Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5094/2023 27.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əİbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5600 manat əsas borcun, əlavə faiz borcu olaraq 280 manat, cəmi 5880 pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m olan mənzili sökərək, onun əvəzində 59,2 kv.m sahəsi olan birotaqlı və 59 kv.m sahəsi olan digər 1 otaqlı mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədə göstərilən öhdəliklərinə uzun müddət əməl etmiş və iddiaçının müvəqqəti yaşayışı məqsədilə mənzil üçün aylıq 400 manat kirayə haqqını ödəmişdir. Lakin sonradan bu ödənişlər dayandırılmış və təqribən 14 ay üçün nəzərdə tutulmuş mənzil kirayə haqqı ödənilməmişdir ki, bu da 5600 manat təşkil edir. "xxxx" MMC-nin nümayəndəsi olan Elvin adlı şəxs xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC adından 35/AB-M 42 saylı, xx.xx.2022-ci il tarixli akt imzalayaraq, 5600 manat məbləğində olan boru 2023-cü ilin yanvar ayının sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliyinə də əməl etməmişdir. Cavabdehin ödəməli olduğu borc məbləği 5600 manat təşkil etdiyi üçün ona 5% borca əlavə edilməlidir ki, bu da 280 manat təşkil edir. Qeyd edilənlərə əsasən, iddiaçı pulu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: - xx.xx.2017-ci il tarixli, 35 №-li müqaviləyə əsasən, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 54 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan 3 otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 42 kv.m olan yaşayış sahəsinə şirkət tərəfindən əlavə güzəşt etməklə ümumi sahəsi 59,2 kv.m olan 1 otaqlı təmirli və ümumi sahəsi 59 kv.m olan 1 otaqlı təmirli mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” isə mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 35/AB-M 42 saylı akta əsasən, ümumi məbləği təşkil edən 5600 manat borcu 2023-cü ilin yanvar ayının sonuna kimi İddiaçı hissə-hissə ödəməyi öhdələrinə götürürlər. Tərəflər aktı öz imzaları ilə təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2). Beləliklə, Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şətlərinə uyğun olaraq tərəflər üzərinə öhdəlik götürmüşlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə öhdəlik götürürlər. Beləliklə, müqavilədə qeyd olunan tələblər cavabdeh tərəfindən icra olunmamışdır. Bununla da cavabdeh müqavilə üçün bütün öhdəliklərini yerinə yetirməmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarda olan 35/AB-M 42 saylı Aktdan məlum olur ki, cavabdehin nümayəndəsi 14 ay müddətində ödənişlər olmadığını qəbul edir və həmin məbləği 2023-cü ilin yanvar ayının sonuna kimi iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürür (1 ay=400 manat 14 ay x 400 manat = 5600 manat). Bununla da iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin əlavə faiz borcunun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə də iddia tələbi əlavə faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində gəlirdən məhrum olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 5600 manat pul məbləği alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak etmiş şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 5600 (beş min altı yüz) manat pul məbləği və 76 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-5094/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5094/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver