Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4737/2022 04.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirak etmişdir. Həmin məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 izahatında məhkəməyə bildirmişdir ki, iddia ərizəsində onunla iki müqavilənin bağlanması və onun iki kombi alması qeyd olunsa da, o, ancaq bir kombi almış və onun hal-hazırda həmin kombi üzrə 1060 manat borcu qalıb. Həmin borcu ödəməkdən boyun qaçırmır. Şirkətin özü ilə də danışıb və ona bildiriblər ki, 1060 manatı hissə-hissə ödəsin – nəzərə alacaqlar. İş üzrə ikinci cavabdeh və zamin olan Cavabdeh1 şəxsən tanımır. O, elə kombini aldığı şirkətin əməkdaşıdır. Onunla müqavilə bağlanarkən Cavabdeh1 həmin müqavilədə kombinin dəyərini səhv göstərmiş və ikinci müqavilənin imzalanmasının da səbəbi bu olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 qeyd olunan məsələlərdən məlumatlı olmadığını bildirmiş, məsələnin aydınlaşdırılması və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin şifahi vəsatəti məhkəmə tərəfindən nəzərə alınmış, lakin buna baxmayaraq nümayəndə növbəti məhkəmə iclasına gəlməmiş, məhkəməyə iclasda səsləndirilən ifadələrə aydınlıq gətirə biləcək hər hansı sənəd təqdim edilməmiş, nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabitet vasitəsilə ərizə yükləyərək, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etməklə kifayətlənmişdir. Hazırkı məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə bildirdi ki, halhazırda ondan guya iki kombi almasına görə 1900 manat pul tələb edilir, halbuki o, cəmi bir kombi almış, həmin kombi hal-hazırda da onun evindədir. İkinci müqavilə ona görə bağlanmışdır ki, şirkətin işçisi Cavabdeh1 müqavilədə kombinin qiyməti səhv göstərmişdir. İddiaçı keçən məhkəmə iclasında buna aydınlıq gətiriləcəyini qeyd etsə də, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda o, işə mahiyyəti üzrə baxılmasını tələb etmir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 24 məhkəmə mübahisəsi üzrə cavabdeh qismində çıxış etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, tərəflər arasında bağlanması iddia edilən ikinci müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Belə olan halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər (*maddəyə dəyişikliklər xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir). Vergi Məcəlləsinin 140.2 və 140.2.1-ci maddələrinə görə, lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulduğu, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malik olduğu hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, iş üzrə real cavabdeh olan Cavabdeh2 fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Belə olan halda hazırkı tələbə hansı əsasla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan aydın deyil. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “ ... Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. ... qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. ... iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. ... Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır”. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 259.0.12, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-4737/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4737/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver