Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4838/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 12 sentyabr 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 oktyabr 2021-ci il tarixli, 271137 saylı müqavilə üzrə 240 manat əsas, 13 oktyabr 2021-ci il tarixli, 271138 saylı müqavilə üzrə 240 manat əsas, ümumilikdə 177,5 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 657,5 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli, 271137 saylı müqaviləyə əsasən, cavabdeh alğısatqı qiyməti 250 manat olan tozsoranı 10 manat ilkin ödəniş etməklə, qalan məbləği 9 ay ərzində aylıq 30 (ilk 3 aydan sonra hər ay 25 manat) manat manat ödəmək şərti ilə kreditlə almış və müqavilə şərtlərinə əməl etməməsi nəticəsində 240 manat əsas borcu yaranmışdır. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli, 271138 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 250 manat olan mikrodalğalı sobanı 10 manat ilkin ödəniş etməklə, qalan məbləği 9 ay ərzində aylıq 30 (ilk 3 aydan sonra aylıq 25 manat) manat manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 240 manat əsas, o cümlədən, hər iki müqavilə üzrə ümumilikdə 177,5 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 13 oktyabr 2021-ci il tarixli, 271137 saylı müqaviləyə əsasən, cavabdeh alğı-satqı qiyməti 250 manat olan tozsoranı 10 manat ilkin ödəniş etməklə, qalan məbləği 9 ay ərzində aylıq 30 (ilk 3 aydan sonra hər ay 25 manat) manat manat ödəmək şərti ilə kreditlə almışdır. - 13 oktyabr 2021-ci il tarixli, 271138 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 250 manat olan mikrodalğalı sobanı 10 manat ilkin ödəniş etməklə, qalan məbləği 9 ay ərzində aylıq 30 (ilk 3 aydan sonra aylıq 25 manat) manat manat ödəmək şərti ilə kreditlə almışdır. - 18 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 13 oktyabr 2021-ci il tarixli, 271137 saylı müqavilə üzrə 240 manat əsas, 13 oktyabr 2021-ci il tarixli, 271138 saylı müqavilə üzrə 240 manat əsas, hər iki müqavilə üzrə ümumilikdə 177,5 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına əsas vardır. Cərimə borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapsa da, nə maliyyə arayışında, nə də iddia tələbində müqavilələr üzrə cərimə məbləğləri ayrıayrılıqda göstərilməmişdir. Belə olan halda hansı müqavilə üzrə nə qədər cərimə borcu yarandığını müəyyənləşdirmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 271137 saylı müqavilə üzrə cavabdehdən 17 manat, 271138 saylı müqavilə üzrə də 17 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, beləliklə iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi kimi 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 13 oktyabr 2021-ci il tarixli, 271137 saylı müqavilə üzrə 240 manat əsas, 17 manat cərimə borcu, 13 oktyabr 2021-ci il tarixli, 271138 saylı müqavilə üzrə 240 manat əsas, 17 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 514 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4838/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4838/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver