Məhkəmə qərarları › İş №e-2(001)-4388/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4388/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4388/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 21 iyul 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 17 noyabr 2020-ci il tarixli, ********* saylı (birinci) müqavilə üzrə 36,5 manat əsas, 5,4 manat cərimə olmaqla cəmi 41,9 manat, 17 noyabr 2020-ci il tarixli, ********* saylı (ikinci) müqavilə üzrə 243,4 manat əsas, 36,5 manat cərimə olmaqla cəmi 279,9 manat, 03 fevral 2021-ci il tarixli, ********* saylı (üçüncü) müqavilə üzrə 270,4 manat əsas, 40,5 manat cərimə olmaqla cəmi 310,9 manat, 12 iyun 2021-ci il tarixli, ********* saylı (dördüncü) müqavilə üzrə 670,2 manat əsas, 100,5 manat cərimə olmaqla cəmi 770,7 manat, beləliklə, hər dörd müqavilə üzrə ümumilikdə 1403,4 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34 manatın cavabdehdən öz xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış birinci müqavilə üzrə cavabdeh aldığı “Xiaomi Redmi” markalı mobil telefona görə 18 ay ərzində hər ay 36 manat olmaqla cəmi 647,4 manat, ikinci müqavilə üzrə aldığı “Baseus” markalı qulaqlığa görə 18 ay ərzində hər ay 4 manat olmaqla cəmi 84,5 manat, üçüncü müqavilə üzrə aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay ərzində hər ay 33 manat olmaqla cəmi 579,4 manat, dördüncü müqavilə üzrə aldığı “Samsung A525” markalı mobil telefona görə 18 ay ərzində hər ay 48 manat olmaqla cəmi 862,2 manat ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddia ərizəsində göstərilən məbləğlərdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 17 noyabr 2020-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 647,4 manat olan “Xiaomi Redmi” markalı mobil telefonu 18 ay ərzində aylıq 36 manat ödəmək şərti ilə kreditlə almışdır. - 17 noyabr 2020-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, Cavabdeh sonuncu alğı-satqı qiyməti 84,5 manat olan “Baseus” markalı qulaqlığı 18 ay ərzində aylıq 4 manat ödəmək şərti ilə kreditlə almışdır. - 03 fevral 2021-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 579,4 manat olan “Xiaomi” markalı mobil telefonu 18 ay ərzində aylıq 33 manat ödəmək şərti ilə kreditlə almışdır. - 12 iyun 2021-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 862,2 manat olan “Samsung A525” markalı mobil telefonu 18 ay ərzində aylıq 48 manat ödəmək şərti ilə kreditlə almışdır. - 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 noyabr 2020-ci il tarixli, dəyəri 647,4 manat olan əşya ilə bağlı müqavilə üzrə 243,4 manat əsas, 365 manat cərimə borcu vardır. - 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 noyabr 2020-ci il tarixli, dəyəri 84,5 manat olan əşya ilə bağlı müqavilə üzrə 36,5 manat əsas, 54 manat cərimə borcu vardır. - 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 fevral 2021ci il tarixli, dəyəri 579,4 manat olan əşya ilə bağlı müqavilə üzrə 270,4 manat əsas, 405 manat cərimə borcu vardır. - 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 iyun 2021-ci il tarixli, dəyəri 862,2 manat olan əşya ilə bağlı müqavilə üzrə 670,2 manat əsas, 1005 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda iddiaçı birinci müqavilə üzrə 36,5 manat əsas, 5,4 manat cərimə, ikinci müqavilə üzrə 243,4 manat əsas, 36,5 manat cərimə, üçüncü müqavilə üzrə 270,4 manat əsas, 40,5 manat cərimə, dördüncü müqavilə üzrə isə 670,2 manat əsas, 100,5 manat cərimə borcunun tutulmasını tələb edir. Hər dörd müqavilə üzrə əsas borca münasibətdə qeyd edilir ki, iş materiallarında olan maliyyə arayışında birinci müqavilə üzrə əsas borcun məbləği 243,4 manat göstərilməsinə baxmayaraq, iddia tələbi bu hissədə 36,5 manat olduğundan, həmin müqavilə üzrə cavabdehdən əsas borc kimi 36,5 manat tutulmalıdır. İkinci müqavilə üzrə iddia tələbi əsas borca münasibətdə 243,4 manat olsa da, maliyyə arayışında əsas borc 36,5 manat göstərildiyindən, iddia bu hissədə maliyyə arayışında əsas borc kimi göstərilən məbləğə uyğun təmin edilməlidir. Digər iki müqavilə üzrə maliyyə arayışında göstərilən əsas borcun məbləğləri iddia tələbi ilə eynilik təşkil etdiyindən həmin hissələrdə iddia əsas borca münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış hər dörd müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin birinci müqavilə üzrə əsas borc 36,5 manat təşkil etdiyi halda, tənasübsüz olaraq 5,4 manat məbləğində dəbbə pulunun, ikinci müqavilə üzrə əsas borc 36,5 manat müəyyən edildiyi halda, 36,5 manat dəbbə pulunun, üçüncü müqavilə üzrə əsas borc 270,4 manat olduğu halda, 40,5 manat dəbbə pulunun, dördüncü müqavilə üzrə 670,2 manat əsas borc olduğu halda, 100,5 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, hesab edirəm ki, hər dörd müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləğləri azaldılaraq, birinci müqavilə üzrə 2,5 manat, ikinci müqavilə üzrə 2,5 manat, üçüncü müqavilə üzrə 20 manat, dördüncü müqavilə üzrə isə 47 manat müəyyən edilməlidir. Beləliklə iddia qismən təmin edilməli, birinci müqavilə üzrə 36,5 manat əsas, 2,5 manat dəbbə, ikinci müqavilə üzrə 36,5 manat əsas, 2,5 manat dəbbə, üçüncü müqavilə üzrə 270,4 manat əsas, 20 manat dəbbə, dördüncü müqavilə üzrə isə 670,2 manat əsas, 47 manat dəbbə borcu olmaqla, ümumilikdə 1085,6 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri baxımından, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34 manat dövlət rüsumunun 26 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 17 noyabr 2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 36,5 manat əsas, 2,5 manat dəbbə, 17 noyabr 2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 36,5 manat əsas, 2,5 manat dəbbə, 03 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 270,4 manat əsas, 20 manat dəbbə, 12 iyun 2021-ci il tarixli, ********* saylı müqavlə üzrə isə 670,2 manat əsas, 47 manat dəbbə borcu olmaqla, ümumilikdə 1085,6 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 26 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar