Məhkəmə qərarları › İş №e-2(001)-5185/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5185/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5185/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 08 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 68 manat əsas, 10,2 manat cərimə borcu olmaqla cəmi 78,2 manat, 11 mart 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 360,7 manat əsas, 54,1 manat cərimə borcu olmaqla cəmi 414,8 manat, hər iki müqavilə üzrə ümumilikdə 493 manat və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı «Samsung A107” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 302 manat, 11 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, aldığı «Samsung A515” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 656,7 manat, ümumilikdə hər iki müqavilə üzrə 958,7 manat ödəməyi öhdəsinə götürmüş, ödənişləri təqdim olunmuş qrafik əsasında icra etməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddia tələbində göstərilən məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 08 fevral 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldığı «Samsung A107” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 302 manat ödəməyi öhdəsinə götürmüşdür. - 11 mart 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldığı «Samsung A515” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 656,7 manat ödəməyi öhdəsinə götürmüşdür. - 23 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 08 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 68 manat əsas, 10,2 manat cərimə borcu olmaqla cəmi 78,2 manat məbləğində borcu vardır. - 23 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 11 mart 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 360,7 manat əsas, 54,1 manat cərimə borcu olmaqla cəmi 414,8 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 08 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 68 manat əsas borca tənasübsüz olaraq 10,2 manat, 11 mart 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 360,7 manat əsas borca 54,1 manat cərimə borcunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, dər iki müqavilə üzrə dəbbə pulunun məbləği azaldılaraq, 08 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 5 manat, 11 mart 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 25 manat müəyyən edilməlidir. Beləliklə, hesab edirəm ki, iddia qismən təmin edilməli, hər iki müqavilə üzrə əsas borc iddia tələbində göstərilən məbləğlərdə, dəbbə pulu isə məhkəmənin müəyyənləşdirdiyi məbləğdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 08 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 68 manat əsas, 5 manat cərimə borcu, 11 mart 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 360,7 manat əsas, 25 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 458,7 manat və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 25 manat məbləğində tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar