Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5405/2024 25.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Məhyəddin qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 3232 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 52,32 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 416 nömrəli alqı-satqı müqaviləsinə əsasən Salyan rayonu, Sarvan kəndində yerləşən 5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3082,92 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 65,00 manat məbləğində çöp doğrama, 273,60 manat məbləğində 1-ci şum, 357,00 manat məbləğində mala çəkmə, 70,00 manat məbləğində çiyid səpini, 80,00 manat məbləğində kultivasiya, 52,00 manat məbləğində dərman səpini, 600,00 manat məbləğində 1-ci yığım, 750,00 manat məbləğində arat pulu, alaq təmizləmə və suvarma pulu üçün verilmiş avans, 67,32 manat məbləğində gübrə və dərmanlara, 768,00 manat məbləğində əkin üçün verilmiş toxumluq çiyid olmaqla, cəmi 3082,92 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 4027,46 kiloqram, 2819,22 manat dəyərində xam-pambıq təhvil vermiş, 2968,30 manat məbləğində ötən illərdən qalıq nəzərə alınmaqla bu günə iddiaçıya 3232 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284.1, 284-5, 284-5.3 və 284-6.1-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalı və iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli 416 nömrəli xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh məxsus Salyan rayonu, Sarvan kəndində yerləşən 5 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, Cavabdeh tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, İddiaçı MMC-yə təhvil verilməsi və İddiaçı MMC tərəfindən Cavabdeh borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. - İddiaçı MMC tərəfindən tərtib edilmiş aktlardan və malların fiziki şəxslərə təhvilqəbul qəbzlərdən görünür ki, İddiaçı MMC tərəfindən 65,00 manat məbləğində çöp doğrama, 273,60 manat məbləğində 1-ci şum, 357,00 manat məbləğində mala çəkmə, 70,00 manat məbləğində çiyid səpini, 80,00 manat məbləğində kultivasiya, 52,00 manat məbləğində dərman səpini, 600,00 manat məbləğində 1-ci yığım, 750,00 manat məbləğində arat pulu, alaq təmizləmə və suvarma pulu üçün verilmiş avans, 67,32 manat məbləğində gübrə və dərmanlara, 768,00 manat məbləğində əkin üçün verilmiş toxumluq çiyid olmaqla, cəmi 3082,92 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiyqiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3232 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 52,32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3232 (üç min iki yüz otuz iki) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 52,32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-5405/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5405/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver