Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3920/2023 28.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 114,4 AZN əsas 17,1 AZN cərimə cəmi 131,5 AZN borc, xx.xx.2022-ci il tarixli №011094421 saylı müddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə 489,4 AZN əsas 73,4 AZN cərimə cəmi 562,8 AZN borc ümumilikdə iki müqavilə üzrə 603,8 AZN əsas, 90,5 AZN cərimə, 694,3 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, №********** saylı nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə dəyəri 289,40 manat olan “avtomobil aksessuarı Cavabdeh 12 ay müddətinə aylıq ödəniş 25 manat olmaqla satılmışdır. Müqavilə üzrə son ödəniş 45 manat olmaqla, tarixi xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Müqavilə üzrə ödənilməmiş əsas borc məbləği 114,40 manat, gecikdirilmiş günə görə hesablanan cərimə məbləği 171,00 manat olmaqla, müştəriyə 90 % güzəşt edilməklə, 17,10 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, №********** saylı nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə dəyəri 2011,40 manat olan “Sony” markalı oyn konsolu Cavabdeh 12 ay müddətinə aylıq ödəniş 168 manat olmaqla satılmışdır. Müqavilə üzrə son ödəniş 100 manat olmaqla, tarixi xx.xx.2023-cü il olaraq müəyyən edilmişdir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Müqavilə üzrə ödənilməmiş əsas borc məbləği 489,40 manat, gecikdirilmiş günə görə hesablanan cərimə məbləği 734 manat olmaqla, müştəriyə 90 % güzəşt edilməklə, 73,40 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdeh bildirişi almasına baxmayaraq, iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 may 2022-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “Sony” oyun konsolunu qəbul etməyi və 12 ay müddətinə ayda 168 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 11 may 2022-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 11 iyun 2022-ci il sonuncu ödəniş tarixi 11 may 2023-cü il olaraq müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 11 may 2022-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 489,4 manat əsas borcu vardır. Cərimə məbləği 11 avqust 2022-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 273 gündür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2022-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş aksessuarı qəbul etməyi və 12 ay müddətinə ayda 25 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 15 mart 2022-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 15 aprel 2022-ci il sonuncu ödəniş tarixi 15 mart 2023-cü il olaraq müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 15 mart 2023-cü il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 114,4 manat əsas borcu vardır. Cərimə məbləği 15 avqust 2022-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 269 gündür. Tələbkar tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubuna əsasən cavabdehdən alğı-satqı müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında, 11 may 2022-ci il tarixli ********* saylı və 15 mart 2022-ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilə predmeti olan əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh iddiaya dair bildirişi almasına baxmayaraq, iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə 11 may 2022-ci il tarixli ********* saylı alğı-satqı müqaviləsi üzrə cavabdehdən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. İşin hallarından göründüyü kimi iddiaçı 11 may 2022-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə 489,4 manat əsas borca görə 73,4 manat cərimə məbləği hesablamış və hazırda həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Odur ki, məhkəmə qeyd edilən müqavilə üzrə cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən 11 may 2022-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 48 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 mart 2022-ci il tarixli ********** saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 114,4 manat, cərimə borcuna görə 17,1 manat, 11 may 2022-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 489,4 manat, cərimə borcuna görə 48 manat olmaqla, ümumilikdə 668,9 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 mart 2022-ci il tarixli ********** saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 114,4 manat, cərimə borcuna görə 17,1 manat, 11 may 2022-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 489,4 manat, cərimə borcuna görə 48 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 668,9 (altı yüz altmış səkkiz manat, doxsan qəpik) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-3920/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3920/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver