Məhkəmə qərarları › İş №e-2(001)-5182/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5182/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5182/2023 01.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “pul tələbi” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 445.72 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 535.72 manat dəyərində olan AT6988 Red uşaq elektromobili satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 44.65 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 90 manat ödəniş etmiş, qalan 445.72 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir, lakin o, borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aralarında bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edir. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, cavabdeh qeydə alındığı ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli ******* saylı, Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı dəyəri 535.72 manat olan malı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, malın dəyərini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən alıcı əşyanın qiymətini 12 ay müddətinə ödəməlidir. İddiaçı maliyyə arayışından görünür ki, Cavabdeh MMC-yə əsas məbləğ üzrə 445.72 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli müqavilə üzrə 445.72 manat əsas borc alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 445.72 (dörd yüz qırx beş manat,yetmiş iki qəpik) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar