Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-411/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: qaz təchizatı, istehlakçı,debitor borc, maddi ziyan) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Bakı şəhəri 9 Saylı Vəkil Bürosunun vəkili Vəkil Cavabdeh nümayəndəsi Zumrud Alıyevanın iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 31 yanvar 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən əlavə olaraq hesablanmış 3863,28 (üç min səkkiz yüz altmış üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun qeyri-qanuni hesab edilərək silinməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA ******* № li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ən 27 nömrəli ev mənim mülkiyyətimdədir. Uzun illər əvvəl həmin evə qaz sayğacı quraşdırılmışdır. Quraşdırılmış sayğac üzrə abunə kodu **********10000 (köhnə kodu **********00000) kimi müəyyən edilmişdir. Lakin qaz sayğacının mənim mülkiyyətində olan evə quraşdırılmasına baxmayaraq bildirişdə X2 adı və ünvan olaraq ünvan 1ən 35A nömrəli ev göstərilmişdir. Apardığı araşdırmaya əsasən təkcə həmin qeyd edilən ünvanda deyil ümumiyyətlə həmin ərazidə X3 tanıyan heç bir şəxs yoxdur. Həmçinin 07 yanvar 2022-ci il tarixində cavabdeh ona xəbər vermədən mülkiyyətində olan evə quraşdırılmış sayğacı çıxararaq onun yerinə yeni sayğac quraşdırmışdır. Sonradan isə yenə də ona xəbər vermədən sayğacın yoxlaması icra etmişdir. Bunun da nəticəsində guya onun ziyan vurmağına istinad edərək ona 15714 m itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı tələbnamə göndərmişdir. Həmçinin cavabdeh onun aktı imzalamaqdan imtina etməyi haqqında yalandan akt tərtib etmişdir. Halbuki, o, uzun müddətdir ki, həmin evdə yaşamır. Evə quraşdırılmış sayğacların göstəricilərindən də görmək olur ki, həmin evdə adam yaşamır. Çünki heç bir sərfiyyat yoxdur. O, cavabdeh tərəfindən ona verilən bildirişlərin (abunə kodu **********10000 (köhnə kodu **********00000)) X2 adına gəlməsi və ünvanın ünvan 1ən 27 nömrəli ev əvəzinə ünvan 1ən 35A nömrəli ev kimi göstərilməsinin səhv olması ilə bağlı cavabdehə müraciət edərək həmin səhvlərin araşdırılması və baza məlumatlarında zəruri düzəlişlərin edilməsi xahiş etsə də, cavabdeh bu günə qədər qeyd edilən məsələ ilə bağlı ona cavab verməmiş və ərizəmi təmin etməmişdir. Cavabdeh qeyri-qanuni hərəkətləri ilə mənim hüquqlarımı kobud şəkildə pozur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi, Bakı şəhəri 9 Saylı Vəkil Bürosunun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, abonentin yaşadığı ünvana yerli baxış keçirilmiş, baxış zamanı da həmin yaşayış evinin yerləşdiyi ərazidə ümumiyyətlə Sənubər adlı şəxsin yaşamadığı müəyyən edilmişdir. Həmin ev 20 ildən artıq müddətdir ki, iddiaçının istifadə və mülkiyyətindədir. Cavabdeh tərəfindən akt tərtib edilənədək istifadə edilmiş qaz sərfiyyatının ödənişləri edilmişdir. Mübahisə qanunsuz qoşulma olmaması, həmçinin sayğacın iddiaçının adına keçirilməməsi səbəbindən yaranmışdır. Ümumilikdə abonentin adına hazırda 3863,28 manat məbləğində borc göstərilmiş, hüquqlarını müdafiə etdiyi şəxsin bildirdiyinə görə həmin məbləğ akt əsasında hesablanmışdır. Qeyd edilən məbləğdən 1192.68 manat məbləğində pulun debitor borc olması barəsində iddiaçı ona hər hansı məlumat verməməişdir. Cavabdehin nümayəndəsi Zumrud Alıyeva iddia tələbini qəbul etməyərk bildirmişdir ki, qeyd edilən ünvanda abonentin adı Sənubər Qəhrəmanova kimi göstərilməsinin səbəbləri texniki səhv ola bilər, yaxud da qeyd edilən ünvanın əvvəllər həmin şəxsdən alınmaq ehtimalı ola bilər. Lakin iddiaçının nümayəndəsi izahatında həmin ünvanda təbbi qazdan istifadənin iddiaçı tərəfindən həyata keçirilməsini təsdiq etmişdir. İddia tələbində tələb edilən məbləğin 1192.68 manat hissəsi debitor borc olmaqla abonentin qaz sərfiyyatı üçün ödənilməmiş borc olmaqla qalan məbləğ akt əsasında dəymiş zərər kimi hesablanmış məbləğdir. Akt tərtib edilən zaman iştirak edən əməkdaşların xidməti işləri ilə əlaqədar şahid qismində dindirilməsi mümkün olmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 27 saylı fərdi yaşayış evi xx.xx.2011ci il tarixdən X1 xüsusi mülkiyyətindədir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin sayğacının hesablama mexanizmindən keçən qazın həcminin qeyd edilməməsi aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacından qeyriqanuni istifadəyə görə xx.xx.2022-ci il tarixdə 15714 m3 qaz itkisi hesablanmışdır. -Abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvanına 2022-ci il 1833.10 manat qalıq, 2023-cü ilin dekabr ayına 277, 2023-cü ilin dekabr ayına 3863,52 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Azəriqaz İB-i tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, ünvan 3 fərdi yaşayış evinin olub-olmaması, həmin küçədə 27 ünvanında qaz sayğacının quraşdırlıb-quraşdırılmaması, həmin ünvanda yerləşən evin sağ və sol tərəfində sayğacların olub-olmaması və digər məlumatların məhkəməyə təqdim olunması ilə bağlı yuxarıda qeyd edilən ünvan üzrə sayğacın hesablanma mexanizmi istehlak edilmiş təbii qazı qeydiyyata almadığından sayğac xx.xx.2022-ci il tarixdə yeni sayğac ilə əvəzləşdirilmiş, qeyd edilən ünvanda istehlakçı yaşayır. -iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş ünvan 3 ünvanında abonent X4 ünvanlanmış bildiriş-xəbərdarlıqdan görünür ki, abobnet tərəfindən qaz sərfiyyatı üçün sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 42.9 manat olmaqla sərfiyyat üçün xx.xx.2023-cü il tarixə hesablanmış 1977.60 manat debitor borcu yaranmışdır. -Məhkəmə tərəfindən tərəflərin və Azəriqaz İB-nin əməkdaşı, xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsində iştirak edən X6 iştirakları ilə ünvan 4 ünvanında yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən ünvanda yerləşən yaşayış sahəsində G-4 **********2 nömrəli smart tipli sayğac quraşdırılmışdır. Sayğac ünvanın giriş qapısının çölə baxan hissəsin sol tərəfində yerləşdirilmişdir. Həmin sayğacdan çıxan 20-lik boru hasarın üzəri ilə qonşuya məxsus olan həyətin üzərindən keçərək mənzilə daxil olur. Mənzil 3 mərtəbədən ibarət olmaqla mənzildə yaşayış vardır, iddiaçı mənzildə yaşayır. Evdə qaz plitəsi, kombi istilik sistemi, qaz ilə çalışan su qızdırıcı mövcuddur. Azəriqaz İB-nin əməkdaşı Asif Talıbov qeyd edilən ünvanda sayğaclar üzrə sərfiyyatın onun tərəfindən hesablanması və bildirişlərin çatdırılmasının həyata keçirdiyini, ümumiyyətlə bu ərazidə Sənubər adlı abonenti tanımadığını bildirmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, iddiaçının mülkiyyətində Musabəyov küçəsi 27 saylı fərdi yaşayış evi olsa da, təqdim edilmiş sənədlər və məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, Sənubər Qəhrəmanova adına həmin küçədə yerləşən 35A fərdi yaşayış ünvanı üzrə qeydiyyata alınmış sayğac üzrə sərfiyyat məhz Firaqə Seyidova tərəfindən həyata keçirilməkdədir. Həmin qaz sayğacına abobnet tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi, düzgün abonentin adına qeydiyyata alınması isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, qaz sayğacına müdaxiləyə dair akt xx.xx.2022-ci il tarixdə tərtib edilməklə həmin aktın əsasında dəymiş zərərin hesablanması xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş, lakin xx.xx.2023-cü il tarixə abonentin qaz sərfiyyatına görə ödənilməmiş 1977 .60 manat borc olmaqla xx.xx.2023-cü il tarixli akt əsasında dəymiş zərər hesablanmaqla ümumilikdə qalıq və aktlar üzrə 3863.28 manat müəyyən edilmişdir. Lakin məhkəmə iclasında həmin məbləğdən 1192.63 manat məbləğində pulun debitor borc olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixdə hesablanmış 2670,6 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixdə hesablanmış 2670,6 (iki min altı yüz yetmiş manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 46,7 (qırx altı manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-411/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-411/2025
17.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver