Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4294/2022 22.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 100,33 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında ona məxsus evdə quraşdırılmış xx.xx.2020-ci il tarixdə 682715 nömrəli, C214860 plomblu, İSS-15M-1 tiplisu sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1 və 448.2-ci maddələrinə istinad etsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə cavabdeh tərəfindən üzərinə hər hansı öhdəliyin götürülməsi təsdiq olunmur. İddia ərizəsinə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2020-ci il tarixli müqavilə əlavə edilsə də, həmin müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır. Belə olan cavabdehin üzərinə götürmədiyi öhdəliklərə görə cavab verməsi elə iddiaçının özünün iddia ərizəsində istinad etdiyi normaların tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, iddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsini iddia etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. Ona görə də, iddia ərizəsi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki Prosessual Məcəllənin 284-6.2-ci maddəsinə görə, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-4294/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4294/2022
22.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver