Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-484/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə ilk və Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 619 manat məbləğində əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMCilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 619 manat dəyərində olan Hisense WFVC6010 Paltaryuyan maşın satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 51.59 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, qalan 619 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir, lakin borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aralarında bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edir. Alqısatqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Cavabdeh 02 oktyabr 2023-cü il tarixində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC ilə aralarında bağlandığını iddia etdikləri xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə onun arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə etibarsız hesab edilməlidir. Belə ki, onun İddiaçı MMC tərəfindən maşın onun ünvanına gətirilərək, onu aldadıb müqavilə bağlamışlar. İddiaçı MMC-nin əməkdaşları onu bilmədiyi kağızları göstərib getmişlər. Həmin vaxt onun xəstəliyi şiddətləndiyi dövrə düşdüyü üçün nə imzaladığını nə zaman imzaladığını bilməmişdir. Onun səhhətində ciddi problemlər var və vaxtaşırı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasında müalicə alır. Daha əvvəl də 1 nömrəli Klinik Psixiatriya xəstəxanasında müalicə almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(001)- 5783/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə ilk iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiklərini bildirib, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, paltaryuyan maşının qaytarılmasını tələb etsələr də, cavabdeh tərəf həmin paltaryuyanmaşını mənzili satarkən satdığını bildirmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilk iddia tələbini isə qəbul etmədiklərini bildirib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, o, ilk iddia üzrə iddiaçıya ya 100 manat verə bilər, ya da hər ay 50 manat olmaqla, 3 ay ödəniş edə bilər. Başqa ödəniş etməyə onların maddi imkanı çatmır. Paltaryuyan maşını isə evlə birlikdə satmışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh 12 (on iki) ay müddətinə, hər ay 51,59 manat olmaqla, dəyəri 619 manat olan “Hisense WFVC6010” markalı paltaryuyan maşın satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan görünür ki, Cavabdeh “Hisense WFVC6010” markalı paltaryuyan maşını xx.xx.2023-cü il tarixdə təhvil almış, bu barədə tərtib edilmiş aktı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçınə 619 manat əsas borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının 25 oktyabr 2023-cü il tarixli 1/5457 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Kamran qızı ilk dəfə 10 saylı Şəhər Poliklinikasının göstərişinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmuşdur. Diaqnoz “Şəxsiyyətin isterik pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiya halları, depressiv daxilolmalarla,psixotik simptomlarla, anamnezində suiqəsd cəhdləri ilə”. Təkrarən Cavabdeh Kamran qızı 10 saylı Şəhər Poliklinikasının göstərişinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmuşdur. Diaqnoz “ Şəxsiyyətin isterik pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiya halları, depressiv daxilolmalarla,psixotik simptomlarla, anamnezində sui-qəsd cəhdləri ilə”. Təkrarən Cavabdeh Kamran qızı 10 saylı Şəhər Poliklinikasının göstərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmuşdur. Diaqnoz “ Şəxsiyyətin isterik pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiya halları, depressiv daxilolmalarla,psixotik simptomlarla, anamnezində sui-qəsd cəhdləri ilə”. Təkrarən Cavabdeh Kamran qızı 10 saylı Şəhər Poliklinikasının göstərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmuşdur. Diaqnoz “Şəxsiyyətin isterik pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiya halları, depressiv daxilolmalarla,psixotik simptomlarla, anamnezində sui-qəsd cəhdləri ilə”. Sonuncu dəfə, Cavabdeh Kamran qızı 10 saylı Şəhər Poliklinikasının göstərişinə əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında müayinədə olmuşdur. Diaqnoz “Şəxsiyyətin isterik pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiya halları, depressiv daxilolmalarla, psixotik simptomlarla, anamnezində sui-qəsd cəhdləri ilə” İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2024-cü il tarixli 247 saylı rəyindən görünür ki, Cavabdeh Kamran qızının əvvəllər psixiatrik xəstəxanalarda stasionar müalicədə olmasını və hal-hazırda yoxlanılan şəxsin müayinə gedişatında verilən sualları cavablandırmaması, yəni onunla produktiv ünsiyyət yaratmağın mümkün olmadığını nəzərə alaraq məhkəmənin ekspert qarşısında qoyduğu sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Kamran qızı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -346.2-ci maddəsinə əsasən, sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -346.3-cü maddəsinə əsasən, şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. -346.4-cü maddəsinə əsasən, ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh Kamran qızına dəyəri 619 manat olan “Hisense” markalı paltaryuyan maşın sonuncuya satılmış və o, xx.xx.2022-ci il tarixdə həmin əşyanı qəbul etmişdir. Əşyanı aldıqdan sonra Cavabdeh Kamran qızı heç bir ödəniş etməmiş və həmin əşya hal-hazırda ev satılarkən, onunla birlikdə başqa şəxsə satılmışdır. Hal-hazırda ilk iddia üzrə iddiaçı müqavilə üzrə ödənilməmiş 619 manat məbləğində pulu tələb edir, qarşı tərəf isə müqavilə bağlanan zaman psixi xəstəliyi ilə əlaqədar müqaviləni imzalayan zaman anlaqsız olduğunu bildirərək, müqavilənin etibarsızlığını tələb edir. Məhkəmə ilk və qarşılıqlı iddiaları birlikdə təhlil edərək, belə nəticəyə gəlir ki, ilk iddia tələbli əsaslı, qarşılıqlı iddia tələbi isə əsassızdır. Belə ki, məhkəmə onu qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi əsaslara, yəni müqavilə bağlanan zaman anlaqsız olmasına və iradə ifadəsinin mövcud olmamasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən həmin əşyadan istifadə edilmiş, daha sonra əşya başqa şəxsə satılmışdır ki, bu əsaslar da müqavilənin etibarsız hesab olunması hallarını aradan qaldırır. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, ilk iddia tələbi təmin edilməli, Cavabdeh 619 manat əsas borcu alınaraq ilk iddia üzrə İddiaçınə verilməlidir. Qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh 619 (altı yüz on doqquz) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ilk iddia üzrə İddiaçınə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-484/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-484/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver