Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3857/2021 20.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Binəqədi rayonu, 3126-cı məhəllədə İddiaçı MMC-yə məxsus 1 ədəd KKS-2 tipli rabitə quyusu və 10 metr məsafədə yeraltı rabitə qurğularının üzərində cavabdeh tərəfindən inşa olunmuş qeyri-qanuni tikilinin (Kafenin) sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Telefon şəbəkəsində iri telefon operatorlardan biri olan Ultel” Məhdud Məsuliyyətli Cəmiyyəti özünün 424/436/464/465/480/489/490/496 indeksli ATS-ləri vasitəsi ilə Bakı şəhərinin Qara Şəhər, Şərq Bazarı, Gənclik, Montin, NZS və UPD qəsəbələri, Yasamal rayonunun bir hissəsi və bir sıra digər bölgələrində 50 000-ə yaxın iş və ev abunəçilərinə müasir telli telefon rabitəsi xidmətini göstərməkdədir. Belə ki, Binəqədi rayonu, 3126-cı məhəllədə İddiaçı MMC-yə məxsus 1 ədəd KKS-2 tipli rabitə quyusu və 10 metr məsafədə yeraltı kabel-kanalizasiya qurğularının üstündə cavabdeh tərəfindən qeyri-qanuni olaraq tikili (Kafe) inşa olunmuşdur. Çox saylı abunəçiləri rabitə xidmətləri ilə təmin edən rabitə qurğuları və rabitə kabelləri yeni tikilinin altında qalmışdır. Nəticədə rabitə qurğularına giriş məhdudlaşdırılmışdır və çoxlu sayda əhali, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətləri təhlükə altında qalmışdır. Bununla əlaqədar İddiaçı MMC-nin sahə rəisi, mühəndisi və Binəqədi RİH-nin X1 sahə icraçısı yerli baxış keçirərək 12.08.2020-ci il tarixində Akt tərtib etmişlər. Həmçinin kafenin işçilərinə bildirilmişdir ki, bu tikinti işləri aparmaqla içindən müxtəlif tutumlarda abunəçilərə xidmət göstərən çox sayda kabellərin keçdiyi kanalları təhlükə altında qoyur və bu da qəza vəziyyəti yarandığı zaman çox sayda ev və iş abunəçilərin rabitəsiz qalması ilə nəticələnir. Eyni zamanda müəssisə tərəfindən Hüq/633 saylı, 22.12.2020-ci il tarixli bildiriş göndərərək cavabdehdən yeraltı rabitə qurğularının mühafizə zonasındakı işlərin dayandırılması və yeraltı rabitə qurğularının üzərində inşa edilən tikilinin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılması tələb edilmişdir. Lakin cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qeyriqanuni tikintinin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılmasını təmin etməmişdir. Həmçinin Ultel” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə abunəçilər arasında bağlanmış müqavilənin şərtlərinə görə, abunəçilərə müxtəlif telekommunikasiya xidmətlərini göstəməyi və bu xidmətlərin maneəsiz və qüsursuz işləməsini təmin etməyi iddiaçı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə “Kafe” inşa edərək İddiaçı MMC-yə kabel-kanalizasiya qurğularının təhlükə altına düşməsi nəticəsində adı çəkilən ərazidə telekommunikasiya xidmətlərindən istifadə edən abunəçilərin və həmçinin cəmiyyətin hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin nümayəndələri, habelə Binəqədəi RİH-nin nümayəndəsi tərəfindən imza edilmiş 20.02.2020-ci il tarixli “Rabitə xəttinin pozuntuları haqqında” aktında, 3126-cı məhəllədə İddiaçı MMC-yə məxsus 1 ədəd kabel quyusunun və 10 metr məsafədə kabel kanalizasiya qurğularının kafenin içərisində qaldığı göstərilmiş, pozuntunu edən şəxs olan Cavabdeh isə aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 22.12.2020-ci il tarixli, Hüq/633 saylı məktubundan müəyyən olunur ki, adı çəkilən MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə İddiaçı MMC-yə məxsus 1 ədəd KKS-2 tipli rabitə quyusunun və 10 metr məsafədə yeraltı rabitə qurğularının üzərində inşa etdiyi qeyri-qanuni tikilinin (Kafenin) 3 (üç) gün ərzində sökülməsi və rabitə qurğularının mühafizə zonasının boşaldılmasının təmin edilməsi Cavabdeh xahiş edilmiş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli 10/3697 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə yerləşən tikilinin İddiaçı MMC-yə məxsus KKS-2 tipli rabitə quyusunun üzərində inşa edildiyini nəzərə alaraq, həmin tikilinin “Telekomunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə qaydaları”nın 2.1.1-ci bəndinin tələblərinə əsasən, telekmommunikasiya qurğularının mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Təqdim edilmiş mülki iş materiallarında mübahisə predmeti olan tikili ilə bağlı hər hansı hüquqmüəyyənedici və texniki sənədlər olmadığından həmin tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2.-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı Qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 1.2 bəndindən göründüyü kimi, bu Qaydalar telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mülkiyyət formasından, fəaliyyət yerindən asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qaydaların 1.3-cü bəndinə görə, telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operator və provayderləri ümumi istifadədə və istismarda olan telekommunikasiya vasitə və qurğularının qorunmasını bu Qaydalara uyğun həyata keçirirlər. Həmin Qaydaların 1.4-cü bəndinə görə, telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına aşağıdakılar aid edilir: yeraltı, hava və sualtı kabel rabitə xətləri; məftilli rabitə xətləri; radiorele xətləri və stansiyaları; yerüstü peyk stansiyaları; GSM, CDMA və digər müasir standartlı mobil şəbəkələrin stansiyaları; kabel xətlərinin yerüstü və yeraltı qurğuları, xidmət olunmayan gücləndirici məntəqə (bundan sonra - XQGM), kabel köşkləri və şkafları, yeraltı kabel xətlərini göstərən nişanlayıcı dirəklər və s.; telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis-texniki qurğular. Həmin Qaydaların 2 bəndindən göründüyü kimi, 2.1. telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə aşağıdakı mühafizə zonaları müəyyən edilir: 2.1.1. yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla); 2.1.2. kabel rabitə xidmətlərində yeraltı və yerüstü xidmət olunmayan gücləndirici və regenerasiya məntəqələrinin divarlarının xaricindən ən azı 3 metr və torpaqlanma dövrəsindən ən azı 2 metr məsafədə torpaq sahəsi; 2.1.3. dənizaltı kabel rabitə xətləri boyunca suyun üst səthindən onun dibinə qədər olan məsafədə, paralel müstəvilər arasında, kənar kabeldən hər tərəfə 0,25 mil (460 metr) su sahəsi; 2.1.4. çay, göl, su hövzələri və kanallarından keçən kabel rabitə xətlərindən hər iki tərəfə 100 metr məsafədə su sahəsi; 2.1.5. daş, çınqıl və s. tikinti materialları götürülən çaylardan keçən yeraltı rabitə kabelindən çayın mənbəyi istiqamətində 100 metr, mənsəbi istiqamətində 300 metr məsafə; 2.1.6. meşə massivlərindən və yaşıllıqlardan keçən yeraltı kabel rabitə xətləri üçün keçid mühafizə zonası kabellərin hər iki tərəfindən paralel olaraq ən azı 2 metr məsafədə torpaq sahəsi, hava xətləri üçün isə yan naqillərə paralel olaraq hər iki tərəfdən ən azı 3 metr məsafədə torpaq sahəsi; 2.1.7. qüllələrin (H>30 m), dayaqların (H<30 m) və parabolik antenaların, hündürlüyünün 20% ölçüsü də əlavə olunmaqla, mühafizə zonası; 2.1.8. peyk stansiyasının yerləşdiyi yerdən 1,5-2 km radiusda mühafizə zonası; 2.1.9. radiorele avadanlıqlarının istismarı üçün tələb olunan birbaşa görünüş təmin edilməklə, radiorele xəttindən 6-10 metr radiusda mühafizə zonası; 2.1.10. izolyasiyası olmayan fider xətləri üçün fider xətlərində olan gərginlik və güc nəzərə alınmaqla, 80-100 metr mühafizə zonası. Həmin Qaydaların 5.1-cü bəndinə görə, telekommunikasiya operatorlarının texniki işçiləri həmin operatorlara məxsus telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarına 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işləri aparmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Respublikanın bütün məhkəmələrinə göndərdiyi 8-2/2015 saylı 24.02.2015-ci il tarixli məktubunda qeyd edilir ki, “Mülki Məcəllənin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur”. Şərh edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə yerləşən tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına aparılmış, o cümlədən həmin özbaşına tikili tikilərkən İddiaçı MMC-yə məxsus 1 ədəd KKS-2 tipli rabitə quyusu və 10 metr məsafədə yeraltı rabitə qurğuları həmin özbaşına tikilinin altında qalmışdır. Qeyd olunan özbaşına tikili iddiaçının ona məxsus telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarına maneəsiz daxil olmaq və təmir işləri aparmaq imkanlarını məhdudlaşdırmışdır. Belə olan halda İddiaçı “Bakı şəhəri,Binəqədi rayonu, 3126-cı məhəllədə cəmiyyətə məxsus 1 ədəd KKS-2 tipli rabitə quyusu və 10 metr məsafədə yeraltı rabitə qurğularının üzərində cavabdeh tərəfindən inşa olunmuş qeyri-qanuni tikilinin sökülməsi” tələbini irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Verdiyev X5 rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh məcburi köçkün olduğundan, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat İddiaçı MMC-dən alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllədə İddiaçı MMC-yə məxsus KKS-2 tipli rabitə quyusunun üzərində Cavabdeh tərəfindən inşa olunmuş qeyri-qanuni tikili (Kafe) Cavabdeh hesabına sökülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat İddiaçı MMC-dən alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçülürsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3857/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3857/2021
20.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver