Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5025/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada 240 manat pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat olmaqla, ümumilikdə 270,4 manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Chevrolet Cruze” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 mart 2021-ci il tarixdən 30 mart 2022-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə iddiaçı tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddətdə 22 may 2021ci il tarixdə, saat 10:00-da Saray-Xırdalan yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Cavabdeh2 məxsus və etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə olunan “Chevrolet Cruze” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Toyota Corolla” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Cavabdeh1 hadisə zamanı avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Baş vermiş hadisə ilə bağlı cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. İddiaçı tərəfindən “Toyota Corolla” minik markalı avtomobilə dəymiş zərərlə bağlı 240 sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bununla da, sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 02 iyun 2021-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında qərardan”dan görünür ki, Cavabdeh1 həmin 22 may 2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnaməsi olmadan idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. - 07 iyun 2021-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Corolla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 240 manat müəyyən edilmişdir. - 24 iyun 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Toyota Corolla” markalı, **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 240 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 22 may 2021-ci il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi, Cavabdeh2 məxsus “Chevrolet Cruze” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək “Toyota Corolla” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə onun idarə etdiyi avtomobilin sığortaçısı kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkmişə 240 manat sığorta ödənişi edilmişdir. Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. (İXM 327.1 - yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; 332.1 - nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) Beləliklə, iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 240 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5025/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5025/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver