Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5347/2023 01.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 04 fevral 2022 və 26 mart 2022-ci il tarixli müqavilələrə əsasən ödənilməmil 6224 manat pul vəsaitinin, 13 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 7000 manat pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 130 manatın, beləliklə, ümumilikdə 13354 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022 və xx.xx.2022-ci il tarixli soyutma və istilik sisteminin müddətlisatışı üzrə 2 müqavilə imzalanmışdır. Həmin müqavilələr üzrə İddiaçı öz öhdəliklərini yerinə yetirmiş, müqavilələrin predmeti olan əşyaları alıcıya satmışdır. Cavabdeh isə bağlanmış olan müqavilələr üzrə satılan soyutma və istilik sistemlərinin razılaşdırılmış dəyərini iddiaçıya ödəməmişdir. Bununla da cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və mülki qanunvericiliyin öhdəliklərin icrası üzrə vicdanlılıq prinsipini pozmuşdur. Göstərilən müqavilələr üzrə cavabdehin İddiaçı ümumilikdə 6224 (altı min iki yüz iyirmi dörd) manat məbləğində borcu yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli Müqavilənin ümumi dəyəri 2106 manat, xx.xx.2022-ci il tarixli Müqavilənin ümumi dəyəri 4118 manat təşkil edir. Lakin müqavilələr bağlanan vaxtdan etibarən iddiaçıya heç bir ödəniş olunmamışdır. xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixli Müqavilələrin 3.4.1-ci maddəsində qeyd olub ki, Alıcı müqavilənin ümumi dəyərini müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəməyə borcludur. Həmçinin müqavilələrin 3.4.4-cü maddələrində isə göstərilir ki, Alıcının həmin müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də mövcuddur. Müqavilənin icrası, o cümlədən ödənilməmiş pul vəsaitinin ödənilməsi barədə cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin o vaxtdan etibarən də hər hansı ödəniş həyata keçirilməmişdir. Bundan əlavə, tərəflər arasında xx.xx.2022 tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh 7000 manat məbləğində borc pul vermişdir. Müqavilənin üzərində Cavabdeh 7000 manat məbləğində pulu aldım qeydi yazmışdır. Lakin həmin pul da İddiaçı geri qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin yaşayış ünvanına poçt vasitəsilə, habelə mobil telefonuna “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “SMS bildiriş” tətbiqi ilə sms vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmişdir. Mülki iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, xxxxxxx04 saylı “İstilik sisteminin müddətli satışı üzrə müqavilə”dən görünür ki, Xudiyev X2 Samir Salah oğluna ümumi dəyəri 2106 manat olan istilik sistemini və aksessuarlarını dəyərini 12 ay müddətinə, aylıq 175,5 manat ödəmək şərti ilə satmış, Cavabdeh ödənişlə bağlı öhdəlikləri öz üzərinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 mart 2022-ci il tarixli, xxxxxxx saylı “Soyutma sisteminin müddətli satışı üzrə müqavilə”dən görünür ki, Xudiyev X2 Samir Salah oğluna ümumi dəyəri 4118 manat olan soyutma sistemini və aksessuarlarını dəyərini 12 ay müddətinə, aylıq 343,17 manat ödəmək şərti ilə satmış, Cavabdeh ödənişlə bağlı öhdəlikləri öz üzərinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 may 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 13 noyabr 2022-ci il tarixədək qaytarmaq şərti ilə 7000 manat borc almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin müəyyən edilən hallarına əsasən tərəflər arasında mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasında 04 fevral 2022-ci il tarixli, xxxxxxx04 saylı “İstilik sisteminin müddətli satışı üzrə müqavilə”, 26 mart 2022-ci il tarixli, xxxxxxx saylı “Soyutma sisteminin müddətli satışı üzrə müqavilə” və 13 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirsə də cavabdeh tərəfindən öhdəliklərinin lazımi qaydada icra edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hər üç müqavilə üzrə borcun yaranması aşkardır lakin, borcun ödənilməsinə dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 04 fevral 2022-ci il tarixli, xxxxxxx04 saylı müqavilə üzrə 2106 manat, 26 mart 2022-ci il tarixli, xxxxxxx saylı müqavilə üzrə 4118 manat, 13 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 7000 manat borc olmaqla, ümumilikdə 13224 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 130 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5347/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5347/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver