Məhkəmə qərarları › İş №e-2(001)-546/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-546/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-546/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilərək, Cavabdeh7549,18 (yeddi min beş yüz qırx doqquz manat 18) manat, faiz borcu üzrə 6063.43 (altı min altmış üç manat 43 qəp) manat,cərimə borcu üzrə isə753.91 (yeddi yüz əlli üç manat 91 qəp) manat olmaqla ümumilikdə 14366.52 (on dörd min üç yüz altmış altı manat 21 qəp) manat məbləğində və ödənilmiş 134 (bir yüz otuz iki ) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı“Daxili lizinq müqaviləsi” nə əsasən Cavabdeh sifarişi ilə 2010-cu il buraxılışlı, VOLKSWAGEN PASSAT minik markalı , ** PE *** dövlət qeydiyyat nışanlı, WVWMP7AN4AE565436 ban nömrəli , tünd boz metallik rəngli minik avtomobili 16500 manat məbləğinə BOKT "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləricədvəlinə (Əlavə №2) əsasən Cavabdeh illik 30% hesablanmaqla 24 ay müddətinə hər ay 643 manat olmaqla ümumilikdə 15432 manat pulu BOKT "xxxx" MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, 20 iyun 2020-ci il tarixdə cavabdeh təşkilatımıza ərizə ilə müraciət edərək pondemiya ilə əlaqədar ödənişi gecikdirdiyini və qalıq məbləğini 7961 azn 30% olmaqla 16 ay müddətində və aylıq ödənişin hər ayın 22sinə keçirilməsi üçün müraciət etmişdir. 07/554-2019 saylı “Daxili maliyyə lizinq müqaviləsi” nə dəyişikliklər edilərək 1 saylı razılaşma imzalanmışdır. Cavabdeh olunmuş xəbərdarlıqlara baxmayaraq götürmüş olduğu öhdəliklərin icrasından boyun qaçırır və onun tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 200 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 07/554-2019 saylı “Daxili lizinq müqaviləsi ” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə iddiaçıya əsas üzrə 7549,18 (yeddimin beş yüz qırx doqquz manat 18) manat, faiz borcu üzrə 6063.43 (altı min altmış üç manat 43 qəp) manat,cərimə borcu üzrə isə 753.91 (yeddi yüz əlli üç manat 91 qəp) manat olmaqla ümumilikdə 14366.52 (on dörd min üç yüz altmış altı manat 21 qəp) manat məbləğində borcu yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibət:

3. Məhkəmə iclaslarında iddiaçı tərəf iki nümayəndə vasitəsilə təmsil edilmiş və nümayəndələr izahatlarında bildirmişlər ki, cavabdehin ödənişlərində dəfələrlə gecikmələr olmuşdur. Buna baxmayaraq 20 iyun 2020-ci il tarixdə cavabdeh təşkilatımıza ərizə ilə müraciət edərək pondemiya ilə əlaqədar ödənişi gecikdirdiyini və qalıq məbləğini 7961 azn 30% olmaqla 16 ay müddətində və aylıq ödənişin hər ayın 22-sinə keçirilməsi üçün müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehə güzəşt edilərək 07/554-2019 saylı “Daxili maliyyə lizinq müqaviləsi” nə dəyişikliklər edilərək 1 saylı razılaşma imzalanmışdır. Cavabdeh avtomobili özbaşına avto salona qoyaraq satmışdır. Tərəfimizdən dəfələrlə Cavabdeh olunmuş xəbərdarlıqlara baxmayaraq götürmüş olduğu öhdəliklərin icrasından boyun qaçırmışdır. Biz avtomobili Xırdalanda tam yararsız vəziyyətdə tapmışıq. Avtomobil tapılan zaman motoru, karobkası, oturacaqları və digər hissələri olmamışdır. Cavabdeh bizim məlumatımız olmadan avtomobili Nizami adlı şəxsə, həmin şəxs Şəmi adlı şəxsə və belə avtomobil bir neçə şəxsə satılıb. Sonuncu dəfə avtomobil Elgün və daha sonra isə Aydın adlı şəxsin istifadəsində olmuşdur. Aydını axtaran zaman biz onun həbs olunduğunu müəyyən etdik. Elgün isə bu məsələnin ona aid olmadığını bilddirdi. Biz avtomobili tapandan sonra Abşeron rayon prokurorluğuna və Sumqayıt şəhər prokurorluğuna həm oğurluq, həm də ki, dələduzluqla bağlı şikayət ərizəsi ilə müraciət etdik. Məqsədimiz avtomobili yararsız hala salan şəxsi aşkar etmək idi. Lakin Abşeron rayon prokurorluğu və Sumqayıt şəhər prokurorluğu cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edərək şikayətimizin mülki xarakterli olduğundan aidiyyəti məhkəməyə müraciət etməyimizi tövsiyyə etmişlər. Cavabdeh 07/554-2019 saylı “Daxili lizinq müqaviləsi ” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə iddiaçıya əsas üzrə 7549,18 manat, faiz borcu üzrə 6063.43 manat, cərimə borcu üzrə isə 753.91 manat olmaqla ümumilikdə 14366.52 manat məbləğində borcu yaranmışdır. Biz hətta cavabdehə 7549,18 manat əsas borcu aylıq 200 manat olmaqla ödəməsini təklif etdik. Lakin iddiaçı bizim bu təklifimizlə də razılaşmamışdır. Cavabdeh pandemiya dövründə aylıq ödənişləri etməkdə çətinlik çəkdiyi üçün Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə müraciət edərək, tərəflər arasında yeni müqavilə bağlanmışdır. Cavabdeh onların məlumatı olmadan avtomobili satmışdır. Avtomobilin satılması barədə 3-4 aydan sonra məlumatları olmuşdur. Belə ki, avtomobilin aylıq ödənişləri gecikdiyi üçün cavabdehlə əlaqə saxlanılmış, cavabdeh avtomobilin nasaz olduğu üçün satdığını bildirmişdir. Bundan sonra onlar avtomobili alan şəxslə də əlaqə saxlamış və həmin şəxs isə avtomobilin servisdə olduğunu bildirmişdir. Avtomobilə baxış keçirən zaman avtomobilin motorunun və karobkasının olmadığını müəyyən etmişlər.

4. Verilən suallara cavab olaraq isə bildirmişlər ki, avtomobili 23 oktyabr 2021ci il tarixində Xırdalanda bazarın arxasında tamamilə yararsız bir vəziyyətdə tapmışlar. Dərhal AR DİN-nin 102 xidmətinə və DYP-nə məktubla müraciət edilmişdir. Əməkdaşlar gələrək yerində avtomobilə baxmışlar. Avtomobilin idarə edilməsi üçün Familə verilən etibarnamənin müddəti 1 aylıq olmuşdur. Familin digər şəxslərə hansı sənədlərlə avtomobil verməsi onlara məlum deyil. Çünki təşkilat olaraq həmin şəxslərə etibarnamə verməmişlər. Famil avtomobili Nizami və Rauf adlı şəxslərə, Nizami özü Şəmiyə, Şəmi Eminə, Emin isə sonuncu dəfə başqasına verib. Lakin hazırda avtomobil tamamilə yararsız vəziyyətdədir. Bu şəxslərin əməlində olan cinayətin əlamətlərinə görə cinayət işinin başlaması üçün polisə müraciət etsələr də, cinayət işinin başlanması 4 dəfə rədd edilmişdir. Hazırda istintaq Sumqayıt Şəhər Polis İdarəsində davam edir. Avtomobil onların mülkiyyətindədir. Famil müqavilə üzrə öhdəliklərini tam icra etsəydi, onun adına keçə bilərdi. Cavabdeh bu günə kimi 8839,5 manat ödəniş edib. Yaxın tarixlərdə isə Nizami adlı şəxs tərəfindən cavabdehin hesabına ödənişlər edilmişdir. Biz avtomobili aşkar edən zaman dərhal DİN-nin 102 məlumat xidmətinə, Abşeron Rayon Polis İdarəsinə və sığortaya məlumat vermişik, avtomobil aşkar olunan zaman artıq sığorta müddəti bitmişdir. Avtomobil servisdən götürülən zaman yol vərəqəsi yazılmışdır. Başqa heç kimə yol vərəqəsi verilməmişdir.

5. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edən zaman izahatında bildirmişdir ki, avtomobil 6 ay mənim istifadəmdə olmuşdur. Bu müddət ərzində aylıq ödənişlərim də bir gün belə gecikmə olmamışdır. Lakin sonradan avtomobili alverçiyə satdım. Məndən sonra avtomobil bir neçə şəxsə satılmış və həmin şəxslərə etibarnamələr verilmişdir. Qəbələ rayon yol polisi şöbəsi tərəfindən mənə cərimələr gəldiyi üçün BOKT "xxxx" MMC-yə yaxınlaşdım. Orada mənə Dövlət Yol Polisi İdarəsinə təqdim etməyim üçün avtomobilin tərəfimdən idarə etməməyim barədə sənəd verdilər. Lakin mən həmin sənədi Dövlət Yol Polisi İdarəsinə təqdim etmədim. BOKT "xxxx" MMC tərəfindən mənə bu yaxınlarda avtomobilin borcu olması barədə məlumat verilmişdir.

6. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili iddiaçının razılığı olmadan 2020-ci ilin fevral ayında satmışdır, lakin sonradan BOKT "xxxx" MMC-nin işçisi Samir adlı şəxsə məlumat vermişdir. Satdığım şəxsə o, mülki etibarnamə, BOKT "xxxx" MMC isə yol vərəqəsi vermişdir. Satdığım şəxs məndən xahiş etdiyi üçün xx.xx.2020-ci ildə yeni qrafikin açılması ilə bağlı ərizə ilə iddiaçıya müraciət etmişdir. xx.xx.2020-ci ildən sonra avtomobilin başqa şəxslərə satılması barədə məlumatı yoxdur. O avtomobili Nizami və Rauf adlı şəxslərə satmışdır və verdiyi etibarnaməni hələ də ləğv elətdirməmişdir.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatlarında bildirmişdir ki, avtomobil 2020-ci ildə 6 ay müddətinə cavabdehin istifadəsində olmuşdur. Avtomobil cavabdehin istifadəsində olan zaman 6 ay ödəniş etmişdir. Lakin 6 aydan sonra Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin razılığı ilə mülki etibarnamə əsasında başqa bir şəxsə satmışdır. Avtomobili alan şəxs qeyri-rəsmi avtomobilə dair ödənişləri öz üzərinə götürmüşdür. Daha sonra avtomobil başqa şəxslərin istifadəsində olmuşdur. Sonradan avtomobillə yol nəqliyyat hadisəsi törədilib və avtomobil iddiaçı tərəfindən götürülmüşdür. Cavabdehdən aldığı məlumata əsasən avtomobilin motorunda problem olmuş, qalan hissələri normal vəziyyətdə olmuşdur. Cavabdeh iddia edir ki, iddiaçı tərəf avtomobilə görə lizinq müqaviləsi onunla bağlandığı halda digər şəxslərə də, etibarnamə vermişdir. Dediyinə görə həmin etibarnamələr və etdiyi ödənişlərlə bağlı əlində sübutları var. Avtomobili iddiaçı tərəf məhkəməyə iddia verilməmişdən çox əvvəl əldə edib. Lakin avtomobilin təhvil alındığı zaman ona yol polisinin əməkdaşının iştirakı ilə texniki baxışın keçirilib-keçirilməməsi məlum deyil. Bu barədə hər hansı sənəd təqdim edilməmişdir.

8. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi, vəkil iddianı qismən qəbul etmiş və bildirmişdir ki, mübahisənin yaranmasında həm cavabdehin, həm də iddiaçı tərəfin məsuliyyətsizliyi olmuşdur. İddianı ekspert rəyində müəyyən edilmiş məbləğdə qəbul edirlər. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

9. Satıcı-Orucov Rauf, alıcı-Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC, lizinq alan-Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “Lizinq obyektinin alqı-satqı müqaviləsi”-nə əsasən satıcı ona məxsus “Volksvagen Passat” minik markalı avtomobili alıcıya satmağı, alıcı isə qeyd olunan əmlakı lizinq alana lizinqə verilməsi üçün öz mülkiyyətinə əldə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 16500 manat olmuşdur.

10. Lizinq verən -Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə lizinq alan- Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “X1” müqaviləsinə əsasən, lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizina obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürmüşdür. Lizinqin müddəti 24 ay, illik 30 faiz, lizinq məbləği 11500 manat müəyyən edilmişdir. Lizinq obyektinin ümumi dəyərinin 30.3 faizini, yəni 5000 manatını lizinq alan ödəməyi öz öhdəsinə götürmüşdür.

11. Ödəniş qrafikinə əsasən lizinq müqaviləsi üzrə ödənişlər xx.xx.2019-cu ildən başlamalı, xx.xx.2021-ci ildə bitməli idi və lizinq alan hər ay 643 manat olmaqla cəmi 15436 manat ödəməli idi.

12. 22.06.2020-ci il tarixdə lizinq alan və lizinq verən arasında bağlanan razılaşmaya əsasən, lizinq müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.

13. Hesabdan çıxarış məlumatlarına əsasən müqavilə üzrə cəmi 8839.5 manat ödəniş edilmişdir və sonuncu dəfə xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə 200 manat olmaqla, cəmi 400 manat ödəniş edilmişdir.

14. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, lizinq obyekti olan “Volksvagen Passat” minik markalı avtomobilin qeydiyyat nömrəsi **-PE-***-dir və Bank Olmayan Kredit Təşkilatı İddiaçı mülkiyyətindədir.

15. Dövlət Yol Polisi tərəfindən təqdim edilən nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, avtomobil MMC-nin mülkiyyətində olduğu vaxtdan heç kimə etibarnamə verilməmişdir.

16. İddiaçı tərəfin bildirdiyinə görə nəqliyyat vasitəsini yararsız vəziyyətdə xx.xx.2021-ci il tarixdə tapmışlar və həmin vaxtdan onların sahibliyindədir.

17. Lizinq müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan borcun müəyyən edilməsi ilə bağlı ekspertiza tədqiqatı keçirilmiş və aparılmış tədqiqatın dəyəri 100 manat olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “X1” müqaviləsi üzrə Cavabdeh lizinq verənə xx.xx.2021-ci il tarixə əsas borcu 7386.43 manat, faiz borcu 306.29 manatdır.

18. Ekspert qarşısında səhv olaraq xx.xx.2021-ci il tarixə olan borcun müəyyən edilməsi barədə sual qoyulmadığından həmin hissədə tədqiqat aparılmamışdır. Bununla belə ekspertiza tədqiqatı zamanı müqavilə üzrə hər günə düşən faiz borcunun 6.16 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən müqavilə müddətinin sonu olan xx.xx.2021-ci il tarixə olan 88 gün gecikmə faizi ekspert rəyində öz əksini tapmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır;

21. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

22. - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

23. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

24. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

25. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

26. - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;

27. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;

28. - 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

29. - 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

30. - 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir;

31. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;

32. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

33. - 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir.

34. -748-11.1-ci maddəsində göstərilmişdir ki, lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

35. - 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

36. “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və Mülki Kollegiyalarının xx.xx.2021-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq normalarına istinad edərək isə qeyd edilmişdir ki, mahiyyət etibarı ilə avans, mülki hüquqi əqd üzrə əvvəlcədən aparılan ödənişdir və podratçı avans ödənişindən yalnız müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. Bundan əlavə həmin qərardadda yekun olaraq göstərilmişdir ki, yuxarıda qeyd olunan mübahisəli məsələlərin yaranmasına zəmin yaratmamaq üçün lizinq müqaviləsi üzrə tərəflərin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq alanın avans ödəmək öhdəliyini tənzimləyən müvafiq normanın olmamasını nəzərə almaları, mübahisə halında qarşılıqlı hesablaşmaların aparılması qaydasına dair müqavilə şərtini müəyyən etmələri məqsədəuyğun olardı.

37. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və lizinq alan öhdəliyini lazımi qaydada icra etməmişdir. Belə ki, əvvəla lizinq alan müqavilə üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini vaxtında və tam həyata keçirməmişdir. Bundan əlavə lizinq alan müqavilə şərtlərini pozaraq lizinq predmetini lizinq verənin razılığı olmadan başqa şəxsin istifadəsinə vermişdir. Bununla belə lizinq verən lizinq predmetini müqavilə müddəti bitdikdən sonra geri qaytara bilmişdir. Cavabdeh lizinq predmetini lizinq verənin razılığı ilə başqa şəxslərin sublizinqinə verildiyini bildirsə də, bununla bağlı etirazının dəlillərini sübut edə bilməmişdir. Üstəlik məhkəmə araşdırması nəticəsində lizinq predmetinin digər şəxslərin istifadə və sahibliyinə verilməsi ilə bağlı lizinq verən tərəfindən hər hansı etibarnamə verildiyi müəyyən edilməmişdir. Hansı ki, cavabdeh özü də şəxsən etiraf etmişdir ki, o, müəyyən haqq əldə etməklə lizinq predmetini başqa şəxsin istifadəsinə mülki etibarnamə ilə vermişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, lizinq predmeti qaytarılsa belə, müqavilə üzrə yaranmış borcu tələb etməkdə lizinq verən haqlıdır.

38. Məhkəmə lizinq müqaviləsi üzrə yaranmış borca münasibətdə iddianı qismən əsaslı hesab edir.

39. Belə ki, keçirilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə əsas borcu 7386.43 manat, faiz borcu 306.29 manatdır. Eyni zamanda ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki,xx.xx.2021-ci il tarixdən hər gecikdirilmiş günə düşən faiz məbləği 6.16 manatdır və bundan əlavə xx.xx.2021-ci il tarixdən sonra müqavilə üzrə 2 dəfə olmaqla, cəmi 400 manat ödəniş edilmişdir.

40. Odur ki, xx.xx.2021-ci il tarixdən müqavilə müddətinin sonuna(xx.xx.2021) 88 gecikdirilmə günü olduğu və 400 manat ödəniş edildiyi nəzərə alındıqda, cavabdehin müqavilə üzrə faiz borcunun 448.37 ( 306.29+(6.16x88)-400) manat olduğu müəyyən edilir.

41. Beləliklə, Cavabdeh xx.xx.2019-cu il tarixli X1 müqaviləsi üzrə əsas borcu 7386.43 manat, faiz borcu 448.37 manat təşkil edir. Bununla belə məhkəmə o qənaətə gəlir ki, lizinq predmeti lizinq alanın sahibliyinə qayıtdığından lizinq predmetinin alınması üçün lizinq alan tərəfindən ödənilən 5000 manat lizinq avansı hesablaşma zamanı nəzərə alınmalıdır. Çünki tərəflər arasında bağlanmış X1 müqaviləsində lizinq avansının (hansı ki, müqavilədə ilkin ödəniş adlandırılmışdır) müqaviləyə vaxtından əvvəl xitam verildiyi və ya lizinq predmeti qaytarıldığı halda aqibəti ilə bağlı hesablaşma qaydası müəyyən edilməmişdir. Odur ki, lizinq predmetinin dəyərinin yalnız 70 faizini ödəmiş lizinq verənin həm lizinq müddətinin sonuna borcunu tələb etməsi, həm lizinq predmetini qaytarması nəzərə alındıqda, lizinq avansının hesablaşmadan kənarda qalması lizinq verənin əsassız varlanması nəticəsini yaradar. Bu səbəbdən də məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə cavabdehdən əsas borc üzrə 2834.8 ((7386.43+448.37)-5000) manat tutulmalıdır. Bundan əlavə əsas borcun məbləği nəzərə alındıqda məhkəmə tələb edilən cəriməni qismən əsaslı hesab edir və cərimə borcunun 300 manat müəyyən edilməli olduğu qənaətinə gəlir.

42. Məhkəmə müqavilənin ləğv edilməsinə dair iddia tələbini isə əsassız hesab edir. Belə ki, işin halları ilə müəyyən edilir ki, həm müqavilənin qüvvədə olma müddəti qutarmış, həm də lizinq obyekti geri alınmaqla müqavilə birtərəfli qaydada ləğv edilmişdir.

43. Odur ki, lizinq müqaviləsinin ayrıca məhkəmə qətnaməsi ilə ləğv edilməsinə əsas yoxdur.

44. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə lizinq predmetinə vurulan zərərin tələb edilməsini istisna etmir. Tətbiq edilən prosessual normalar:

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

46. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.

49. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

51. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

52. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

54. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

55. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

57. 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Nəticə:

58. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, 07/554-2019 nömrəli X1 Müqaviləsi üzrə Cavabdeh əsas borca görə 2834.8 manat, cərimə borcuna görə 300 manat olmaqla, cəmi 3134.8 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

59. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 52 manat tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməlidir.

60. Bundan başqa Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğ Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 07/554-2019 nömrəli X1 Müqaviləsi üzrə Cavabdeh əsas borca görə 2834.8 manat, cərimə borcuna görə 300 manat olmaqla, cəmi 3134.8 (üç min yüz otuz dörd manat, səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 52 (əlli iki) manat tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğ Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar