Məhkəmə qərarları › İş №e-2(001)-565/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-565/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-565/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, MAS-5538 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 1710.64 manat gecikdirilmiş əsas, 713.49 manat mükafat və həmin günə hesablanmış 539.60 manat dəbbə pulu, həmçinin lizinq obyektinin təmir-bərpası üçün 6197.36 manat dəymiş zərər olmaqla, ümumilikdə 9161.09 manat borc və ödənilmiş 111.62 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5538 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin sahiblik və istifadəsinə verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh illik 17.5% hesablanmaqla 40 ay müddətinə hər ay sabit məbləğ olmaqla 406.37 manat, ümumilikdə 18.455 manat məbləğində pulu iddiaçının xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. Binəqədi Rayon DYP-nin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə baxış keçirilmiş və 6197.36 manat dəyərində ziyan vurulduğu müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 2963.73 manat gecikmə borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir.

Mülki işin materialları:

6. Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh İddiaçı MMC-yə 1710.64 manat gecikdirilmiş əsas, 713.49 manat mükafat və həmin günə hesablanmış 539.60 manat dəbbə pulu olmaqla, ümumilikdə 2963.73 manat borcu vardır.

7. “Azərmaş MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS- 5538 nömrəli “Daxili lizinq” müqaviləsinə və 1 nömrəli Əlavəyə əsasən “Khazar SD” minik markalı avtomobil illik 17.5% olmaqla, 40 ay müddətinə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq müqaviləsinin ümumi məbləği 14.450 manat təşkil etmiş, sonuncu lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə 2200 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 406.37 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür (ümumi olaraq 18.455 manat).

8. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktınan görünür ki, satıcı İddiaçı MMC (təhvil verən), lizinq alan (qəbul edən) Cavabdeh “Khazar SD” minik markalı avtomobilin təhvil təslimini aparmış və bunu öz imzaları ilə təsdiq etmişlər.

9. “X2” MMC-nin qüsur aktından gürünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 6197.36 manat məbləğindədir.

10. 23.07.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi və müqavilənin birtərəfli ləğv edilməsi ilə bağlı məlumat göndərilərək borcun dərhal ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10348 nömrəli ekspert rəyinə əsasən “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5020 manat təşkil edir. Həmçinin 2021-ci il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 11.000 manat müəyyən olunmuşdur.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısmda məsuliyyət daşıyır.

15. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. 449-cü maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun mövafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə möəyyənləşdirilir. Borc məhkəmə qaydasmda tutulduqda məhkəmə kreditorun tələbini qərarı çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması öçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

18. 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əasən öhdəlik üçün şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

19. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

20. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

21. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

22. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir.

23. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS- 5538 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin sahiblik və istifadəsinə verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh illik 17.5% hesablanmaqla 40 ay müddətinə hər ay sabit məbləğ olmaqla 406.37 manat, ümumilikdə 18.455 manat məbləğində pulu iddiaçının xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə onun iddiaçıya 1710.64 manat gecikdirilmiş əsas, 713.49 manat mükafat borcu yaranmışdır ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə görə iddia tələbi həmin hissədə təmin edilməli və qeyd edilən borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd edir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Məhkəmə hesab edir ki, cərimə borcunun iddiaçı tərəfindən birtərəfli şəkildə təyin olunmuş 539,60 manat məbləğində deyil, 100 manat məbləğində Cavabdeh iddiaçının xeyrinə tutulması daha məqsədəmüvafiq olar.

27. Bundan başqa məhkəmə iddia tələbinin dəymiş zərərlə bağlı hissəsinə münasibətdə AR Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

28. Belə ki, iddiaçı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanı cavabdehdən deyil, avtomobilin sığortaçısından, müvafiq sığorta şirkətindən tələb edə bilər.

Azərbaycan Respublikası MPM-nin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1710.64 manat əsas, 713.49 manat mükafat, 100 manat dəbbə pulu olmaqla, cəmi 2524.13 manat borc və ödənilmiş 111.62 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1710.64 manat əsas, 713.49 manat mükafat, 100 manat dəbbə pulu olmaqla, cəmi 2524.13 (iki min beş yüz iyirmi dörd manat on üç qəpik) manat borc və ödənilmiş 111.62 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar