Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4008/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə RSK5722422 saylı müqavilə üzrə 946 manat əsas borc, 284 manat faiz borcu, 33 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.263 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 18 may 2019-cu il tarixində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 18 may 2019-cu il tarixli RSK5722422 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1.092 manat olan 2 ədəd “Samsung Galaxv A20" markalı telefon almış, ilkin ödəniş olaraq 60 manat ödəniş etmiş, nəticədə 1.032 manat borc yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə sonuncu dəfə 28 iyun 2019-cu il tarixdə 86 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyi yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 1.092 manat olan 2 ədəd “Samsung Galaxy A20" markalı telefon üçün ümumilikdə 946 manat ödənilməmiş hissə, 284 manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı" tərəfindən və ya “Alıcının müvəkkil etdiyi şəxs” tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyala keçirilir: 2.4 “Alıcı", ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində “Satıcının” xeyrinə gecikmə faizi ödəyir. 3.1 Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. 4.1 Bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslara görə ərizə təmin olunmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, səhhətində ola problemlərlə əlaqədar olaraq məhkəmə baxış iclasında iştirakının mümkün olmayacağını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (Soliton mağazası) ilə Cavabdeh arasında bağlanmış 18 may 2019-cu il tarixli, RSK5722422 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.092,00 manat, ilkin ödəniş 60 manat olmaqla 2 ədəd “Samsung Galaxy A20 SM-A205” markalı məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir; 04 may 2022-ci il tarixli məktubdan görünür ki, Kərimova X1 Şirin Novruz oğluna olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 24 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 may 2019-cu il tarixli, RSK5722422 saylı müqavilə üzrə əsas borc 946 manat, faiz 284 manat olmaqla, cəmi 1.230 manat məbləğində borc hesablanmışdır. 17 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış 18 may 2019-cu il tarixli, RSK5722422 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə maliyyə arayışına əsasən ümumilikdə cavabdehə 946 manat əsas, 284 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbində 284 manat faiz borcu tələb etməsinə baxmayaraq, iddia ərizəsində həmin faiz borcunun əsaslandırmasında tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə (alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir) istinad etmişdir. Göründüyü kimi, iddiaçının faiz borcu kimi tələb etdiyi məbləğ müqavilədə nəzərdə tutulmuş cərimədir. Ona görə də məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 18 may 2019-cu il tarixli, RSK ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə cərimənin məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 may 2019-cu il tarixli, RSK5722422 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə əsas borc 946 manat, cərimə 50 manat olmaqla, cəmi 996 manat məbləğində borc Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddianın qaldırılması üçün ödədiyi 33 manat dövlət rüsumunun 27 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 18 may 2019-cu il tarixli, RSK5722422 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə əsas borc 946 (doqquz yüz qırx altı) manat, cərimə 50 (əlli) manat olmaqla, cəmi 996 (doqquz yüz doxsan altı) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-4008/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4008/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver