Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4323/2025 23.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1235 manat məbləğində pul vəsaitinin və ödənilmiş 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 07:50də Cavabdeh1 məxsus olan və sığorta şirkəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Vaz 21074 minik” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Mercedes Benz C180 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş İXP6384756 saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü maddəsi ilə (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C180 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1235 (bir min iki yüz otuz beş) manat təşkil etmişdir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA162793/24 saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz C180 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkənə 1235 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bu səbəbdən də iddiaçı subroqasiya hüququndan istifadə edərək mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmişdir.
Mülki işin materialları:
5. Qiymətləndirmə aktına əsasən “Mercedes C200” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1235 manat təşkil etmişdir.
6. İXP6384756 saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir.
7. PXA162793 saylı sığorta aktına və ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X1 1235 manat ödəniş edilmişdir.
8. Elektron Portaldan əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə 10 (on) il müddətinə Cavabdeh2 “VAZ 21074” minik markalı, **-FF- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair (idarə edilməsi üçün) etibarnamə verilmişdir.
9. Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə subroqasiya hüququ ilə əlaqədar 1235 manat məbləğində vəsaitin 7 iş günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
10. 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
12. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
13. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər.
14. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasi Qanununun 25.1.3-cu maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
17. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.
18. “Sığorta haqqında” Azərbaycan Rspublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
19. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
26. Məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı “VAZ 21074” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş zərərin aradan qaldırılması üçün 1235 manat sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında cavabdehlər – avtomobilin mülkiyyətçisi Cavabdeh1 və etibarnamə əsasında avtomobili idarə edən Cavabdeh2 tələb etməkdə haqlıdır.
27. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
28. Məhkəmə qeyd edir ki, iddiaçı haqlı olaraq Cavabdeh1 məxsus olan, etibarnamə əsasında digər Cavabdeh2 tərəfindən avtomobil idarə edilərkən törədilmiş əmələ görə ödənilmiş sığorta ödənişini tələb edir. Belə ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsirindən baş verdiyindən ödənilmiş sığorta ödənişi geri qaytarılmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
30. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
31. Beləliklə, məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında 1235 manat məbləğində vəsait və dövlət rüsumu olaraq ödənilmiş 32 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında 1235 (min iki yüz otuz beş) manat məbləğində vəsait və dövlət rüsumu olaraq ödənilmiş 32 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova