Məhkəmə qərarları › İş №e-2(001)-3936/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-3936/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3936/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2690 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1920 manat əsas borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı tərəf hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 8MKK6337843 saylı borc müqaviləsinə əsasən 1920 manat əsas borc və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1960 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421 və 425.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh xx.xx.2023-cü il tarixli, 8MKK6337843 saylı borc müqaviləsinə əsasən 1920 manat əsas borcun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1960 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakları olmadan qiyabi icraat qaydasında baxılaraq, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 8MKK6337843 saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin olaraq 290 manat ödəmək şərti ilə, 15 ay müddətinə, hər ay 160 manat ödəmək şərti ilə, dəyəri 2690 manat olan məişət avadanlığı satılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 8MKK6337843 saylı müqaviləyə əsasən ödənilməmiş 1920 manat əsas borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 18 aprel 2025-ci il tarixli pretenziyadan məlum olur ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan müqavilə borc müqaviləsi adlandırılsa da, müqavilənin şərtlərindən müəyyən olunur ki, faktiki olaraq tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 8MKK6337843 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən müqavilə üzrə 1920 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 8MKK6337843 saylı müqavilə üzrə 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaiti və 40 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni rəsmi qaydada qəbul etdiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar