Məhkəmə qərarları › İş №e-2(001)-4132/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4132/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4132/2023 21.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 100 manat məbləğində əsas borc, 50 manat məbləğində dəbbə borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 180 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, «TAB” MMC ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixində, MOB14-0329 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 329 manat dəyərində “Telefon Samsung SM-A125 32GB Black” markalı əşya almışdır. Müqavilə ilkin ödənişsiz, 11 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən, borclu qalıq 329 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, hər ay 28 manat ödəniş etməli idi. Cavabdeh cəmi 229 manat ödəniş etmişdir. Qalıq borcu 100 manat təşkil edir. Qalıq borc 100 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 50 manat təşkil edir. MOB14-0329 saylı alqı-satqı müqaviləsi üzrə 100 manat əsas borc, 50 manat dəbbə pulu və məhkəməyə verilən 30 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə, cavabdeh tərəfindən 180 manat ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı MMC tərəflərarasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MOB14-0329 saylı alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 28 manat ödəmək şərti ilə, dəyəri 329 manat olan “Telefon Samsung SM-A125 32GB Black” markalı əşya satmışdır. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə “Alıcı” hər gecikdirilən gün üçün aylıq ödənişin 1(bir) %-i həcmində əlavə cərimə ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Telefon Samsung SM-A125 32GB Black” markalı əşya Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, MOB14-0329 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçınə 100 manat əsas borc və 50 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli, MOB14-0329 saylı alqı-satqı müqavilədən irəli gələn öhdəliklərlə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 361-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, xx.xx.2021-ci il tarixli, MOB14-0329 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən iddia tələbi 100 manat məbləğində əsas borcun tutulması hissəsində təmin edilməlidir. Digər tərəfdən, iddiaçı xx.xx.2021-ci il tarixli, MOB14-0329 saylı il tarixli müqavilənin şərtlərinə əsasən 50 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 100 manat əsas borc üzrə 50 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə, 100 manat məbləğində hesablanmış dəbbə pulunun 10 (on) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edirəm. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 22 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 8 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində dəbbə pulu və 22 (iyirmi iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar