Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5474/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2608 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 2050 (iki min əlli) manat borcun, 40 (qırx) manat 50 (əlli) qəpik dövlət rüsumu qismində ödənilmiş məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasındaxx.xx.2023-cü il tarixli, 2608 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Vizioqraf Sonz Z-Sensor» cihazının Cavabdeh tərəfindən alınması təsdiqlənmişdir. Lakin sonradan cihazın təhvil alınmasından Cavabdeh tərəfindən əsassız qaydada imtina edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 2250 (iki min iki yüz əlli) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən 200 (iki yüz) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. «Müqavilə»nin 3.6-cı bəndinə əsasən, «Sifarişçi» tərəf müqavilə predmeti olan satış obyektini təhvil almaq vəzifəsini qəbul edir. Belə ki, Cavabdeh tərəfindən cihazın təhvil alınmasından və ödəniş öhdəliyinin icra edilməsindən əsassız olaraq imtina edilmişdir. Təhvil zamanı 2050 (iki min əlli) manat ödəniş icra edilməli idi. Bir neçə dəfə Cavabdeh ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi ödəniş edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. İddiaçı MMC iləCavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2608 nömrəli «Nisyə alqı-satqı haqqında»Müqavilənin 5.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə mübahisələr «Tərəflər»in öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Belə ki, ilk növbədə «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən Cavabdeh bir neçə dəfə telefon vasitəsi ilə məlumat verilməklə ödəniş edilməsi tələb edilmişdir. İddiaçı MMC tərəfindən mövcud mübahisənin danışıqlar vasitəsilə həll edilməsi istiqamətində dəfələrlə cavabdeh ilə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir nəticə verməmişdir. Daha sonra, müqavilə üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada, məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdehnun ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh qeyd edilən ünvanda olmadığından xəbərdarlıq məktubunu cavabdehə çatdırmaq mümkün olmamışdır. Telefon danışığı ilə cavabdehə xəbərdarlıq məktubunun ünvana göndərilməsi deyilmiş və ödəniş öhdəliyi bir daha bildirilmişdir. Bundan sonra yenidən cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir ki, bu kimi hal da öz növbəsində həm qanunvericiliyin, həm də müqavilənin tələblərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Belə ki, «Müqavilə»nin 3.10-cu bəndində qeyd edilmişdir ki, bu Müqavilə imzalandığı andan «Sifarişçi» (Cavabdeh) qeyd-şərtsiz müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda Satış obyektinin (obyektlərinin) geri qaytarılmamasına dair üzərinə öhdəlik götürmüş olur. Lakin qanunvericiliyin və müqavilənin bu tələbləri Cavabdeh tərəfindən satış qiymətinin ödəniş mərhələsinə uyğun olaraq ödəniş edilmədiyi üçün pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Cavabdeh cihazı təhvil almamış və təhvil zamanı ödənilməli məbləğ olan 2050 (iki min əlli) manat ödəniş öhdəliyini bugünədək icra etməmişdir. Beləliklə də, Cavabdeh öhdəliyini lazımınca icra etməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-cimaddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Belə ki, Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2608 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilənin2.3-cü bəndi Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmin pozuntu İddiaçı MMC-nin müqavilə bağlanandan sonra satış obyektinin təhvil alınmaması və təhvil zamanı cavabdehin ödənişlərinə ümid etməsi, lakin cavabdeh tərəfindən ödəniş edilmədiyi üçün İddiaçı MMC-nin ödənilməli pul vəsaitinə münasibətdə xeyli dərəcədə məhrum olmasında öz əksini tapmışdır. Belə ki, İddiaçı MMC iləCavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2608 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilənin 5.3-сü bəndinə əsasən, bu Müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan Müqavilənə əsasən «Sifarişçi» tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi və ya natamam icra etdiyi halda, «İcraçı» tərəf müqavilənin ləğvinə və qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə «Sifarişçi»dən «İcraçı»nın xeyrinə tutulmasına dair aidiyyatı məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2608 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə Cavabdeh üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət edilərək qalıq ümumi borc məbləğinin tutulmasını tələb etməkdə tam haqlıyıq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.3-cümaddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Belə ki, Cavabdeh əsassız olaraq satış obyektini qəbul etməməsi İddiaçı MMC tərəfindən həmin cihazın qəbul edilməsini tələb etmək hüququnu yaratmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdehnun ünvanınaxəbərdarlıq məktubu göndərilmişdir və bu hal iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilənin ləğv edilməsi hesab edilir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və cavabdehin etirazına münasibətdə isə yazılı qaydada mülahizəsini təqdim etmişdir.
4. Mülahizəsi ondan ibarət olmuşdur ki, 1) Cavabdeh: “İnex MMC əməkdaşları vizioqrafın sazlığını özlərində olan hər hansı rentgen aparatı ilə yoxladılar və bu zaman vizioqrafın işlək vəziyyətdə olmasına tam əmin olaraq məhsulu almaq fikrini bildirdim, istifadə üçün klinikamızda yararsız olan vizioqrafı qəbul etmək ağlabatan deyil”- iddiaçı: “etiraz olaraq bildiririk ki, qarşı tərəf ünvanladığı ərizədə satış obyektinin tam işlək vəziyyətdə olmasını etiraf edir. Lakin sonradan “istifadə üçün klinikada yararsız olan vizioqraf” ifadəsini işlətməklə öz ifadəsi ilə təzad fikir bildirmiş olur. Həmçinin qarşı tərəf satış obyektinin yararsız olmasını təsdiqləyən hər hansı ekspert rəyi və digər sübutu yoxdur. 2) Cavabdeh:” şifahi danışıqlar zamanı Rəhim İbrahimli tərəfindən 200 manat məbləğində pul təqdim edildi və qalan 2050 manat məbləğin isə vizioqraf diş klinikasında quraşdırıldıqdan sonra ödənilməsi ilə bağlı razılığa gəlindi, 10 avqust 2023-cü il tarixdə şifahi danışıqlar zamanı ödənişin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır”- iddiaçı: “etiraz olaraq bildiririk ki, ərizədə “2050 manat məbləğin vizioqraf diş klinikasında quraşdırıldıqdan sonra ödənilməsi ilə bağlı razılığa gəlindi” ifadəsindən sonra “ödənişin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır” ifadəsi qarşı tərəfin ifadələrində növbəti təzadı yaratmış olur. 3) Cavabdeh: “11 avqust 2023-cü il tarixdə vizioqraf ilə rentgen aparatının paramterlərində uyğunsuzluğun olması müəyyən edildi və vizioqraf işləmədi”- iddiaçı: “etiraz olaraq bildiririk ki, qarşı tərəfi müqavilə bağlamazdan əvvəl şirkət ofisində nümunə məhsul yoxlamış və cihazın tam işləkliyi barədə özündə əminlik yaranmışdır. Vizioqraf Sonz Zsensor cihazını xüsusi olaraq sifariş verdikdən sonra müqavilə üzrə vəzifə öhdəliyini yerinə yetirməmiş və məhsulu təhvil almamışdır. 4) məhsulun satış görüntüsü pozulmuşdur. Belə ki, nümunə “ vizioqraf Sonz Z-Sensor” cihazının qarşı tərəfin iştirakı ilə işləkliyi tam olaraq təsdiqləndikdən sonra yeni eyni model cihaz Cavabdeh tərəfindən götürülmüşdür. Lakin sonradan cihaz Cavabdeh tərəfindən istifadə edildikdən sonra sadəcə öz klinikasına uyğun olmadığı üçün təhvil alınmaqdan imtina edilmiş və ödəniş əhdəliyindən əsassız qaydada imtina edilmişdir.
5. Cavabdeh məhkəmə icladslarında iştirak etməsə də, yazılı qaydada məhkəməyə ünvanladığı iddiaya etirazını aşağıdakı qaydada əsaslandırmışdır.
6. O, 2022-ci ildə ATU stomatologiya fakultəsini həkim-stomotoloq ixtisası üzrə bitirməklə hazırda Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 19-da işləyir. 2023-cü ilin avqust ayının əvvəllərində pasientlərin aöız nahiyyəsinin rentgen müayinəsinin aparılması ilə əlaqədar uzun illər istifadə etdiyi vizioqraf(rentgen aparatının naqili) yararsız hala düşdüyündən yeni vizioqraf almaq zərurəti yaranmışdır. Bu məqsədlə 10 avqust 2023-cü il tarixdə saat 18 radələrində həyat yoldaşı Rahim İbrahimli ilə birlikdə stomatoloji materiallar və avadanlıqların satışını həyata keçirən İddiaçı MMC-nin yerləşdiyi binaya( Yasamal rayonu, C.Cabbarlı küçəsi, bina 44, Caspian Plaza 3-cü korpus 14-cü mərtəbə) gedərək adlarını xatırlamadığım və orada bizi qarşılayan MMCnin əməkdaşlarına vizioqraf almaq istədiyini bildirdi. MMC-nin əməkdaşları ona vizioqrafı təqdim edən zaman məhsulun keyfiyyətinə tam əmin olmaqdan ötrü onlardan vizioqrafın işlək vəziyyətdə olub-olmadığının yoxlanılmasını xahiş etdim. Həmin şəxslər vizioqrafın sazlığını özlərində olan hər hansı rentgen aparatı ilə yoxladılar və bu zaman vizioqrafın işlək vəziyyətdə olmasına tam əmin olaraq məhsulu almaq fikrini bildirdim. Şifahi danışıqlar zamanı vizioqrafın qiyməti 2250 manat dəyərində müəyyən edildi. Həmin vaxt MMC-nin əməkdaşı "xxxx" kimi 200 manat məbləğində pul tələb etdikdə həyat yoldaşı onlara 200 manat pul verdi və qalan 2050 manat məbləğin isə vizioqraf diş klinikasında quraşdırıldıqda sonra ödənilməsi barədə razılığa gəlindi. MMC-nin əməkdaşı şifahi razılaşmalarının rəsmiləşdirilməsi üçün alqı-satqı müqaviləsi bağlanacağını bildirdi. Bu zamanda o, vizioqrafın işlək vəziyyətdə olmasına və keyfiyyətinə tam əmin olduğu üçün müqavilə bağlanılmasına razılıq verdi. Müqavilə hazırlandıqdan sonra onda MMC-nin əməkdaşlarına güvən yarandığından müqaviləni oxumadan vərəqlərə imza etdi. Lakin "xxxx" kimi ödədikləri 200 manat pul məbləği ilə bağlı ona hər hansı qəbz təqdim edilmədi. 11 avqust 2023-cü il tarixdə MMC-nin əməkdaşları tərəfindən vizioqraf işlədiyi klinikaya gətirilib ümumi istifadədə olan rentgen aparatına quraşdırılaraq yoxlanıldı. Həmin vaxt vizioqraf ilə rentgen aparatının parametrlərində uyğunsuzluğun olması müəyyən edildi və vizioqraf işləmədi. MMC-nin əməkdaşları tərəfindən yaranmış uyğunsuzluğun aradan qaldırılması istiqamətində cəhdlər edilsə də, hər hansı nəticə baş vermədi. Bu zaman o vizioqrafı almaqdan imtina edərək, onlardan başqa modelli vizioqrafı istədi. MMC-nin əməkdaşları şirkətin satış meneceri Ramin Qasımovla əlaqə saxladıqdan sonra başqa vizioqraf alındığı təqdirdə tam şəkildə ödəniş olunacağını, əvvəlcədən ödənilən 200 manat "xxxx" məbləğinin yeni alınacaq vizioqrafa şamil olunmayacağını bildirdilər. MMC-nin əməkdaşlarının bu şəkildə davranışları artıq narazılığın yaranmasına səbəb oldu. Onlardan 200 manat ödənişlə bağlı qəbzin verilmədiyini bildirdikdə MMC tərəfindən 11 avqust 2023-cü il tarixə qəbz tərtib edilərək vhatsapına göndərildi. MMC-nin əməkdaşları bağlanılan müqavilənin 3.2-ci maddəsini əsas gətirərək ödənilən 200 manat məbləğin kompensasiya olaraq onlarda qalacağını bildirməklə gətirdikləri vizioqrafı götürüb klinikadan getdilər. Bu prosesdə yaxından iştirak edən klinika rəhbərliyi İnex MMC-nin etdiyi hörmətsiz davranışlaraq qarşı olaraq qəbzin gec təqdim edilməsi ilə əlaqədar müvafiq vergi qurumuna onlayn qaydada şikayət etmişdir. Bu şikayətdən hiddətlənən MMC-nin satış meneceri 13 avqust 2023-cü il tarixdə onun telefonuna zəng edərək vergi şikayətinin geri götürülmədiyi təqdirdə buna qarşılıq olaraq alqı-satqı müqaviləsinin 3.6-cı bəndinə əsasən onu məhkəməyə verəcəklərini bildirdi. İnex mmc iddia ərizəsində onun tərəfindən cihazın təhvil alınmasında və ödəniş edilməsindən əsassız olaraq imtina edilməsini, mərhələlərə uyğun olaraq mobil telefon vasitəsi ilə bir neçə dəfə ödəniş edilməsinin tələb edilməsini göstərmişdir. Burada hər hansı əsassız imtinanı birmənalı olaraq qəbul etmir. Belə ki, Vizioqraf klinikanın ümumi istifadəsində olan rentgen aparatının parametrlərinə uyğun gəlmədiyindən təhvil almaqdan və pul ödəməkdən imtina etmişdir. Eyni zamanda 10 avqust 2023-cü il tarixdə şifahi danışıqlar zamanı ödənilən 200 manat məbləğində pul viziqrafın digər şəxslərə satılmasının qarşısını almaq olmuşdur. İddia ərizəsində göstərildiyi kimi ondan hər hansı ödənişin edilməsi tələb edilməmiş, yalnız MMC-nin əməkdaşı ödənilmiş 200 manat pulun kompensasiya olunacağını bildirdi. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. Cavabdeh(bundan sonra-cavabdeh) ilə İddiaçı MMC(bundan sonra-iddiaçı) arasında 10 avqust 2023-cü il tarixdə, 2608 nömrəli müqavilə bağlanmışdır. İddiaçı həmin müqaviləni nisyə alqı-satqı müqaviləsi adlandırsa da, müqavilədə tərəflər “sifarişçi” və “icraçı” olaraq göstərilmişdir. Müqavilənin predmeti konkret göstərilməsə də, aydın olur ki, “icraçı” olan iddiaçı “sifarişçi” olan cavabdehə “Vizioqraf Sonz Z-Sensor” cihazını(bundan sonra-cihaz) 2250 manata satmaqla bağlı xidmət göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndində qeyd edilmişdir ki, satış qiymətinin ödəniş mərhələləri və tarixi aşağıda qeyd edilən 2 mərhələdən ibarət olmaqla satış obyekti olan cihaz “Sifarişçi” yə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 1 ay müddətinə “Sifarişçi” tərəfindən tam şəkildə ödənilməlidir. Ödənişin 1-ci mərhələsi xx.xx.2023-cü il tarixdə 200 manat, ikinci mərhələsi isə təhvil zamanı 2050 manat olmaqla razılaşdırılmışdır. Həmin müqavilənin 3.2-ci maddəsində göstərilmişdir ki, satış qiymətinin sifarişçi tərəfindən ödənilmədiyi halda, icraçının natamam ödənişi kompensasiya olaraq qəbul edilir. Həmin müqavilənin 3.6-cı maddəsində qeyd edilmişdir ki, sifarişçi müqavilə predmeti olan satış obyektini təhvil almaq vəzifəsini qəbul edir. Həmin müqavilənin 3.10-cu bəndində göstərilmişdir ki, bu müqavilə imzalandığı andan sifarişçi qeyd-şərtsin müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda satış obyektini geri qaytarmamaya dair üzərinə öhdəlik götürmüş olur. Həmin müqavilənin 4.1-ci maddəsində qeyd edilmişdir ki, icraçı satış obyektinə münasibətdə sifarişçiyə cihaz üzrə 1 il(cihaz motr hissəsinə) zəmanət təqdim edir. Zəmanət müddətinin axımı satış obyektinin sifarişçiyə təhvil verildiyi andan başlayır. Həmin müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, bu müqavilənin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələri və tarixi sifarişçi tərəfindən birtərəfli qaydada pozulduğu, icra edilmədiyi və ya natamam icra edildiyi halda, icraçı qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə sifarişçidən tutulması barədə məhkəməyə müraciət edə bilər.
8. İddiaçı tələbində gösətilən əsaslara görə iddiasının təmin edilməsini və cavabdehin etirazının əsassız hesab edilməsini, cavabdeh isə etirazının dəlillərinə uyğun olaraq iddianın rədd edilməsini xahiş edir. Tətbiq edilən maddi hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
11. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
12. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır;
13. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır;
14. 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun;
15. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir;
16. 420.3.2. müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar-Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində etibarsız sayılır;
17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
19. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
20. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır;
21. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur;
22. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur;
23. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur;
24. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır;
25. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır;
26. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
27. 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir.
28. 596.3. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.
29. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
30. 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
31. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmənin mövqeyi:
32. İddiaçı tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləni “Nisyə alqı-satqı müqaviləsi” adlandırsa da qanunvericiliyin yuxarıda göstərilən tələbindən aydın olduğu kimi həmin müqavilə nisyə alqı-satqı müqaviləsi deyildir. Belə ki, əşyaların nisyə satışı əşyanın alıcıya verildikdən sonra onun dəyərinin hissə-hissə ödənilməsinin nəzərdə tutulduğu müqavilədir. Halbuki, hazırki mübahisədə satılan əşya alıcıya təhvil verilməmişdir. Odur ki, hazırki müqavilə tərəflərin sifarişçi və icraçı adlandırılmasından, müqavilənin predmetinin xidmət göstərmə olmasının qeyd edilməsindən asılı olmayaraq, qismən qabaqcadan ödəniş edilməklə bağlanmış alqı-satqı müqaviləsidir. Çünki alqısatqı müqaviləsi konsensual müqavilədir və əşyanın təhvil verilməməsi onun bağlanmış olmasını istisna etmir. Necə ki, tərəflər əşyanın dəyərinin bir hissəsinin qabaqcadan ödənilməsi və qalıq borcun əşyanın təhvil veriləcəyi anda ödənilməli olması barədə razılığa gəlmişlər.
33. Məhkəmə işin müəyyən edilmiş halları baxımından hesab edir ki, iddia tələbi əsassızdır.
34. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 596-cı maddəsinə və buna müvafiq olaraq müqavilənin 3.6-cı maddəsinə istinad edərək tələbini əsaslı hesab etsə də, məhkəmə o qənaətə gəlir ki, cavabdehin müqavilənin icrasından imtina etməsi qanuna uyğun olmuşdur. Çünki alıcının lazımi keyfiyyətli olmayan malın alınması ilə bağlı müqavilənin icrasından imtina etməyə aşağıdakılara əsasən ixtiyarı çatır.
35. İşin mübahisəsiz halı kimi məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, cavabdeh vizioqraf cihazı (stomotoloji rentgen aparatına qoşulan sensorlu naqil) almaq üçün iddiaçıya müraciət etmiş və iddiaçı öz ofislərində olan hər hansı(cavabdehin klinikada istifadə etdiyi rentgen aparatı ilə parametrlərinin uyğun gəlibgəlmədiyi qeyri-müəyyəndir) rentgen aparatına həmin vizioqrafı qoşaraq işlək vəziyyətdə olduğunu cavabdehə nümayiş etdirmişdir. Bundan sonra tərəflər arasında dəyərinin bir hissəsi qabaqcadan ödənilməklə alqı-satqı müqaviləsi bağlanmış, dəyərinin qalan hissəsinin isə əşyanın təhvil verildiyi zaman ödənilməli olması razılaşdırılmışdır. Əşyanın təhvil verilməsi zamanı qoşulması nəzərdə tutulan rentgen aparatına cihazın quraşdırılması texniki parametrlərin uyğunsuluğu səbəbi ilə mümkün olmamışdır. Bundan sonra cavabdeh uyğun gələn cihazın təhvil verilməsini iddiaçıdan tələb etməsinə baxmayaraq, iddiaçı lazımi keyfiyyətli əşyanı həmin şərtlərlə təhvil verməkdən imtina etmişdir. Hansı ki, alıcı müqavilə bağlanarkən əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdir və satıcı da alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya vermək niyyətində olmuşdur. Ən azından bu hal tərəflərin heç biri tərəfindən mübahisələndirilmir. Bununla belə əşyanı təhvil almaqdan alıcının əsassız olaraq imtina etdiyi barədə satıcının dəlilləri anlaşılan olmadığı kimi, işin müəyyən edilmiş digər halları ilə də sübut olunmur. Odur ki, alıcıya Mülki Məcəllənin 587-ci maddəsinin tələbi baxımından müqavilənin icrasından imtina etmək hüququ verildiyindən və bu hüququ məhdudlaşdıran müqavilə şərti etibarsız olduğundan iddiaçı göstərilən səbəbə görə müqavilənin icrasından imtina etməkdə haqlı olmuşdur. Tətbiq edilən prosessual normalar:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
41. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev