Məhkəmə qərarları › İş №e-2(001)-3811/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3811/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3811/2025 16.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 03 dekabr 2024-ci il tarixli razılaşmaya əsasən cavabdeh tərəfindən alınmış malların ödənilməyən hissəsi olaraq 3816 manat məbləğində borcun və məhkəməyə ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili X1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin baxış iclasının onların iştirakı olmadan keçirilməklə, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh da öz növbəsində məhkəməyə ərizə təqdim edərək, məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməklə, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 ilə Cavabdeh arasında 23 iyun 2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Geri qaytarılan məhsullar üzrə: - 3596 manat dəyərində məhsul cavabdeh tərəfindən geri qaytarılır; - 220 manat məbləğ cavabdeh tərəfindən geri qaytarılma nəticəsində yaranan fərq iddiaçıya ödənilir;

2. İddiaçı cavabdehə daxili faizsiz kredit xətti üzrə 3180 manat məbləğində yeni məhsulun 12 (on iki) aylıq müddətinə satışını həyata keçirir;

3. İlkin olaraq cavabdeh tərəfindən alınan məhsullar geri qaytarılan zaman 220 manat məbləğində borc öhdəliyi icra olunduqdan sonra yeni məhsulların satışı rəsmiləşdirilir.

4. Geri qaytarılan və yeni alınan məhsulların siyahısı barışıq sazişinə əlavə olunur.

5. Barışıq sazişinin bağlanması ilə bağlı Mülki Prosessual Məcəllənin 261-ci maddələrinin tələbləri tərəflərə məlumdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu sazişlə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar