Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4088/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış xx.xx.2023-cü il tarixli AZL-191 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 270,7 manat gecikdirilmiş əsas, 288,8 manat gecikdirilmiş mükafat, 329,75 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Lacetti” minik markalı, 77-AM449 dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1839,60 manat məbləğində pulun, ümumilikdə 2728,85 manat borcun və ödənilmiş 47,69 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-191 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Chevrolet Lacetti” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DNA558997 ban, qəhvəyi metallik rəngli avtomobil 26.900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 565.39 manat, ümumilikdə isə 37.573 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1839.60 manat dəyərində ziyan dəymişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 270.7 manat gecikdirilmiş əsas, 288.8 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 329.75 manat dəbbə pulu, cəmi 889.25 manat borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiası qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, nəqliyyat vasitəsini salondan almış, üzərinə müəyyən məbləğdə pul qoyduqdan sonra başqa şəxsə satmışdır. Nəqliyyat vasitəsinə heç bir ziyan vurulmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin verilmiş suala cavab olaraq bildirdi ki, qüsur aktında göstərilənlər cavabdeh tərəfindən avtomobilin lazımi qaydada istismar edilməməsi nəticəsində əmələ gəlmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Lacetti” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-191 saylı Daxili lizinq müqaviləsinə, Razılaşmaya, 1 saylı əlavəyə və 3 saylı ödəniş cədvəlinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı (“Chevrolet Lacetti” minik markalı nəqliyyat vasitəsini) müqavilənin şərtlərinə əsasən muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan Cavabdeh isə lizinq obyektini qəbul etməyi və 60 ay müddətində illik 16% həcmində mükafat hesablanmaqla müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Həmin müqavilənin 9-cu bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, həmçinin lizinq alan sürücülük hüququndan məhrum edildikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilir. Müqaviləyə 1 saylı əlavəyə əsasən, lizinq predmetinin dəyəri 26.900 manat məbləğində müəyyən edilmişdir. Razılaşmaya əsasən lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda lizinq alan 24 saat müddətində lizinq obyektini sığortalayan sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürmüş, qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti olan “Chevrolet Lacetti” minik markalı nəqliyyat vasitəsi İddiaçı tərəfindən “Lizinq Alan” Cavabdeh təhvil verilmişdir; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubuna əsasən cavabdehə daxili lizinq müqaviləsi üzrə 18.03.202-cü il il tarixə 889,25 manat borcunun və 1839,6 manat zərərin yarandığı bildirilmiş və həmin məbləğ və dəymiş zərər dərhal ödənilmədiyi təqdirdə, daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borc barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli AZL-191 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 270,7 manat, mükafat borcu 288,8 manat, cərimə 329,75 manat, cəmi 889,25 manat məbləğində borcu var; xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktın surətindən görünür ki, Aslanov Elçin ilə Həşimov Ramin arasında “Chevrolet Lacetti” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhvil alınmışdır. Aktda həmçinin göstərilmişdir ki, nəqliyyat vasitəsinin qabaq kapotu və sağ-sol kurlosu əzikdir, sağ stop zədəlidir, arxa bufer sınıqdır. "xxxx" MMC Servisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Lacetti” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1.839,6 manat təşkil edir (təmir və dəyişdirmə xidmətinə görə - 731,6 manat, ehtiyat hissələrinə görə - 1.108 manat); xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən iddianın qaldırılması üçün 47,29 manat məbləğində dövlət rüsumu, 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli AZL-191 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı lizinq obyekti olan “Chevrolet Lacetti” minik markalı, **-AM- *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 60 ay müddətinə illik 16% mükafat hesablanmaqla lizinqə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən onun iddiaçıya xx.xx.2024-cü il tarixə 270,7 manat məbləğində əsas, 288,8 manat məbləğində mükafat, 329,75 manat məbləğində hesablanmış cərimə borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə lizinq predmeti iddiaçı tərəfindən təhvil alınmış, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə qüsur aktı tərtib edilərək lizinq predmeti olan nəqliyyat vasitəsinə 1.839,6 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən lizinq müqaviləsi üzrə yaranmış borcu, habelə lizinq predmetinə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan əsas və mükafat borcunu ödəməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda şərh edilən qərarında gəldiyi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ona görə də məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı cavabdehə xəbərdarlıq bildirişi göndərməklə, lizinq müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməsi ilə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu da onu deməyə əsas verir ki, lizinq müqaviləsi həmin andan ləğv edilmişdir. Hazırda iddiaçı iddia tələbində lizinq müqaviləsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə belə qənaətə gəlir ki, qeyd edilənlər müqavilənin ləğv edilməsi barədə deyil, ləğv edilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 329,75 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “1.839,6 manat məbləğində dəymiş zərərin tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, lizinq obyekti iddiaçı tərəfindən təhvil alınarkən xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, bundan xeyli müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə qüsur aktı tərtib edilmiş və həmin akta əsasən lizinq predmetinə 1.839,6 manat məbləğində zərərin dəydiyi göstərilmişdir. Halbuki, həmin qüsur aktı tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, qüsur aktı yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmışdır. Ona görə də məhkəmə hesab edir ki, lizinq predmetinə məhz cavabdeh tərəfindən hər hansı zərərin vurulması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-191 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmiş hesab edilməli, cavabdehdən həmin müqavilə üzrə 270,7 manat məbləğində əsas borc, 288,8 manat məbləğində mükafat və 20 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 579,5 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçının xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-191 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmiş hesab edilsin, Cavabdeh həmin müqavilə üzrə 270,7 manat məbləğində əsas borc, 288,8 manat məbləğində mükafat və 20 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 579,5 (beş yüz yetmiş doqquz manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 10 (on) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4088/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4088/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver