Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4480/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1971-ci il təvəllüdlü Cavabdeh 05 mart 2018-ci il tarixli, 28K4686167 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçının xeyrinə 804 manat əsas borc, 200 manat faiz borcu və 31 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1035 (min otuz beş) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15 ay müddəti olmaqla 05 mart 2018-ci il tarixli nisyə alq-satqı müqaviləsi bağlanmış və cavabdeh həmin müqaviləyə əsasən dəyəri 1140 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh ödənişlər etdikdən sonra 804 manat əsas borcu qalmışdır. Həmin müqaviləyə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdehin əsas borcdan əlavə olaraq 14713 manat faiz borcu yaranmışdır (804 manat x 1830 gün x 1% = 14713 manat). İddiaçı faiz borcunu cavabdehdən yalnız 200 manat məbləğində tələb edir. Müqavilədə tərəflərin mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə 2(001)-4480/2024 saylı mülki iş üzrə mübahisəyə tərəflərin iştirakı ilə baxılması üçün iddia icraatı qaydasına keçirilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq iş üzrə bütün sübutların məhkəməyə təqdim edildiyi, hər hansı əlavə sübut və vəsatətinin olmadığı, iddianı müdafiə etdiyi, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyni, sonuncu ödənişdən 3 ildən artıq müddət keçdiyini və bununla da iddia müddətinin ötürüldüyünü bildirib, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. O, suallara cavab olaraq onun adına başqa şəxs üçün mal götürüldüyünü, həmin şəxs tərəfindən müəyyən müddət ödənişlər edildiyini, sonuncu ödənişin 4 il bundan qabaq edildiyini bildirdi. O, həmçinin 3 (üç) ildən artıq vaxt keçdiyi üçün iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir.
Mülki işin materialları:
6. xx.xx.2018-ci il tarixli, 28K4686167 saylı Borc müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1140 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləği aylıq 76 manat olmaqla 15 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd olunur ki, bu müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirilənədək qüvvədədir.
7. 25.12.2023-cü il tarixli, 1829 saylı maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixində bağlanmış 28K4686167 saylı müqavilə üzrə ödənilməmiş 804 manat əsas (qalıq) borcu vardır.
8. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, e- 2(001)-4480/2024 saylı mülki iş üzrə mübahisəyə tərəflərin iştirakı ilə baxılması üçün iddia icraatı qaydasına keçirilmişdir.
9. 22.10.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh 3 (üç) ildən artıq vaxt keçdiyi üçün iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
10. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
11. 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
12. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
13. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
14. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
15. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
17. 554.4-cü maddəsinə görə müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər.
18. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materialları ilə müəyyən edilir ki:
21. İddiaçı MMC ilə Cavabdeh arasında 05 mart 2018-ci il tarixində “Borc” müqaviləsi bağlanmışdır. Hər nə qədər həmin müqavilənin adı “Borc müqaviləsi” göstərilsə də müqavilənin məzmunu (hissə-hissə ödəniş şərti ilə 1140 manat məbləğində məişət avadanlığının əldə edilməsi, həmin məbləğin 15 ay müddətində aylıq 76 manat olmaqla ödəmək barədə öhdəlik götürülməsi), habelə iddiaçının özünün iddia ərizəsində həmin müqaviləni “nisyə alqı-satqı müqaviləsi” kimi qiymətləndirdiyi nəzərə alınaraq Mülki Məcəllənin 404.1-ci maddəsinin tələbinə uyğun olaraq ağlabatan mühakimə əsasında tərəflər arasında bağlanmış həmin müqavilənin “Borc müqaviləsi” yox, “Nisyə alqı-satqı müqaviləsi” olduğu müəyyən edilir. Ona görə tərəflər arasında borc müqaviləsi deyil, nisyə alqı-satqı müqaviləsinin bağlandığı qəbul edilməli və mübahisəyə alqı-satqı müqaviləsi ilə bağlı qanunvericilik normaları tətbiq edilməlidir.
22. Müqavilədən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə 15 ay müddətinə bağlanmışdır. Başqa sözlə müqavilənin icra müddəti 15 ay təşkil edir. Müqavilədə qeyd edilən “bu müqavilə tərəflərin öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir” şərti isə hüquqi-müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddəalarına əsasən iddia müddətinin tətbiqini aradan qaldıran hal (şərt) kimi hüquqi nəticə doğura bilməz. Belə ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Ona görə hazırki iddia tələbinin əsaslandığı 05 mart 2018-ci il tarixli müqavilənin icra müddəti 15 ay təşkil etdiyindən, həmin müqavilənin 05 iyun 2019-cu il tarixinədək qüvvədə olduğu müəyyən edilir.
23. Müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində, yəni müqavilənin icra müddəti bitdiyi xx.xx.2019-cu il tarixindən 5 (beş) il keçdikdən sonra müraciət etmişdir. Cavabdeh izahatında dəqiq xatıralamadığını, lakin sonuncu ödənişin 4 (dörd) il bundan qabaq edildiyini bildirmişdir. Həmçinin iddia ərizəsində qeyd edilir ki, cavabdeh borcunun ödənilməsini 1830 gün, yəni 5 il (1830 / 365 = 5) gecikdirmişdir. Bununla iddiaçı özü də müqavilənin icra müddətinin bitdiyi vaxtdan 3 ildən artıq vaxt keçdiyini təsdiq etmiş və həmin müddətin kəsilməsini təsdiq edən heç bir dəlil və sübut təqdim etməmişdir. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd olunanlardan aydın olur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin kəsilməsinə səbəb olan hər hansı hal isə müəyyən edilmir.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında 3 ildən artıq müddət keçdiyini və bununla da iddia müddətinin ötürüldüyünü bildirib, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmiş, habelə 3 (üç) ildən artıq vaxt keçdiyi üçün iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qəran çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən sonra verildiyini və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğu nəzərə alınaraq hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılannı intizamlandırır, onlan öz hüquqlarım müdafıə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamınm nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldınlmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
26. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “L.İ.Binnətovanın şikayəti üzrə” 8.05.2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə xx.xx.2000-ci il tarixli qərarda Avropa Məhkəməsi qeyd edir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
28. Beləliklə, göstərilən hüquqi mövqelərə əsaslanaraq və qeyd olunan qanunvericilik normaların tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və bunun əsasında tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçı 1140 manat dəyərində olan məişət avadanlığını hissə-hissə ödəmək şərti ilə cavabdehə vermişdir. Müqavilənin icra müddəti 15 ay təşkil etməklə, 05 iyun 2019-cu il tarixinədək müəyyən olunmuşdur. Cavabdeh əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada ödənişlər etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bununla belə müqavilənin icra müddəti bitdiyi vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində iddiaçı tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir. Belə ki, müqavilənin icra müddətinin 05 iyun 2019-cu il tarixində bitməsi nəzərə alındığında hazırki tələb üzrə iddia müddəti 05 iyun 2022-ci il tarixində bitmişdir. İddia müddətinin kəsilməsinə səbəb olan hər hansı hal isə müəyyən edilməmişdir. İddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edən zaman qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bu səbəblə məhkəmə hesab edir ki, cavbdehin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi əsaslıdır və ona görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
32. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Beləliklə, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman qanunla nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova