Məhkəmə qərarları › İş №e-2(001)-534/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-534/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-534/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Leili İsmayılovanın iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə (MKTD) və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə (MKTB) qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Sığorta Şirkəti ASC Bakı şəhəri MKTD-yə və Binəqədi rayon MKTB-də qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş sığorta haqqı kimi 18364,08 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145,1 manatın Binəqədi rayon MKTB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB arasında xx.xx.2021-ci il tarixində **********622 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” və həmin müqaviləyə QH********** nömrəli Qoşma imzalanmış və cavabdeh tərəfindən ödənilməli sığorta haqqının cəmi məbləği 49627,08 manat müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində 2739 manat, xx.xx.2023-cü il tarixində 28524 manat sığorta haqqı ödəsə də, qalıq 18364,08 (on səkkiz min üç yüz altmış dörd manat səkkiz qəpik) manat sığorta haqqı borcunu ödəməmiş, müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. Qoşmanın qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixində başa çatmışdır. Bundan sonra QH********** nömrəli Qoşma üzrə yaranmış 18364,08 (on səkkiz min üç yüz altmış dörd manat səkkiz qəpik) manat sığorta haqqı borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsinin təmin olunması tələbini özündə əks etdirən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə ödəniş üçün yeni müddət müəyyən edilmiş, lakin sığorta haqqı borcu bugünədək ödənilməmişdir. Sığortalı ilə bağlanılmış xx.xx.2022-ci il tarixində **********622 nömrəli müqavilənin 9.2.1-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiasını müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti (MKTD) və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamış, habelə iddiaya öz yazılı münasibətini bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddianın Bakı şəhər MKTD Binəqədi rayon MKTB-yə münasibətdə təmin olunması üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İddiaçı Sığorta Şirkəti ASC ilə Bakı şəhəri MKTD Binəqədi rayon MKTB arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli, **********622 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əsasən, iddiaçı müvafiq sığorta tarifləri əsasında hesablanan sığorta haqqını ödəməsi müqabilində müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı sığorta ödənişini verməyi öhdəsinə götürmüşdür. 10 dekabr 2021-ci il tarixli, **********622 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin QH********** saylı illik qoşmadan görünür ki, ümumi sığorta haqqı 49627,08 manat müəyyənləşdirilmişdir. Müqavilə müddəti xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə etdiyindən, sığorta haqqının birdəfəlik qaydada ödənilmə müddəti xx.xx.2023-cü il tarix nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış 01 avqust 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı 10 dekabr 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 18364,08 manat sığorta haqqının 09 avqust 2024-cü il tarixədək ödənilməsini cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron saytından əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon MKTB hüquqi şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 397.1-ci maddəsində göstərilmişdir ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.4-cü maddəsinə əsasən, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 10-cu maddəsinə əsasən, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 14.1-ci maddəsinə əsasən, sığorta haqqı sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta olunanın sığortaçıya verməli olduğu pul məbləğidir. 20-ci maddəsində sığorta olunanın vəzifələrindən biri kimi sığorta haqqını vaxtında ödəməsi göstərilmişdir. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı ilə Binəqədi rayon MTKB arasında 10 dekabr 2021-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin dəyəri, yəni “Sığortaçı” adlanan iddiaçıya ödənilməli sığorta haqqı 49627,08 manat müəyyənləşdirilmiş, lakin Binəqədi rayon MKTB tərəfindən sığorta haqqının ödənilməsi ilə bağlı müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlik lazımınca icra edilməmiş, 18364,08 manat ödənilməmiş qalmışdır. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmə hesab edir ki, mübahisə tamhüququlu tərəf kimi bağlandığı tərəflər arasında hüquq münasibətləri, öhdəlik, vəzifə və hüquqlar yaratması səbəbindən müqavilə üzrə öhdəliklər də məhz onun tərəfləri üçün məcburi olduğundan mübahisə yaranmış olduğu zaman tələb məhz həmin tərəfə qarşı yönəldilməlidir. İddiaçının hansı əsasla Bakı şəhəri MKTD-ni cavabdeh qismində işə cəlb etdiyi isə məlum deyil, həmçinin o da qeyd olunur ki, iddia ərizəsində Bakı şəhəri MKTD cavabdeh qismində göstərilsə də, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Qeyd olunanlara əsasən iddia Binəqədi rayon MKTB-yə münasibətdə təmin edilməli, 18364,08 manat sığorta haqqı ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərinə gəldikdə isə, ddia təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145,1 manat məbləğində pul vəsaiti cavabdeh Binəqədi rayon MKTB-dən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Binəqədi rayon MKTB-dən sığorta haqqı kimi 18364,08 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145,1 manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qalan hissədə (Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti (MKTD) nə münasibətdə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar