Məhkəmə qərarları › İş №e-2(001)-4010/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4010/2022

06.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4010/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 7.000 manat məbləğində kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 03 sentyabr 2012-ci il tarixdə nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə iki övladları – 07 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 fevral 2014-cü il təvəllüdlü X2 dünyaya gəlmişlər. Cavabdehlə aralarında bağlanmış nikah Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə cavabdehlə birgə nikahdan anadan olmuş övladlarının onun yanında saxlanılması, həmçinin həmin uşaqların saxlanması üçün ümumilikdə 200 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra cavabdeh ona qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 03 iyun 2021-ci il tarixli, 2(001)-2857/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi və onun ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya, həmçinin kassasiya şikayətləri verilsə də, şikayətləri təmin edilmədən və müvafiq qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, cavabdeh anası ilə birlikdə onların evinin qonşuluğunda anasına məxsus evdə ikisi yaşayırlar, yəni onların evində başqa bir ailə üzvü yoxdur. Həmin ev isə kifayət qədər geniş və təminatlıdır, üç otaqdan, bir mətbəx və sanitar qovşaqdan ibarət olmaqla sahəsi təxminən 65-70 kv.m. təşkil edir. Cavabdehin köçürülməsi qət edilmiş ona məxsus olan ev isə bir yataq və qonaq otağından və bir mətbəxdən ibarətdir, əlavə bir otaq mövcud olsa da, həmin otaq təmirsiz vəziyyətdə olduğundan qapısını bağlı saxlayır. O, həmin evdə cavabdehlə birgə nikahdan olan iki övladı ilə bərabər yaşayır. Əgər cavabdeh həmin mənzilə köçsə, onların münasibətləri gərgin olduğundan bu övladlarının psixilogiyasına mənfi təsir göstərəcəkdir. Onu da qeyd edir ki, o, mülki qanunvericiliyin tələbinə əsasən evin qanuni mülkiyyətçisi olmasa da, fərdi yaşayış evinin sahiblik hüququnu daşıyır. Cavabdehin ona məxsus olan evdən istifadə etməməyi və yaşamaması, hazırda anası ilə ona məxsus evdə yaşaması, cavabdehin həmin evdə yaşayış hüququnun olması mülkiyyətçi olmasa da, özbaşına tikili olan fərdi yaşayış evinin sahibi və təsərrüfatın başçısı kimi onun həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Həmçinin, cavabdehin əvəzinə kommunal haqları ödəyir. Bu isə ona maddi ziyan vurur. Həmçinin, maddi imkanının aşağı olması səbəbindən cavabdehin yerinə kommunal haqları ödədiyindən maddi vəziyyəti daha da çətinləşir. Halbuki, uşaqların saxlanması üçün onun xeyrimə tutulması qət edilmiş ümumilikdə 200 manat alimenti belə cavabdeh ödəməkdən imtian edir, bu səbəbdən hətta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Qanunun analogiyası tətbiq edilməklə müvafiq kompensasiya verməklə cavabdehin ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi qərarına gəlmişdir. Cavabdehin ona məxsus sözügedən evdən pay almaq hüququ olmasa da, o, cavabdehə evimdən müəyyən kompensasiya verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, o, ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi deyil. Bundan başqa, həmin ev tərəflərin birgə nikahı dövründə inşa edilmişdir. Odur ki, cavabdehin də həmin evə iddiaçı kimi sahiblik hüququ var. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)- 2857/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülmüş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə əldə edilmiş, evin tikilməsinə iddiaçı pul xərcləmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh ondan istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədəmüvafiqdir. İddia tələbinin iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən mənzilə yaşayış sahəsindən istifadə hüququnun tanınmasını tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini inşa etmişlər, sonradan onların nikahları məhkəmə qaydasında pozulmuş, daha sonra cavabdeh həmin evdən istifadə hüququnun tanınması və ora köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddiası qismən təmin edilmiş, yalnız həmin evə köçürülməsi qət edilmiş, evdən istifadə hüququ isə tanınmamışdır. Qeyd olunan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hüququ evin mülkiyyətçisinə məxsus olan hüquqdur. Hazırki iş üzrə ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi isə iddiaçının mülkiyyətində deyil. Odur ki, iddiaçının hazırda belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Bu hüquq iddiaçı tərəfindən həmin evə dair mülkiyyət hüququ əldə edildiyi təqdirdə (ev dövlət reyestrində qeydiyyata alındıqdan sonra) həyata keçirilə bilər. Bundan əlavə, cavabdehin həmin evdən istifadə hüququ olmadığna görə onun həmin hüququna, yəni mövcud olmayan hüquqa kompensasiya verilməklə xitam verilməsi də qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar