Məhkəmə qərarları › İş №e-2(001)-4643/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4643/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4643/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 iyul 2022-ci il tarixli, 35352 saylı alqısatqı müqaviləsinə əsasən cavabdeh Samsung markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 86 manat (sonuncu ay 87,99 manat) olmaqla, cəmi 1549,99 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən həmin müqavilə üzrə 431,99 manat əsas, 40 manat cərimə borcu olmaqla, cəmi 471,99 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur və sonuncu dəfə 11 oktyabr 2023-cü il tarixdə 86 manat ödəniş etmiş, o vaxtdan bugünə qədər heç bir ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən iddia ərizəsinin surəti və bildiriş “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə 02 iyul 2024-cü il tarixdə cavabdehə göndərilsə də, 10 iş günü müddətində cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq işə baxmağa haqlı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 17 iyul 2022-ci il tarixli, 35352 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh dəyəri 1549,99 manat olan Samsung markalı soyuducunu 18 ay ərzində aylıq 86 manat (sonuncu ay 87,99 manat) ödəmək şərti ilə kreditlə almışdır. 12 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 431,99 manat əsas, 40 manat cərimə borcu, cəmi 471,99 manat borcu vardır. 07 mart 2023-cü il tarixli xəbardarlığın surətindən və göndərilməsini təsdiq edən xəbarnamədən görünür ki, iddiaçı cavabdehi mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməli, Cavabdeh 431,99 manat əsas borc və 40 manat cərimə borcu alınaraq iddiaçıya verilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq Nəticə hissəsi Qət etdi: İddia təmin edilsin. Cavabdeh 431,99 manat əsas, 40 manat cərimə borcu, cəmi 471,99 manat pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar