Məhkəmə qərarları › İş №e-2(001)-4484/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4484/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4484/2025 09.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə MPN000405 saylı xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsi üzrə 1100 AZN borcun, 165 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış MPN000405 saylı xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsinə əsasən cavabdeh 1100 manat məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1100 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Xidmət müqaviləsi üzrə Sifarişçiyə müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin 1-ci maddəsinə görə icraçı sifarişçiyə qeyd olunan müqavilənin 1 saylı əlavəsində dəyəri göstərilmiş xidmətləri göstərir və sifarişçi isə həmin xidmətlərin dəyərini ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən Sifarişçi ödəmə cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Eyni zamanda həmin müqavilənin 2.4.2-cü maddəsinə əsasən sifarişçi borcun ödənilməsini gecikdirdiyi halda, icraçının xeyrinə hər gecikdirilən gün üçün gücikən borc məbləğin 0.5% miqdarında dəbbə pulu ödəməlidir. Belə ki, cavabdehin bugünə 1100 manat əsas borcu, 165 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilsə də, bildirişin cavabdehə çatdırılıb-çatdırılmaması barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsindən və ona Əlavə 1-dən görünür ki, "xxxx" MMC dəyəri 1100 manat olan xidməti Cavabdeh göstərməyi, sifarişçi isə onu qəbul edib, xidmətin dəyərini icraçıya ödəməyini öhdəsinə götürür. Həmin müqaviləyə əsasən sifarişçi xidmətin dəyərini 12 ay müddətinə aylıq 92 manat, sonuncu ay isə 88 manat olmaqla iddiaçıya ödəniş etməlidir. "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2023-cü il tarixli, R-2603/23 saylı Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan xx.xx.2024-cü il tarixli sazişə əsasən "xxxx" MMC-in Cavabdeh qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə əsas məbləğ üzrə 1100 manat, 165 manat cərimə borcu, cəmi 1265 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcunu xx.xx.2025-ci il tarixinədək icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 33 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada xidmət müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləği azaldılmalı və müqavilə üzrə 17 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1100 manat əsas borc, 17 manat cərimə olmaqla, cəmi 1117 manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1100 manat əsas borc, 17 manat cərimə olmaqla, cəmi 1117 (min yüz on yeddi) manat məbləğində borc və 27 (iyirmi yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar