Məhkəmə qərarları › İş №e-2(001)-4170/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4170/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4170/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 21 iyul 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 420 manat sığorta ödənişinin, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 30 manatın, cəmi 930 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sulutəpə qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsus “Kia Rio” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Kia Rio” markalı avtomoil "xxxx" ASC tərəfindən sığortalanmış, tam sığorta təminatı almışdır. Qüsur aktına əsasən həmin avtomobilə 420 manat maddi zərər dəymiş, həmin zərər "xxxx" MMC tərəfindən ödənilmişdir. “Opel Astra” markalı avtomobil iddiaçı tərəfindən icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından 420 manat iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. Yol-nəqliyyat hadisəsinin təfərrüatları barədə BDYPİ-nin X4 Xidmətinin arayışından və 13 sentyabr 2020-ci il tarixli “inzibati tənbeh vermə haqqında qərar”dan göründüyü kimi, Talıbov X2 Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə növü tətbiq edilmişdir. Yəni, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Hazırda iddiaçı tərəfindən həmin məbləğ subroqasiya qaydasında cavabdehdən tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Opel Astra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 18 iyun 2020-ci il tarixdən 18 iyul 2021-ci il tarixədək sığortalanmışdır. - inzibati tənbeh vermə haqqında 13 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh 13 sentyabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi...) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi...) maddələri ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə növündə inzibait tənbeh tədbiri tətbiq edilmişdir. - qüsur aktından görünür ki, “Kia Rio” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 420 manatdır. - sığorta aktından görünür ki, 13 sentyabr 2020-ci il tarixdə, saat 22:00-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Rio” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, 420 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, 13 sentyabr 2020-ci il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən «Kia Rio» markalı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin mülkiyyətçisinə 420 manat məbləğində maddi ziyan vurulmuşdur. Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq vurulmuş zərər "xxxx" MMC tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş, sonradan “Opel Astra” markalı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən həmin məbləğ "xxxx" MMC-yə ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən, sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Buna görə də, məhkəmə hesab edir ki, subroqasiya qaydasında 420 manat pul Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməlidir. Hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" ASC-nin iddiası təmin edilsin. Cavabdeh 420 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar