisənin qalıq borc məbləğinə münasibətdə olduğunu etiraf edir. Cavabdeh həmçinin iddia tələbini qismən – 150 manat hissəsində etiraf edir. Lakin buna baxmayaraq cavabdeh müqavilə üzrə satılmış malın dəyərinin 590 manat deyil, 200 manat olduğunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, nə qədər ki, tərəflər arasında yazılı müqavilə bağlanmışdır və həmin müqavilə hazırki mübahisəyə baxıldığı müddətdə qüvvədədir, o halda həmin müqavilədə razılaşdırılmış qiymətin fərqli olduğunu sübut etmək yükü bunu iddia edən tərəfin, indiki halda cavabdehin üzərinə düşür. Lakin cavabdeh müqavilədə razılaşdırılmış malın qiymətinin həmin məbləğ deyil, başqa məbləğ olduğunu təsdiq edən halları məhkəməyə təqdim edə bilməmişdir. Şərh edilən hallara əsasən məhkəmə cavabdehin etirazını əsassız hesab edir.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmaqla 540 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).
21. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
22. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 540 manat məbləğində borc və iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
23. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. xx.xx.2025-ci il tarixli Müqaviləyə əsasən 540 (beş yüz qırx) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh ndan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündın 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev