Məhkəmə qərarları › İş №e-2(001)-4728/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4728/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4728/2022 21.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və “Nissan Tida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş ziyana görə "xxxx" ASC tərəfindən ödənilmiş 2.818 manat və 49 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Terracan”” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 19 aprel 2018-ci tarixdən 19 aprel 2019cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. AC 664270 №-li avtomobilin texniki pasportuna görə “Hundai Terracan”” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdeh - ünvan 1 ünvanda yaşayan Cavabdeh1dur. Cavabdeh2 avtomobili idarə etmək üçün etibarnamə olmadan (etibarnamə olmuş, lakin müddəti 01 iyul 2017-ci il tarixdə bitmişdir) həmin avtomobili idarə edərək, 17 may 2018-ci il tarixdə saat 08:17 radələrində Bakı şəhəri, Yasamal rayon ərazisində yol-nəqliyyat hadisəsi törədib, AR DİN-nin Avtomobil təsərrüfatına məxsus olan “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və X3 məxsus “Nissan Tida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, həmin avtomobillərə maddi ziyan vurmuşdiur. Hadisə Yasamal RPİ DYPŞ tərəfindən qeydə alınmış, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə İXP ******* №-li, 17 may 2018-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati tənbeh vermə haqqında TP 972695 №-li qərarla 40 manat mələğində cərimələnmişdir. "xxxx" MMC tərəfindən “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 318.6 manat məbləğində müəyyən edilmişdir. “Nissan Tida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən 2.500 manat məbləğində müəyyən edilmişdir. 2249/CML-2076/2018 və 2249/CML-2076/2018-1 №-li sığorta aktlarına əsasən cəmi 2.818 manat məbləğində vəsait avtomobil sahiblərinə ödənilmişdir. Cavabdeh1 etibrnamə olmadan avtomobili Cavabdeh2 istifadəsinə verdiyinə və axırıncı həmin avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək, üçüncü şəxslərin avtomobillərinə maddi ziyan vurduğuna görə "xxxx" ASC həmin cavabdehlərdən “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən avtomobillərin sahiblərinə ödədiyi 2.818 manatı subroqasiya qaydasında tələb edə bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AC seriyalı 664270 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Terracan minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. PAZ********** nömrəli icbari sığorta haqqında şəhadətnamə məlumatlarından görünür ki, Cavabdeh1 məxsus “Hyundai Terracan minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 aprel 2018-ci il tarixdən 19 aprel 2019-cu il tarixədək sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 21 may 2018-ci il tarixli,091-16157 nömrəli arayışın surətindən görünür ki, 17 may 2018-ci il tarixdə saat 17:00 radələrində X6 Cavabdeh1 məxsus və X1 tərəfindən idarə olunan “Hyundai” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və “Nissan Tiida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobillərə zərər vurulmuşdur; 18 may 2018-ci il tarixli, TP972695 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 17 may 2018-ci il tarixdə saat 17:00 radələrində “Hyundai Terracan minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyət vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə və araməsafəsi qaydalarının pozulmasına görə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri) barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. "xxxx" ASC-nin 04 iyun 2018-ci il tarixli, 2249/CML-2076/2018 nömrəli sığorta aktından görünür ki, 17 may 2018-ci il tarixdə baş vermiş toqquşma hadisəsinə görə “Nissan Tiida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 2.500 manat məbləğində vəsaitin zərərçəkənin hesabına köçürüldüyü göstərilmişdir. 06 iyun 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 2.500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. "xxxx" ASC-nin 25 iyun 2018-ci il tarixli, 2249/CML-2076/2018-1 nömrəli sığorta aktından görünür ki, 17 may 2018-ci il tarixdə baş vermiş toqquşma hadisəsinə görə “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 318,6 manat məbləğində vəsaitin "xxxx" MMC-nin hesabına köçürüldüyü göstərilmişdir. 27 iyun 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 270 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. 17 iyun 2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 17 may 2018-ci il tarixdə saat 17:00 radələrində X6 Cavabdeh1 məxsus və digər cavabdeh X1 (hazırda soyadı və adı Cavabdeh2) tərəfindən idarə olunan “Hyundai Terracan minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və “Nissan Tiida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobillərə zərər vurulmuşdur. İddiaçı tərəfindən X2 hesabına 2.500 manat məbləğində, "xxxx" MMC-nin hesabına 270 manat məbləğində, cəmi 2.770 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə barəsində inzibati tənbeh tədbiq edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən ödənilmiş 2.818 manat sığorta məbləğinin subroqasiya qaydasında tutulmasını və iddianın verilməsinə görə ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin Qanunun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunvericiliyi müəyyən etmişdir (İXMnin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona dörə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevirilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə isə “Hyundai Terracan minik” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən avtomobilin mülkiyyətçisi Cavabdeh1 iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, hər iki cavabdehin yaşayış ünvanı birdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar