Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3910/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Katib Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 725,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, M.Abbasov küçəsi ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz Commercial” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilən TP5153362 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Chevrolet Cruze” markalı, **-TO-***dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 725,00 manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA115385/22 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 725,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir
Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən PXA115385 saylı sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixində M.Abbasov küçəsi ünvanında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “Mercedes Commerical 0303” markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobilə dəymiş zərər məbləği 725 manat müəyyən edilmişdir.
6. “Auto Box” Avtomobil Servisi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 2559 saylı qiymətləndirmə aktı ilə “Chevrolet Cruze” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 725 manat məbləğində dəyərləndirilmişdir.
7. xx.xx.2025-ci il tarixli kart hesabından çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 999egfb222380538 saylı hesaba 725 manat ödəniş edilmişdir.
8. PXA********** saylı icbari sığorta müqaviləsindən görünür ki, “Mercedes Commerical 0303” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün 5000 manat və bir hadisə üzrə 50000 manat məbləğində, AVSMMİS növündə sığorta edilmişdir. Müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2021-ci il, qüvvədən düşmə tarixi xx.xx.2022-ci il olaraq göstərilmişdir.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerindən yayındığına görə 725 manat məbləğində sığorta ödənişinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməsi təklif edilmiş, əks təqdirdə məbləğin məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətdiyindən - yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün hadisə yerindən yayınmasına görə barəsində 100 manat məbləğində cərimə tətbiq olunması qərara alınmışdır.
11. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışdan görünür ki, Cavabdeh avtomobilin mülkiyyətçisidir.
12. "xxxx" MMC tərəfindən verilən 0290 saylı, xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, “Chevrolet Cruze” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 504 manat hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır.
13. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. xx.xx.2022-ci il tarixdə M.Abbasov küçəsi ünvanında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Mercedes Commerical 0303” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Auto Box” Avtomobil Servisi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 2559 saylı qiymətləndirmə aktı ilə “Chevrolet Cruze” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 725 manat məbləğində dəyərləndirilmişdir.
15. “Mercedes Commerical 0303” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla idarə edən Cavabdeh inzibati xəta törətdikdən sonra hadisə yerindən yayındığından, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə, 100 manat cərimə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan sığorta aktı ilə vurulmuş zərərin və buna müvafiq olaraq ödəniləcək ödənişin miqdarı 725 manat müəyyən edilmiş və həmin məbləğ zərərçəkən avtomobilin sığorta şirkətinin hesabına köçürülmüşdür.
16. Hazırda sığortaçı faydalanan şəxsə ödəmiş olduğu məbləği, hadisə yerindən yayındığına görə sığortalıdan subroqasiya qaydasında tələb edir.
17. Cavabdeh isə tələb edilən məbləğ ilə razılaşmadığından məhkəmə tərəfindən mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən verilən rəyə görə “Chevrolet Cruze” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 504 manat müəyyən edilmişdir.
Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
19. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
20. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
22. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
23. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
24. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;
25. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
27. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
28. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
29. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin yol nəqliyyat hadisəsi zamanı təqsiri və onun hadisə yerindən yayınması TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli saylı qərarı ilə təsdiq edildiyindən, sığorta şirkəti tərəfindən zərərçəkənə ödəniş etməsi təqdim edilən ödəniş tapşırığı ilə sübut olunduğundan iddiaçının subroqasiya tələbi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbi baxımından əsaslıdır.
30. Lakin məhkəmə hesab edir ki, iddia tələbi tələb edilən məbləğə münasibətdə qismən təmin edilməlidir. Belə ki, məhkəmə mübahisəsi dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsindən “Chevrolet Cruze” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 504 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə ekspert (mütəxəssis) rəyinə mötəbər sübut kimi qiymət verərək hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında 504 manat məbləğində pul vəsaiti tutulmalıdır.
Tətbiq edilən prosessual normalar:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
35. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 504 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Mütəxəssisə ödənilməli olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 manat məbləğində hissəsi Cavabdeh, 100 manat məbləğində hissəsi isə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********) ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 504 (beş yüz dörd) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssisə ödənilməli olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 manat məbləğində hissəsi Cavabdeh, 100 manat məbləğində hissəsi isə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova