Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5244/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5000 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,40 manat dövlət rüsumunun, ümumilikdə 5070,40 manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E200 minik” markalı, 90SK311 d.q.n.-lı avtomobil xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2020-ci il, saat 21:50-də Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı X2 məxsus, etibarnamə əsasında Cavabdeh2 verilmiş “Mercedes Benz E200 minik” markalı, 90SK311 d.q.n.-lı avtomobili Cavabdeh1 etibarnamə olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan sərnişin X10 aldığı xəsarətlərdən vəfat etmiş, avtomobildə olan digər sərnişin X5 az ağır dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı sığortalanmış avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi üzrə toplanmış material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Sözügedən cinayət işi ilə əlaqədar Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, 1(012)- 257/2021 nömrəli hökmə əsasən, hadisə ilə əlaqədar “Mercedes Benz E200 minik” markalı, 90SK311 d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar iş üzrə 5783 nömrəli sığorta aktı tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra mərhum X6 vərəsəsi, zərərçəkən X8 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən şirkət tərəfindən cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq zərərçəkənə ödənilən pul “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə uyğun olaraq cavabdehlərdən subroqasiya qaydasında tutulmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.20222-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirakının mümkün olmadığını, iddia tələbini müdafiə etdiyini bildirərək, işə təqdim edilmiş sübutlar əsasında baxılmasını və borcun cavabdehlərdən birgə qaydada tutularaq, AR Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin 1(012)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməsi və s. hökm edilmişdir.
6. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh1 ifadəsində bildirmişdir ki, atası Cavabdeh2 məxsus avtomobili hər dəfə atasının razılığı ilə idarə etmiş və etibarnaməsi olmadığından atası yanında olmuşdur. Lakin 20 aprel 2020-ci ildə əmisi ona zəng edib avtomobili istədikdə atası həmin vaxt Siyəzən rayonunda olduğundan açarı evdən götürüb yola düşmüşdür.
7. Bundan başqa məhkəmə istintaqında zərərçəkmiş şəxs Cavabdeh2 ifadəsində bildirmişdir ki, X1 mülkiyyətində olan Mercedes Benz minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili Mərərrəm Mirbabayevdən xx.xx.2016-cı ildə satın almış və avtomobili idarə etmək üçün ona notariusda təsdiq edilmiş etibarnamə verilmişdir. Sonradan avtomobili öz adına sənədləşdirmək istəsə də, Məhərrəm vəfat etdiyindən bu mümkün olmamışdır. İlkinin etibarnaməsi olmamışdır, lakin onun avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. İlkin maşının açarını evdən götürmüş, lakin evdə olsaydı belə yenə də İlkinə maşını verərdi və özü də sərnişin kimi maşında oturardı.
8. V-72/2021 saylı vərəsəlik işi üzrə verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi X9r. Şəhadətnamə verilən miras əmlak isə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 06-05/798 nömrəli məktuba əsasən mərhum X6 varisinə ödənilməli olan 5000 manat sığorta ödənişindən ibarətdir.
9. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, 5783 saylı sığorta aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı Cavabdeh2 arasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta müqaviləsi bağlanmış, sığortanın başlanma tarixi xx.xx.2019-cu il, bitmə tarixi xx.xx.2020ci il müəyyən edilmiş, sığorta məbləği 55000 manat olmuşdur.
10. Aktda sadalananlar əsasında müəyyən edilir ki, xx.xx.2020-ci il tarixində Cavabdeh1 tərəfindən Bakı-Quba yolu, 7.5-ci km-də yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində xəsarət alan şəxs ölmüş, məhkəmə tibbi-ekspertizasının xx.xx.2020-ci il tarixli, 906 №-li rəyinə əsasən dəymiş zərərin məbləği 5000 manat müəyyən olunmuş, X8 5000 manat köçürmə yolu ilə ödəniş edilmişdir.
11. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 10500 saylı ödənş tapşırığından görünür ki, bank vasitəsilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X7 hesabına 5000 mant sığorta ödənişi edilmişdir.
12. AC №066311 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz e200” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur.
13. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-İİİ seriyalı, 777131 seriyalı etibarnamənin surətindən görünür ki, X3 “Mercedes Benz e200” minik markalı **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Cavabdeh2 etibarnamə vermişdir.
14. AD seriyalı, 220065 saylı Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 BC kateqoriyası üçün avtomobil idarə etmək üçün sürücülük hüququ vardır.
15. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan 13 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, subroqasiya hüququna əsasən 5000 manat məbləğində vəsaitin şirkətin bank hesabına ödənilməsini xahiş edilmiş, qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barəsində məlumat verilmişdir.
16. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
17. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz E200” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixindən 1 il müddətində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığortalı Cavabdeh2 olmuşdur. “Mercedes Benz E200” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə mərhum X2 məxsus olmuş və xx.xx.2016-cı il tarixdən Cavabdeh2 faktiki sahibliyi və istifadəsindədir. Cavabdeh2 oğlu Cavabdeh1 20 aprel 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən sığorta hadisəsi törətmişdir. Sığortaçı tərəfindən faydalanan şəxsə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hal hazırda sığortaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən subroqasiya qaydasında ödədiyi sığorta məbləğini cavabdehlərdən tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
20. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
21. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;
22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
23. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir;
24. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır;
25. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
26. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
27. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
28. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
29. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
30. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;
31. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
32. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
33. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
34. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
35. Odur ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması və faydalanan şəxsə sığorta ödənişinin həyata keçirilməsi öz təsdiqini tapmışdır.
36. Lakin məhkəmə hesab edir ki, iddiaçı “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsaslanaraq cavabdehlərdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır.
37. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.
38. Eyni zamanda qeyd edilməlidir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.
39. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.
40. Eyni zamanda icbari sığorta fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir və tərəflərin mülki məsuliyyəti sığorta riskinin birbaşa əsasını təşkil edir. Yəni yüksək təhlükə mənbəyinin vurduğu zərər onsuz da sığortaçının üzərinə götürdüyü sığorta riskidir.
41. Bununla belə icbari sığorta haqqında qanunvericiliyin normalarından müəyyən edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ o vaxt yaranır ki, sığortalı(və ya sığorta olunan) sığorta hadisəsinin baş verməsində qəsdən qanunazidd hərəkətlər törətmiş olsun, sığorta riskinin artmasına və nəticədə sığorta hadisəsinin baş verməsinə şərait yaratmış olsun, təqsirin müəyyən edilməsinə və sığorta hadisəsinin təfərrüatları ilə bağlı obyektiv araşdırmanın aparılmasına mane törətmiş olsun(avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır).
42. Göründüyü kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnun yaranması əsasları əsasən sığorta riskinin dəyişməsinə səbəb olan və məsuliyyət yaradan konkret qanunazidd hərəkətlərdən irəli gəlir. Çünki icbari sığorta müqaviləsi bağlamaq öhdəliyi hamı üçün məcburidir və həmin müqavilə tərəflərin iradəsinə uyğun şərtlərin daxil edilməsi qadağan olunan və şərtləri qanunla müəyyən edilən standart sığorta müqaviləsidir.
43. Halbuki işin halları ilə müəyyən edildiyi kimi sığortalının avtomobili etibarnamə olmadan başqa şəxsə verməsi ona münasibətdə inzibati məsuliyyət yaratmır, avtomobilin başqa şəxsin idarəçiliyinə verilməsi həmin şəxsin Mülki qanunvericiliyə əsasən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs hesab edilməsinə əsas vermir, sığorta hadisəsi sığorta olunanın qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi deyildir, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini gərəkdirən hal deyildir.
44. Bununla yanaşı avtomobili etibarnamə olmadan idarə etmiş sürücülük hüququ olan Cavabdeh1 avtomobilə faktiki sahiblik edən sığortalı Cavabdeh2 oğludur. Cavabdeh2 dəfələrlə avtomobili idarə etməsi üçün özünün də iştirakı ilə idarəetməni oğluna verdiyini təsdiq etmişdir. Yəni tərəflər arasında avtomobilin sahibin iradəsinə zidd olaraq idarə edilməsi halları olmamışdır.
45. Odur ki, sığorta olunanın etibarnaməsinin olması və ya sığortalının sığorta hadisəsi zamanı avtomobildə olmuş olması sığorta riskinə təsir edən amil olmadığından subroqasiya hüququ da yarana bilməz.
46. Bundan başqa Cavabdeh2 özünün nəqliyyat vasitəsini kiminsə istifadəsinə verməsinə səlahiyyətinin olub-olmaması barədə sual yarana bilər. Lakin bu məqamda qeyd edilməlidir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.
47. Yəni həmin məsələ də mülkiyyətçi ilə əşyaya faktiki sahiblik edən şəxs arasında yaranan mübahisələrə aiddir və sığorta ödənişindən imtinaya, o cümlədən subroqasiya hüququnun yaranmasına əsas vermir. Tətbiq edilən prosessual normalar:
48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
49. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
50. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
52. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
53. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev