Məhkəmə qərarları › İş №e-2(001)-4651/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4651/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4651/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən Soliton mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli Y20K5703176 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2840 manat olan 1 ədəd İphone Xs markalı telefon almış, ilkin ödəniş olaraq 500 manat ödəniş etmiş, nəticədə 2340 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 833 manat olan 1 ədəd Samsung Galaxy A50 markalı telefon almış, ilkin ödəniş olaraq 53 manat ödəniş etmiş, nəticədə 780 manat borc yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli Y20K5703176 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 337 manat, xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilmiş yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti Y20K5703176 saylı müqavilə üzrə 2840 manat olan 1 ədəd İphone Xs markalı telefon üçün ümumilikdə 1365 manat ödənilməmiş hissə, 410 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı müqavilə üzrə 833 manat olan 1 ədəd Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 140 manat ödənilməmiş hissə və 42 manat dəbbə pulu borcu yaranmışdır. Ona görə də Cavabdeh Y20K5703176 saylı müqavilə üzrə əsas borca görə 1365 manat, dəbbə puluna görə 410 manat, Y20K5703693 saylı müqavilə üzrə əsas borca görə 140 manat, dəbbə puluna görə 42 manat, dövlət rüsumuna görə 40 manat olmaqla cəmi 1997 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Y20K5703176 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı dəyəri 2840 manat olan 1 ədəd İphone Xs markalı telefonu alıcıya 500 manat ilkin ödəniş etmək, qalan məbləği 12 ay müddətinə aylıq ödəniş 195 manat olmaqla nisyə satmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı dəyəri 833 manat olan 1 ədəd Samsung Galaxy A50 markalı telefonu alıcıya 53 manat ilkin ödəniş etmək, qalan məbləği 12 ay müddətinə aylıq ödəniş 65 manat olmaqla nisyə satmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcnın xeyrinə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Soliton mağazalar şəbəkəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, alıcıya xx.xx.2019-cu il tarixli Y20K5703176 saylı və xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı alqı-satqı müqavilələrinə əsasən yaranmış borcunun 10 gün müddətində ödəmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli Y20K5703176 saylı və xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı alqı-satqı müqavilələri üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə olan qalıq borcu müvafiq olaraq 1365 manat əsas, 410 manat dəbbə pulu və 140 manat əsas, 42 manat dəbbə pulu, 40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1997 manat təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli Y20K5703176 saylı və xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı alqı-satqı müqavilələri üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə olan qalıq borcu müvafiq olaraq 1165 manat əsas, 410 manat dəbbə pulu və 140 manat əsas, 42 manat dəbbə pulu, 40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1797 manat təşkil edir. 31092 saylı qəbzdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən Soliton mağazasının hesab nömrəsinə 100 manat ödəniş edilmişdir. 11098 saylı qəbzdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən Soliton mağazasının hesab nömrəsinə 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilərə üzrə öhdəliklərini icra etmədiyindən xx.xx.2019cu il tarixli Y20K5703176 saylı müqaviləyə əsasən əsas borca görə 1165 manat, xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı müqaviləyə əsasən əsas borca görə 140 manat borcu yaranmışdır. Ona görə də, məhkəmə iddiaçının cavabdehdən əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbəyə görə xx.xx.2019-cu il tarixli Y20K5703176 saylı müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı müqavilə üzrə 2 manat tutulmalı, iddia tələbi dəbbə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli Y20K5703176 saylı müqaviləyə əsasən əsas borca görə 1165 manat, cəriməyə görə 10 manat, xx.xx.2019-cu il tarixli Y20K5703693 saylı müqaviləyə əsasən əsas borca görə 140 manat, cəriməyə görə 2 manat, dövlət rüsumuna görə 40 manat olmaqla cəmi 1357 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar