Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3815/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi) X1 Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının pozulması nəticəsində onunla Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqısına dair BL672470 saylı müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi və həmin müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış borcun ondan tələb edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 2953 manat olan “Samsung G998 256 GB Silver” markalı mobil telefonun nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilə imzalandıqdan və cavabdeh tərəfindən telefon avadanlığı iddiaçıya təhvil verildikdən sonra iddiaçı tərəfindən telefon istifadə edilən zaman müəyyən olunmuşdur ki, telefonda qüsurlar mövcuddur. Belə ki, istifadə zamanı telefonun ekranı ağarmış və həmin ağ rəngli qüsurlar telefonun ekranında qalmağa davam etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İnşaatçılar filialına müraciət edilmiş, telefonda mövcud olan qüsurlar bildirilmiş, buna uyğun olaraq iddiaçıya bildirilmişdir ki, telefon yoxlanması məqsədilə servisə təhvil verilməli, servisdə yoxlamalar aparıldlqdan sonra qüsurlar zavod qüsurudursa, yenisi ilə əvəzlənəcəyini və ya başqa model təklif ediləcəyi qeyd edilmişdir. Telefonun servisdə olduğu müddətdə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində ödəniş etmişdir. İlkin təhvil zamanı iddiaçıya bildirilmişdir ki, servisə qiymətləndirmə aparılması üçün onun tərəfindən ödəniş edilməlidir. Cavabdeh MMC-nin baş ofisində ərizələr yazmağına baxmayaraq iddiaçının problemi həll edilməmiş olaraq qalmış, nəticədə iddiaçı kredit tarixçəsinin korlanmaması məqsədilə yenidən ödəniş etmiş və buna uyğun olaraq xx.xx.2022-ci il tarixdə yeni əlavə 1 imzalanmaqla müqavilənin qüvvədə olma müddəti 24 ay, aylıq ödəniş məbləği isə 109 manat olaraq müəyyən edilmişdir. Cavabdehin əməkdaşlıq etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli texniki rəyində bildirilmişdir ki, qüsurlar iddiaçı tərəfindən həyata keçirilmişdir və ödənişli xidmət göstərilmişdir. Bir müddət sonra iddiaçıya cavabdeh tərəfindən telefon vasitəsilə bildiriş göndərilmişdir ki, borcu mövcuddur. Bundan sonra iddiaçı tərəfindən yenidən cavabdehin Baş Ofisinə şikayət edilmiş, əvvəlcə servis xidməti tərəfindən telefon təmirə qəbul edilməsə də sonradan edilmiş şikayətlər nəticəsində 2022-ci ilin iyul ayında təhvil-təslim aktı əsasında telefon avadanlığı yenidən cavabdehə təqdim edilmiş, lakin ondan sonrakı müddətdə cavabdeh tərəfindən həmin telefon vasitəsi heç bir halda geri qaytarılmamışdır. Cavabdeh qurumun əməkdaşları tərəfindən iddiaçıya bildirilmişdir ki, telefondakı qüsurların zavod qüsuru olmasını müəyyən etmək üçün servis tərəfindən qiymətləndirilmə aparılmalıdır ki, həmin qiymətləndirmənin aparılması üçün 600 manat məbləğində ödəniş həyata keçirilməli və bu qüsur iddiaçı tərəfindən edildiyi üçün onun tərəfindən ödəniş edilməlidir. Telefon rəsmi qaydada cavabdehə təqdim edildiyindən və keçən müddət ərzində cavabdeh tərəfindən təmir edilmədən və ya yenisi ilə dəyişdirilmədən iddiaçıya qaytarılmamasına baxmayaraq hazırda cavabdeh tərəfindən borc məbləği iddiaçıdan tələb edilməkdədir. Faktiki olaraq cavabdeh qurum tərəfindən “Baku Service Company“ MMC tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli texniki rəy iddiaçıya sonradan təqdim edilsə də həmin rəyin həqiqi olmağı şübhə doğurur. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddia ərizəsinə qarşı etiraz:
3. Cavabdeh MMC məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixde aldığı mobil telefonun ekranında sol yuxarı hissəsində yaranan ağ rəngli ləkə formasında olan qüsurla bağlı servis xidməti fəaliyyəti göstərən "X3" MMC-yə müraciət etmişdir. Mütəxəssis tərəfindən cihaz müayinə edilərək və texniki baxış keçirilərək müəyyən edilmişdir ki, mexaniki təsir nəticəsində telefonun ekranı sıradan çıxmışdır. İddiaçı telefonu servis xidmətindən götürdükdən, yəni qeyd olunan qüsurun kənar müdaxilədən yarandığı barədə məlumatı olduqdan sonra iddiaçının müraciəti əsasında aylıq ödənişlərin aşağı məbləğə azaldılaraq, ödəniş müddətinin uzadılması məqsədilə xx.xx.2022-ci il tarixdən 1 saylı əlavə müqavilə bağlayaraq hər ayın 12-dən gec olmamaqla 24 ay müddətində 109 manat, sonuncu ay isə 106 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin iddiaçı razılaşmada nəzərdə tutulmuş aylıq ödənişləri ödəməmişdir. İddiaçı tərəfindən ekranı yararsız vəziyyətə salınan mobil telefonu servis mərkəzinə yenidən təqdim edilmiş, servis mərkəzi tərəfindən bu telefonla bağlı rəy verildiyini və iddiaçının telefonu geri götürməsi bildirilsə də iddiaçı geri götürməyəcəyini qeyd etmişdir. Bundan sonra müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə iddiaçıya yazılı və şifahi qaydada müraciət olunmasına baxmayaraq, iddiaçı yararsız vəziyyətə saldığı telefonu geri götürməyəcəyini və ödənişləri də aparmayacağını bildirmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı mobil telefon aldıqdan bir müddət sonra telefonda nasazlıq yaranmış və o bununla bağlı cavabdeh tərəfə müraciət etmiş, onlar isə iddiaçını "xxxx" MMC-yə yönəltmişlər. Telefon servisdə olduğu müddət ərzində iddiaçı 2 dəfə aylıq ödəniş etmişdir. Lakin sonradan iddiaçıya bildirilib ki, telefonun təmiri üçün 600 manat ödəniş lazımdır və telefonda olan qüsur iddiaçının təqsiri ucbatından yarandığına görə həmin ödənişi iddiaçı etməlidir. Bundan sonra tərəflər arasında narazıçılıq başlamış, iddiaçı qüsurun onun deyil, məhz istehsalçı tərəfin qüsuru olduğunu bildirirək ödənişi dayandırmışdır. Bir müddət cavabdeh tərəfindən iddiaçıya ödənişlə bağlı heç bir xəbərdarlıq gəlməsə də sonra Notariat orqanı tərəfindən icra qeydi verilmişdir. Təbii ki, həmin qeyd tərəflərindən mübahisələndirilmiş və məhkəmə qətnaməsinə əsasən icra qeydi ləğv edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilənlərə əsasən peşman haqqını tətbiq etməklə tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi və həmin müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış borcun iddiaçıdan tələb edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 həm yazılı qaydada, həm də şifahi qaydada iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf olaraq iddia tələbini qəbul etmirlər. Belə ki, iş materiallarına əlavə edilmiş texniki rəydən də görünür ki, qüsur iddiaçının təqsiri ucbatından yaranıb. İddiaçı iki ilə yaxındır telefonu servisə vermiş və geri götürməmişdir. Hazırda isə əsassız olaraq iddia qaldırmışdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Mülki işin materialları:
7. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BL672470 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı qiyməti 2953 manat olan “Samsung G998 256GB” markalı telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib dəyərini (18 ay müddətində, aylıq 165 manat olmaqla) alıcıya ödəməyi öhdəsinə götürmüşdür.
8. xx.xx.2022-ci il tarixli BL672470R01 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən İddiaçı hər ay 109 manat olmaqla 24 ay müddətində 2613 manat pulu satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
9. xx.xx.2022-ci il tarixli texniki rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" MMC-yə “Samsung G998 256 GB Silver” markalı mobil telefonda yaranmış qüsurla bağlı müraciət etmiş və mütəxəssis tərəfindən cihaz müayinə edilərək və texniki baxış keçirilərək müəyyən edilmişdir ki, mexaniki təsir nəticəsində telefonun ekranı sıradan çıxmışdır. Həmçinin rəydə istifadəçi tərəfindən istismar qaydalarının pozulması nəticəsində yaranan qusurlara istehsalçı tərəfindən zəmanət verilmədiyi, ödənişli xidmət göstərilə biləcəklərini bildirilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1610/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC və Bakı şəhəri 42 saylı Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, 42 saylı Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 8i-3633 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
14. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
15. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.
16. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
17. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
18. 450.3. Kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etməsi, habelə peşman haqqı kimi müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi borclunu öhdəliyin naturada icrasından azad edir.
19. 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqıverilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər.
20. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
22. 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
23. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.
Azərbaycan Respublikası MPM-nin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəflərin izahatlarını nəzərə alıb, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
29. Müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 2953 manat olan “Samsung G998 256 GB Silver” markalı mobil telefonun nisyə alqı-satqısına dair müqavilə bağlanmış, cavabdeh tərəfindən müqavilədə qeyd olunan mobil telefon iddiaçıya təhvil verilmiş, sonradan telefonda yaranmış qüsurlara görə iddiaçı həmin cavabdehə yazılı və şifahi müraciətlər etmiş, xx.xx.2022-ci il tarixdə telefonu servis mərkəzinə təhvil vermiş, bu müddət ərzində iki dəfə aylıq ödəniş etmiş, telefonda olan qüsurlar aradan qaldırılmamış, bu müddət ərzində iddiaçı cavabdehin baş ofisinə şikayət etmiş, iddiaçıdan qiymətləndirilmə üçün ödəniş istənilmiş, bir müddət telefon cavabdehdə olmuş, sonra iddiaçıya qaytarılmışdır ki, qüsurlar zavod qüsuru deyil, iddiaçı tərəfindən yaranmışdır. Sonradan iddiaçıdan ödəniş tələb olunmuş, o, cavabdehin Baş ofisinə etdiyi şikayətlər nəticəsində telefon 2022-ci ilin iyul ayında iddiaçıdan təhvil alınmışdır, indiyədək telefon cavabdehdədir.
30. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1610/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC və Bakı şəhəri 42 saylı Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, 42 saylı Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 8i-3633 saylı xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, müqavilə imzalandıqdan və cavabdeh tərəfindən telefon avadanlığı iddiaçıya təhvil verildikdən sonra iddiaçı tərəfindən telefon istifadə edilən zaman müəyyən olunmuşdur ki, telefonda qüsurlar mövcuddur, telefonun istifadəsi zamanı telefonun ekranı ağarmış və sonradan həmin ağ rəngli qüsurlar telefonun ekranında qalmağa davam etmişdir. İddiaçı bu barədə dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır.
31. İş materiallarında olan xx.xx.2022-ci il tarixli (hazırlanma tarixi xx.xx.2013-cü il tarix qeyd olunub) texniki rəydən görünür ki, telefonda mexaniki təsir nəticəsində ekranda ləkə yarandığı müşahidə edilib, zəmanətsiz qəbul edilib, ətraflı diaqnostikaya saxlanılıb. Mütəxəssis tərəfindən cihaz müayinə edilib və texniki baxış keçirilib. Müəyyən edilib ki, mexaniki təsir nəticəsində telefonun ekranı sıradan çıxıb. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə ünvanlanmış ərizədən görünür ki, o, həmin rəydən narazıdır.
32. Cavabdeh tərəfin etirazından da məlum olur ki, qeyd edilən telefon hazırda servis xidmətindədir, telefonun iddiaçı tərəfindən götürülməməsi onunla əsaslandırılmışdır ki, iddiaçı yararsız hala saldığı telefonun dəyərini ödəməkdən qəsdən yayınır.
33. Məhkəmə cavabdehin bu dəlilinə tənqidi yanaşır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehdən mobil telefon almış, istifadə zamanı ekranında qüsur yarandığına görə cavabdehin yönləndirdiyi servis xidmətinə müraciət etmiş, bu müddət ərzində iki dəfə ödəniş etmiş, bir dəfə müqaviləni yeniləmiş, lakin telefonda olan qüsur aradan qaldırılmamışdır. İddiaçı tərəfindən cavabdehə şifahi və yazılı müraciətlər edilmiş, lakin onun müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra iddiaçı tərəfindən 2022-ci ilin iyun ayında telefon yenidən servis xidmətinə təhvil verilmişdir və həmin vaxtdan telefon cavabdehdədir.
34. Daha sonra Bakı şəhəri 42 saylı notariat Kontorunun xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən iddiaçıdan telefonun dəyərinin cavabdehə ödənilməsi tələb olunmuşdur.
35. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1610/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC və Bakı şəhəri 42 saylı Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, 42 saylı Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 8i-3633 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilmiş, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır.
36. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X2 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
37. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X2 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
38. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilmişdir.
39. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
40. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMi-n 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
41. Azərbaycn Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
42. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.
43. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməli, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqısına dair BL672470 saylı müqavilə üzrə mövcud öhdəliyə peşman haqqı tətbiq edilməklə xitam verilməli və iddiaçı həmin müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış borcun ödənilməsindən azad edilməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanuunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
47. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqısatqısına dair BL672470 saylı müqavilə üzrə mövcud öhdəliyə peşman haqqı tətbiq edilməklə xitam verilsin. İddiaçı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqısına dair BL672470 saylı müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış borcun ödənilməsindən azad edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova