Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5569/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 890 (səkkiz yüz doxsan) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-ci illər üçün 275 manat (iki yüz yetmiş beş) manat, cəmi 1665 (bir min altı yüz altmış beş) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 37 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli MK/222-2019 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 2536 (iki min beş yüz otuz altı) manat dəyəri olan “RKS NEXT 50” markalı “MOTOSİKL”i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 400 (dörd yüz) manat ilkin ödəniş edərək “MOTOSİKL”i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2136 (iki min bir yüz otuz altı) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh Abdullayev X1 müaviləsinə Əlavə №1-də (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya 890 (səkkiz yüz doxsan) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu, cəmi 1390 (bir min üç yüz doxsan) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Əlavə olaraq qeyd edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli MK/222-2019 saylı Nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2020-ci il tarixdə 1246 manat, ümumilikdə 1646 manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən Nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2019-cu il tarixli MK/222-2019 saylı Nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh 2536 (iki min beş yüz otuz altı) manat dəyəri olan “RKS NEXT 50” markalı “MOTOSİKL”i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 400 (dörd yüz) manat ilkin ödəniş edərək “MOTOSİKL”i qəbul edib, müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2136 (iki min bir yüz otuz altı) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 890 (səkkiz yüz doxsan) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu vardır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə digər şərtlərlə yanaşı “RKS NEXT 50” markalı “MOTOSİKL”in qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 –ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, 2021-ci il üçün 7,25 faiz, 2022-ci il üçün 8,25 faiz, 2023-cü il üçün 8,0 faiz və xx.xx.2024-cü il tarixədək uçot dərəcəsi 7,25 faiz məbləğində olmuşdur. Hesab edirəm ki, ərizə həmin hissədə də təmin edilərək Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-cü illər üçün 275 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də hesab edirəm ki, hesablanmış 500 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 62,3 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 37 manatın 32 manat hissəsi məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 890 manat əsas borc, 62,3 manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-cü illər üçün 275 manat olmaqla, ümumilikdə 1227,3 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 32 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5569/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5569/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver