Məhkəmə qərarları › İş №e-2(001)-5656/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5656/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5656/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği kimi 183 manatın, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 30,4 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 iyun 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “Ford” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, 20 Yanvar küçəsi ilə hərəkət edən zaman manevr qaydalarını pozmuş, nəticədə “Hyundai Elantra” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı tərtib edilmiş 27 iyun 2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə nəticəsində “Hyundai Elantra” markalı avtomobilə 183 manat zərər dəymiş, iddiaçı tərəfindən həmin məbləğ sığorta ödənişi kimi verilmişdir. Sonradan müəyyən edilmişdir ki, cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Buna görə də, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddəsinə əsasən, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Ford Transit” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi iddiaçı tərəfindən icbari sığorta növündə sığorta edilmişdir. - “İnzibati tənbeh vermə haqqında” 27 iyun 2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh 14 iyun 2022-ci il tarixli, İXP4700629 inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 (...manevr etmə qaydalarının pozulması...) və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 29 iyun 2022-ci il tarixli “Sığorta ödənişi aktı”ndan görünür ki, “Hyundai Elantra” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinə dəymiş zərərlə bağlı 183 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 14 iyun 2022-ci il tarixdə idarə etdiyi “Ford Transit” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Elantra” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə yerindən yayınmış, sonuncu avtomobilə maddi zərər vurmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. “Hyundai Elantra” markalı avtomobilə dəymiş zərəri əvəzi kimi 183 manat iddiaçı tərəfindən icbari sığorta qaydasında ödənilmiş, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" ASC-nin iddiası təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta məbləğinin əvəzi kimi 183 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş pul vəsaitinin əvəzi kimi 30,4 manat tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar