Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4052/2024 22.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun, yəni İddiaçı mərhum anası X7 ilə Cavabdeh arasında ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin satışına dair 28 mart 2008-ci il tarixdə 3 saylı müqavilə bağlanmışdır. Müqavilədə göstərilən öhdəliklərə əsasən Cavabdeh inşa etdiyi dəyəri 600.000 manat təşkil edən, ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Əmlakın müqavilə üzrə nəzərdə tutulan dəyəri hələ sağlığında mərhum X7 tərəfindən tam həcmdə ödənilmişdir. 1 kv.m sahəsi üçün nəzərdə tutulan 3000 manat məbləğində ödəniş, ümumilikdə 200 kv.m olmaqla 600.000 manat məbləğində pul vəsaitinin ödənilib qurtarmasına dair 02 saylı 22 sentyabr 2008-ci il tarixli maliyyə arayışı N.Quliyevaya təqdim edilmişdir. X1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Hazırda o, yəni İddiaçı X3 vərəsəsi kimi sözgüdən əmlaka dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair müraciət etmək istəyir. Lakin MTK tərəfindən verilmiş sənədlərin tam olmaması səbəbilə qeyd edilən müraciət həyata keçirilə bilmir. Belə ki, İddiaçı “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin, təqdim edilmiş sənədlər sırasında mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı olmadığından mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Bununla əlaqədar olaraq İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh MTK-ya “borcun olmaması” haqqında maliyyə arayışının, X2 çıxarışın və payın alqı-satqısı haqqında müqavilənin təsdiqlənmiş surətinin ona təqdim edilməsi barədə müraciət etdilsə də, cavabdeh tərəf həmin məktubun poçtdan götürülməsindən imtina etmişdir. Cavabdehə müvafiq məktubu poçt vasitəsilə çatdırmaq mümkün olmadığından o, əlavə müraciət qaydasında həmçinin elektron pretenziya məktubu ilə də müraciət göndərmişdir. Beləliklə, onun cavabdehə olan müraciətlərinin nəticə vermədiyini nəzərə alaraq, məhkəmə müraciəti zərurəti meydana gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, mərhum X7 ilə Cavabdeh arasında ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin satışına dair 28 mart 2008-ci il tarixdə 3 saylı müqavilənin, sözügedən mənzilə dair “borcun olmaması” haqqında maliyyə arayışının, mənzilin təhviltəslim aktının, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və sözügedən qeyri-yaşayış sahəsinin istismara qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbulu” haqqında Dövlət qəbul komissiyasının təsdiq aktının təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 691673 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 “Baş beynə MTS səbəbindən” 27 fevral 2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cahangir Quliyev, anası isə Nəzakət Quliyevadır. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş – X3 vərəsəsi İddiaçı – Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 27, mənzil 38 və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X6 verilmiş **********88-05301-093004 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 27, mənzil 37 ünvanında yerləşən yaşayış sahəsi 54 kv.m olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) ibarətdir. İş materiallarında olan X7 ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 28 mart 2008-ci il tarixli 03 saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin satışına dair müqavilə bağlanmışdır. Qeyri-yaşayış sahəsi 200 kv.m ibarətdir. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri hər kv.m üçün 3000 manat olmaqla, 600.000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı MTK-ya müraciət etmiş, müraciətində MTK ilə X7 arasında ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının giriş 1, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinə dair 3 saylı xx.xx.2008-ci il tarixli müqavilənin imzalanması, həmin müqavilə əsasında 1 kv.m sahəsi 3000 manatdan hesablanmaqla X12 tərəfindən ümumilikdə 600.000 manat pulun ödənilməsi, hal-hazırda N.Quliyevanın qeyd edilən mənzilə dair heç bir borcunun olmaması qeyd edilmişdir. Bununla yanaşı, hazırda X3 vərəsəsi olan İddiaçı mənzilə dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyatdan keçirmək istədiyini, bununla əlaqədar olaraq qeyd edilən mənzilə dair “borcun olmaması” haqqında maliyyə arayışının və X2 çıxarışın müvafiq təsdiq edilmiş surətlərini, o cümlədən, payın alqı-satqısına dair müqavilənin təsdiq edilmiş surətinin təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (Maddə 139.1) Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. (Maddə 139-1.1.6) Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. (maddə 144-1.5) Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Beləliklə iş materiallarında olan sübutlarla təsdiq edilir ki, hazırki iş üzrə İddiaçı anası X7 ilə Cavabdeh arasında ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin satışına dair 28 mart 2008-ci il tarixdə 03 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən nəzərdə tutulmuş öhdəliklər X7 tərəfindən tam şəkildə icra edilmiş, lakin N.Quliyeva 27 fevral 2014cü il tarixdə vəfat etmişdir. Bundan sonra Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasən məlum olmuşdur ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş – X3 vərəsəsi İddiaçıdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməli, X7 ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin satışına dair 28 mart 2008-ci il tarixli 03 saylı müqavilənin, sözügedən qeyri-yaşayış sahəsinə dair “borcun olmaması” barədə maliyyə arayışının, təhvil-təslim aktının, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və sözügedən qeyri-yaşayış sahəsinin istismara qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbulu” haqqında Dövlət qəbul komissiyasının təsdiq aktının təsdiq edilmiş surətlərinin təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X7 ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin satışına dair 28 mart 2008-ci il tarixli, 03 saylı müqavilənin, sözügedən qeyri-yaşayış sahəsinə dair “borcun olmaması” barədə maliyyə arayışının, təhvil-təslim aktının, mənziltikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və sözügedən qeyri-yaşayış sahəsinin istismara qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbulu” haqqında Dövlət qəbul komissiyasının təsdiq aktının təsdiq edilmiş surətlərinin təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4052/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4052/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver