Məhkəmə qərarları › İş №e-2(001)-4909/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4909/2025

13.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4909/2025 13.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı – “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən Cavabdeh xx.xx.2011-ci il tarixli, 12192717 nömrəli müqaviləyə əsasən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Bu məqsədlə cavabdehə **********020 saylı abonent kodu açılmışdır.

2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehə aid abonent kartına əsasən Cavabdeh 2018-ci il üzrə 8,20 manat sərfiyyat borcu, 2019-cu il üzrə 18,50 manat sərfiyyat borcu, 2020-ci il üzrə 61,25 manat sərfiyyat borcu, 2021-ci il üzrə 65,49 manat sərfiyyat borcu, 2022-ci il üzrə 91,70 manat sərfiyyat borcu, 2023-cü il üzrə 75,60 manat sərfiyyat borcu, 2024-cü il üzrə 108 manat sərfiyyat borcu, xx.xx.2025-ci il tarixinədək isə 40 manat sərfiyyat borcu olmaqla, cəmi 457,72 manat ödənilməmiş sərfiyyat borcu qalmışdır.

3. İddiaçı Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 457,72 manat borcun (abonent kodu: **********020) və 30 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə barədə qətnamə qəbul edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********020) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 457,72 (dörd yüz əlli yeddi manat yetmiş iki qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 457,72 manat borcu əsaslıdır və hesab edirlər ki, iddia təmin edilərək həmin borc cavadehdən tutulmalıdır.

Cavabdehin etirazları:

5. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək iddia tələbini tam şəkildə qəbul etdiyini bildirmişdir.

Tərəflərin izahatları:

6. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarında iddia tələbini müdafiə etdiyini, cavabdehlə xx.xx.2011-ci il tarixdə müqavilə bağlandığını, borcun sayğacla hesablandığını, cavabdeh tərəfindən 2021-ci ildən bu yana heç bir ödəniş edilmədiyini, ona borc barədə bildiriş verildiyini 2019-cu ilin yanvarına qədər vətəndaşın borcunun olmadığını, sayğacın həmin tarixdə mexanikiyə keçdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbi ilə razı olduğunu bildirmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

8. İş materiallarında olan Abonent kartından müəyyən edilir ki, ünvan 1 ünvanında Abonent kodu **********020 olan Cavabdeh qızının 2018-ci il üzrə 8,20 manat sərfiyyat borcu, 2019-cu il üzrə 18,50 manat sərfiyyat borcu, 2020-ci il üzrə 61,25 manat sərfiyyat borcu, 2021-ci il üzrə 65,49 manat sərfiyyat borcu, 2022-ci il üzrə 91,70 manat sərfiyyat borcu, 2023-cü il üzrə 75,60 manat sərfiyyat borcu, 2024-cü il üzrə 108 manat sərfiyyat borcu, xx.xx.2025-ci il tarixinədək isə 40 manat sərfiyyat borcu olmaqla, cəmi 457,72 manat ödənilməmiş sərfiyyat borcu var.

9. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, cavabdeh xəbərdarlıq məktubunu almışdır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR AM): - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 30. (1) Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - Maddə 61. (1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. - Maddə 61. (2). Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. - Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: - Bənd 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. - Bənd 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini, cavabdehin iddia tələbini qəbul etməsinə dair ərizəsini, iddiaçının nümayəndəsinin izahatını, eləcə də iddia ərizəsinə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh (abonent kodu: **********020) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. xx.xx.2025-ci il tarixli abonentin ödəniş kartına əsasən, xx.xx.2011-ci il tarixli 12192717 saylı xidməti müqavilə üzrə Cavabdeh 457,72 manat borcu yaranmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir.

16. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır.

17. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı yaranmış borcu müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 457,72 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

18. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

19. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 457,72 (dörd yüz əlli yeddi manat yetmiş iki qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 xeyrinə tutulmalıdır.

NƏTİCƏ HİSSƏSİ:

20. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 119, 216-220, 227, 233, 317-321, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 457,72 manat borc (abonent kodu: **********020) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

4. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar