Məhkəmə qərarları › İş №e-2(001)-4974/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4974/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4974/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022ci il tarixli İF/06060 saylı saylı X2 müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə (lizinq obyekti geri alındığı tarixə) 2273,37 manat əsas, 2715,93 manat (mükafat) faiz, cəmi 4989,28 manat borcun, 4725,00 manat lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 manat məbləği və dövlət rüsumu olaraq ödədiyi 116.64 manat, cəmi 9880,64 manat məbləği onun xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təşkilatları arasında xx.xx.2022-ci il tarixli İF/06060 saylı 36 ay müddətli X2 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Ford Mondeo” minik markalı **-AJ-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdehə xəbərdarlıqlar edilsə də on iki aydan çoxdur ki, borc öhdəliklərini yerinə yetirmir. 20 yanvar 2023-cü il tarixindən başlayaraq 20 aprel 2024-cü il tarixinə qədər hər ay 389.33 manat olmaqla 6229.28 manat ödəniş etməli olduğu halda cəmi 1240.00 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 4989.28 manat (6229.28 AZN - 1240.00 AZN). Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 4725 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən xidmət haqqı 50 manat təşkil edir. Cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə ərizələrlə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, o, avtomobili 1 il əvvəl qüsursuz vəziyyətdə ona təhvil vermişdir. Bu barədə heç bir vaxt akt tərtib edilməmiş, həmin vaxt və keçən ay müddət ərzində ona qüsurla bağlı heç bir müraciət olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərləbağlı bildirir ki, şəkildəki avtomobil onun avtomobili ilə eyni modeldə olsa da onun avtomobili deyil. O, avtomobili qüsursuz halda təhvil vermişdir və təhvil verdiyi vaxtdan indiyə kimi 1 ildən çox müddət ərzində ona qüsurlu olması ilə bağlı heç bir müraciət edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin verilmiş suala cavab olaraq bildirdi ki, qüsur aktında göstərilənlər cavabdeh tərəfindən avtomobilin lazımi qaydada istismar edilməməsi nəticəsində əmələ gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, ərizəsində göstərilən məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Mondeo” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən), X1 (satıcı) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06060 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı, lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı lizinq verənə satır. Alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Nəqliyyat vasitəsinin təsviri marka-model “Ford Mondeo”, tip Sedan, mühərrik GL32512, WF04XXGBB46L32516, buraxılış ili 2006, mühərrikin həcmi 2000 sm3, rəngi qırmızı. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli İF/06060 saylı X2i müqaviləsinə, həmçinin müqaviləyə 1 və 2 saylı əlavələrə (ödəniş cədvəli və akt) əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri aşağıdakılardır: marka-model “Ford Mondeo”, tip Sedan, mühərrik GL32512, WF04XXGBB46L32516, buraxılış ili 2006, mühərrikin həcmi 2000 sm3, rəngi qırmızı. Lizinq obyekti 36 ay müddətinə lizinqə verilir. Lizinq müqaviləsi üzrə mükafat məbləği illik 36 faiz dərəcəsi ilə hesablanır. Lizinq obyektinin qiyməti 11.000 manat, avans məbləğ 2500 manat, lizinq məbləği 8.500 manat. Bu müqavilə ilə tərəflər üzərinə götürdüklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Lizinq haqqı vaxtında ödənilməzsə o halda lizinq alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. Cərimə zərərin miqdarından asılı olmayaraq tam həcmdə hesablanır. Ödəniş cədvəlinə əsasən lizinq alan xx.xx.2023-cü il tarixdən başalayaraq 36 ay müddətində hər ay 389.33 manat məbləğində ödəniş edilməlidir. Həmin tarixdə təhvil-təslim aktına əsasən lizinq obyekti istismara tam yararlı halda lizinq alana təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli xəbərdarlıq (pretenziya) məktubuna əsasən cavabdehə daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il il tarixli müqavilə üzrə 9498,68 manat borcun 3 gün ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixli İF/06060 saylı X2i müqaviləsində göstərilən lizinq obyekti təhvil verildi. Lizinq obyekti Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən avtomobil servisindən üstündə motoru və digər detalları olmadığı halda ustadan geri aldılar. Avtomobil geri alınarkən ustadan akta imza atmağı və ya qeyd qoymağı xahiş etsə də, o bundan imtina etmişdir. Aktı lizinq verən və ya başqa şəxs qismində Osmanlı Məhəmməd, iştirak edən qismində isə digər şəxs (adı oxunaqlı deyil) tərəfindən imzalanmışdır. Müstəqil ekspert Bayramlı Fərid tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Ford Mondeo” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4725 manat təşkil edir (ehtiyat hissələrinə görə - 3325 manat, işçiliyə görə 1400 manat); Müstəqil ekspert Bayramlı Fərid tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, “Ford Mondeo” minik markalı, **-AJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real dəyəri 6000 manat məbləğində təşkil etmişdir. Tərəfindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 1.275 manat məbləğində müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06060 saylı X2i müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 2273,37 manat, faiz (mükafat) borcu 2715,93 manat olmaqla cəmi 4989,30 manat təşkil edir; xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddianın qaldırılması üçün 117 manat məbləğində dövlət rüsumu, 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli İF/06060 saylı X2i müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı lizinq obyekti olan “Ford Mondeo” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 36 ay müddətinə 5515,96 manat mükafat hesablanmaqla lizinqə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən onun iddiaçıya 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 manat borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, xx.xx.2024-cü il tarixə (iddiaçının lizinq obyektinin geri qaytarılması bildirdiyi vaxta) yaranmış 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 manat borcunu iddiaçıya ödəməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu nəzərə almışdır ki, cavabdeh lizinq obyektini iddiaçıya 1 il əvvəl təhvil verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh etirazlarının əsası kimi istinad etdiyi həmin halları sübuta yetirməlidir. (AR MPM maddə 77.1) Bundan əlavə, iddiaçı lizinq obyektinin təhvil alınması zamanı onun mühərrikinin və digər detallarının olmadığını iddia edərək cavabdehdən 4725 manat məbləğində dəymiş zərərin tutulmasını istəmiş, həmin hissədə iddasını sübuta yetirmək məqsədilə xx.xx.2024cü il tarixli təhvil-təslim aktı və xx.xx.2024-cü il tarixli qüsur aktı təqdim etmişdir. İddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla həmin aktlar cavabdehin iştirakı ilə tərtib edilməmişdir. Digər tərəfdən həmin aktları imzalayanların şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə həmin aktı mötəbər sübut kimi qiymətləndirmir və qeyd edir ki, lizinq obyektinə məhz cavabdehin təqsiri ucbatından zərərin vurulması iş materialları ilə təsdiq olunmur. Lizinq obyektinin hazırda qüsurlu (nasaz) olmasının qəbul olunması belə, fərqli qənaətə gəlməyə əsas vermir. Belə ki, nəqliyyat vasitəsinin mühərrikinin qüsurlu olması heç şübhəsiz əsaslı təmir halına aiddir. Mülki Məcəlləyə görə, lizinq münasibətlərində lizinq obyektinin əsaslı təmirini qayda olaraq lizinq verən həyata keçirtməlidir. Belə ki, həmin məcəllənin 748-1.7-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Tərəflər arasındakı lizinq müqaviləsində qeyd edilən ana qaydadan fərqli qaydanın nəzərdə tutulması müəyyən olunmur. Bu isə o deməkdir ki, lizinq alanın qəsdi müəyyən olunmadığı müddətcə (hazırkı işdə də bu hal müəyyən edilmir) mühərrikdəki qüsur hər bir halda lizinq verən tərəfindən aradan qaldırılmalıdır. Odur ki, bu əsasla cavabdehdən zərərin tələb edilməsi istisna edilir. Göstərilənlər eyni zamanda iddia tələbinin avtomobilin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat məbləğin tutulması hissəsinin də rədd edilməsini şərtləndirir və məhkəmə bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq bu mövqeyini prosessual qənaət prinsipinə də uyğun sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli İF/06060 saylı X2i müqaviləsi üzrə cavabdehdən 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 58 manatı iddiaçının xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06060 saylı X2i müqaviləsi üzrə 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 (dörd min doqquz yüz səksən doqquz manat, otuz qəpik) manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 58 (əlli səkkiz) manatı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar