Məhkəmə qərarları › İş №e-2(001)-57/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-57/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-57/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən 27 kv.m. sahəsi olan və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən 25.8 kv.m. ümumi sahəsi olan daş qarajların iddiaçıya təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi; həmin daş qarajların boşaldılaraq cavabdehlərin istifadəsindən alınması, cavabdehlərin və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən çıxardılaraq, qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyun 2017-ci il tarixdə Cavabdeh1 ilə aralarında Bakı şəhəri 51 saylı Notariat kontorunda bağlanmış AN-İ№0622243 saylı 01 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən 25.8 kv.m. sahəsi olan daş qarajı almışdır. Alqı-satqı müqaviləsi Bakı şəhər 51 saylı Notariat bağlanan zaman alqı-satqıda Cavabdeh1 əvəzindən etibarnamə əsasında digər Cavabdeh2 iştirak etmişdir. Həmin müqavilə bağlanarkən cavabdehlərdən Cavabdeh1 müqavilənin 11-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixədək ona təhvil verməyi öhdəlik götürmüşdür. Müqavilə üzrə cavabdehlərə 15.300 manat pul ödəmişdir. Yenə də Cavabdeh1 ilə aralarında Bakı şəhəri 51 saylı Notariat kontorunda bağlanmış AN-İ№0622252 saylı 02 iyun 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən 27 kv.m. sahəsi olan daş qarajı almışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 51 saylı Notariat bağlanan zaman alqı-satqıda Cavabdeh1 əvəzindən etibarnamə əsasında digər Cavabdeh2 iştirak etmişdir. Həmin müqavilə bağlanarkən cavabdehlərdən Cavabdeh1 müqavilənin 11-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixədək ona təhvil verməyi öhdəlik götürmüşdür. Müqavilə üzrə cavabdehlərə 15.300 manat pul ödəmişdir. Sonralar şəxsi işləri ilə əlaqədar bir müddət Azərbaycan Respublikasından kənara getmişdir və əmlakların təhvil alınması, həm də çıxarışın alınması təbii olaraq gecikmişdir. Lakin cavabdehlərlə əlaqə saxladığında ona bildirilmişdir ki, heç bir problem yoxdur, siz Bakıya qayıtdığınız zaman həmin əmlakları təhvil verəcəyik. Eyni zamanda bildirmişlər ki, həmin qarajlar artıq tam şəkildə boşaldılmışdır və DƏDRX-nin əməkdaşları istənilən vaxt gəlib baxmaqla əmlakları yerində müəyyən edə bilər və müvafiq sənədləri hazırlaya bilərlər. Bakı şəhərinə qayıtdıqdan sonra dünyada və ölkəmizdə baş verən pandemiya səbəbindən təxminən 2 ilə yaxın DƏDRX tərəfindən yerində xidmət göstərilmədiyindən Qeydiyyat Şəhadətnaməsinin alınması üçün müraciət dolayısı ilə gecikmişdir. Lakin həmin müddətdə dəfələrlə əmlakları faktiki olaraq təhvil almağa və sahiblik etməyə çalışsa da, hər səfərində cavabdehlər tərəfindən müxtəlif bəhanələr gətirilməklə hüquqları pozulmuş və əmlaklara sahiblik hüququ məhdudlaşdırılmışdır. Sonuncu dəfə əmlakların təhvil verilməsini tələb etdiyində Cavabdeh1 qohumu (oğlu) olduğunu deyən Elman adlı şəxs əmlak verilməyəcəyini və bağlanmış müqavilənin əsassız olduğunu bildirmişdir. Cavabdeh2 iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, bu iş üzrə cavabdehlik daşıya bilməz. Belə ki, Cavabdeh1, onun adından verilmiş etibarnamə əsasında notariat ofisində təmsil etmişdir. İddia ərizəsində göstərilən əmlaklar onun nə mülkiyyətində, nə də ki, heç bir zaman sahibliyində olmamışdır. Qeyd olunan əmlakların harada yerləşməsi də ona məlum olmayıb və hazırda da məlum deyildir. Göstərilənləri nəzərə alaraq, onun cavabdehlər sırasından çıxarılmasını xahiş etsə də, göründüyü kimi, məhkəmə tələbini təmin etməmişdir. Bu səbəbdən də, məcburiyyət qarşısında qalaraq, hazırki etiraz ərizəsi ilə məhkəməyə müraciət edir və bir daha bildirir ki, qarajların harada olmasından və onların hazırda kimin sahibliyində olmasından tam məlumatsızdır. Buna görə də, ona qarşı olan iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh2 həmçinin məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, bu iş üzrə cavabdehlik daşıya bilməz. Belə ki, Cavabdeh1, onun adından verilmiş etibarnamə əsasında notariat ofisində təmsil etmişdir. İddia ərizəsində göstərilən əmlaklar onun nə mülkiyyətində, nə də ki, heç bir zaman sahibliyində olmayıb. Qeyd olunan əmlakların harada yerləşməsi də ona məlum olmayıb və hazırda da məlum deyildir. Eyni zamanda bildirmək istəyir ki, Cavabdeh1 arvadı X2 tərəfindən onun adına xx.xx.2017-ci ildə 51 saylı notariat kontorunda 7E 6213 nömrəli reyestrlə qeydə alınmış etibarnamə verilmişdir ki, qeyd olunan əmlakları iddiaçının adına rəsmiləşdirmək üçün onun adından da razılıq ərizəsini versin. Cavabdeh1 vəkilinin məhkəməyə təqdim etdiyi etirazında guya ona başqa işlər üçün etibarnamənin verməsini göstərməsi tam absurtdur. Etibarnamə məhz bu əmlakların özgəninkiləşdirilməsi məqsədi ilə verilmişdir. Cavabdeh1 etibarnamə verdiyi zaman bu mübahisəli əmlakların hüquq müəyyən edici sənədlərinin əslilərini, yəni qarajların DƏDRX-nin BƏİ tərəfindən verilmiş texniki pasportlarını da təqdim etmişdir. Həmin sənədlərin dublikatları onun tərəfindən alınmamışdır. Bunun təsdiqi kimi, adı çəkilən sənədləri notariat kontorundan sorğu verərək götürmək olar. Alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan sənədlər təqdim edildikdə, bu sənədlərin əsillərinin olmasının şahidi mümkündür. Adı çəkilən əmlaklar da Cavabdeh1 tərəfindən onun mərhum dostu X11 göstərilmiş və bundan sonra onların qarşılıqlı razılaşmalarına əsasən, əmlaklar iddiaçının adına rəsmiləşdirilmişdir. Daha sonra Cavabdeh1 vəkili göstərir ki, əmlaklar mövcud deyil və mövcud olmayan əmlakların iddiaçıya təhvil verilməsi mümkün deyildir. O zaman burada sual yaranır ki, Cavabdeh1 hansı əmlaklara DƏDRX-də hüquqmüəyyənedici sənədlər çıxartdırıb? Cavabdeh1 Əlikram Pənahova göstərdiyi əmlaklar necə oldu ki, yoxa çıxdı və notariat kontorunda müqavilə bağlandığı zaman necə oldu ki, bu əmlaklar üzərində yüklülüyün olmaması barədə arayış verilmişdir? Göstərilənlərdən göründüyü kimi, Cavabdeh1 öz çirkin əmələrini davam etməklə, yenə də insanları aldatmaq istəyir. Belə ki, Cavabdeh1 bu əməllərinə görə CMnin 178-ci maddəsi ilə məhkum olunmuş və bu yaxınlarda azadlığa buraxılmışdır. Göründüyü kimi, Cavabdeh1 məqsədi yalnız həmin əmlakların yerinin göstərməməsindən və bu əmlakları verməməkdən ibarətdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaya görə, 51 saylı Notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş sahəsi 28,5 kv.m və 27 kv.m olan daş qarajlar boşaldılmalı, cavabdehlər həmin qarajlardan çıxarılmalı və qarajlar ona təhvil verilməlidir. Qeyd edir ki, Cavabdeh1 iddiaçını ümumiyyətlə tanımır, onunla heç vaxt əlaqə saxlamamış, hər hansı bir müqavilə bağlamamışdır. İddiaçıya qaraj, yaxud başqa əmlak satmamışdır. Lakin hazırkı iş üzrə digər Cavabdeh2 Cavabdeh1 başqa işlər üçün aldığı etibarnamə əsasında həm faktiki mövcud olmayan qarajları, həm də Binəqədi - Novxanı yolunda Cavabdeh1 məxsus olmuş 0,12 ha torpaq sahəsini də məhz iddiaçının adına özgəninkiləşdirmişdir. Hansı ki, əmlakın sənədlərinin əsli Cavabdeh1 olmuş, lakin Cavabdeh2 dublikat sənədlər çıxarıb onun əsasında alqı-satqı etmişdir. Cavabdeh1la Cavabdeh2 arasında borc münasibəti olmuşdur. İş materiallarında olan “məhkəmə mühəndis-texniki ekspertizasının” xx.xx.2024-cü il tarixli rəyinə görə Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, 27 saylı binanın həyətində 28,5 kv.m və 27 kv.m sahələri olan daş qarajların mövcud olmadığı müəyyən olunmuşdur. Elə olduqda mövcud olmayan qarajdan cavabdehlərin çıxarılması və iddiaçıya təhvil verilməsi mümkün deyildir. Ona görə də iddia təmin edilə bilməz, çünki əmlak mövcud olmadığından icrası mümkün deyil. Qanun və məhkəmə qarşısında barabərlik hər bir işə eyni qaydada, eyni prosessual formalarda, işdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticəsində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüququ bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Odur ki, iddia ərizəsinə yazılı etiraz edərək onun rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək iddiaya etirazı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazını bildirərək, onun təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 mübahisəli qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə X14 və X5 alqı-satqı əsasında aldığını, daha sonra xalası oğluna etibarnamə verərək xaricə təhsil almağa getdiyini və mübahisədən xəbəri olmadığını bildirməklə iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla belə o (X8), habelə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin inventar nömrəsi 11/247 olan daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən və ümumi sahəsi 27 kv.m. olan daş qaraj tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından müvafiq etibarnamə əsasında çıxış edən Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən və ümumi sahəsi 27 kv.m. olan daş qarajı 15300 manata İddiaçı satmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin inventar nömrəsi 11/248 olan daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən və ümumi sahəsi 25,8 kv.m olan daş qaraj tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından müvafiq etibarnamə əsasında çıxış edən Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən və ümumi sahəsi 25,8 kv.m. olan daş qarajı 15300 manata İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın həyətində yerləşən 11/247 və 11/248 inventar nömrəli daş qarajlara texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından onların koordinatlarının müəyyənləşdirilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində görünür ki, İddiaçı göstərdiyi tikiliyə vizual olaraq baxış keçirildi. Qarajların texniki pasportlarında göstərilən situasiya planına əsasən yerləşmə mövqeləri göstərilən tikilinin yerləşmə mövqeyinə oxşar olsa da, lakin tikilinin daxili və xarici perimetrik (qonşu tikililərə bitişikdir) ölçülərini təyin etmək mümkün olmadığından, qarajların sökülüb-sökülməməsini və həmin mövqedə yerləşməsini təyin etmək mümkün olmamışdır. Vizual olaraq göstərilən obyektin koordinatları əlavə olunur (sahə 109.5 kv.m təşkil edir). X Y

1. 401937.7181 4474510.1801

2. 401945.5762 4474510.2595

3. 401945.7350 4474508.1163

4. 401950.8943 4474508.6720

5. 401951.2912 4474502.9569

6. 401939.4643 4474500.2582

7. 401939.3849 4474501.4488

8. 401936.9243 4474501.2107 Vahid (elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş hissə **********92-06301 reyestr nömrəsi ilə X3 xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının bir hissəsidir. Bundan əlavə texniki pasportdakı istinadı (24 nömrəli Bina) nəzərə alsaq faktiki yerinə uyğun gəlmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2240 saylı ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ******* və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə satılmış Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı binanın həyətində yerləşən 25.8 kv.m və 27 kv.m sahələri olan daş qarajların (texniki pasportda öz əksini tapan ölçülər üzrə) mövcud olmadığı müəyyən olundu. Belə ki, baxış zamanı təqdim olunmuş qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyəti, sahəsi 25.8 kv.m və 27 kv.m olan qarajların situasiya planına əsasən yerləşmə vəziyyəti ilə eynilik təşkil etsə də, faktiki təqdim olunan qeyri-yaşayış sahəsinin ölçülərinin, sayının texniki pasportlarda öz əksini tapan ölçülərlə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, baxış zamanı təqdim olunmuş ərazidə bir qeyri-yaşayış sahəsinin olduğu, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş hissənin **********92-06301 reyestr nömrəsi ilə X3 xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının bir hissəsi olduğu müəyyən olundu. Bakı şəhəri 23 saylı notariat kontorunda bağlanmış 4Ə-1601 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, X14 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 242,5 kv.m. olan qeyri-yaşayış binasının və həmin ünvandakı 0,02992 ha torpaq sahəsinin özünə məxsus 2/3 hissəsini 150000 manata X1. Bakı şəhəri 23 saylı notariat kontorunda bağlanmış 4Ə-1600 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, X13 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 242,5 kv.m olan qeyri-yaşayış binasının və həmin ünvandakı 0,02992 ha torpaq sahəsinin özünə məxsus 1/3 hissəsini 100000 manata X1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli “məlumatın verilməsi barədə” məktubundan görünür ki, **********92-06301 reyestr ilə qeydiyyatdan keçmiş ünvan 2 ünvanında yerləşən yaşayış binası və onun yerləşdiyi 0,02707 ha torpaq sahəsi ilkin olaraq Binəqədi RİH-nın 43 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamından çıxarışa, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 505 nömrəli xx.xx.2007-ci il tarixli qərarına, A№283401 nömrəli xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən xx.xx.2011-ci tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı NK-nın 4Ə-187 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlakın 1/3 hissəsi X7 və 2/3 hissəsi X10 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 23 saylı NKnın xx.xx.2021-ci il tarixli 4Ə-1600 və 4Ə-1601 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 27 saylı binanın həyətində yerləşən qarajlarla ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası məkan olaraq eyni məhəllə daxilində olsalar da, mübahisələndirilən qarajlar və qeyri yaşayış binasının eyniliyini Ünvan Reyestri İnformasiya Sisteminə nəzərən müəyyənləşdirmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 18 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlaka dair məlumatın məhkəməyə göndərilməsi barədə” məktubunda göstərilmişdir ki, İddiaçı göstərdiyi tikiliyə (reyestr nömrəsi **********92-06301) idarənin mütəxəssisi tərəfindən baxış keçirilmişdir. Sözügedən qarajların situasiya planına əsasən ərazidə dəyişikliklər olduğundan yerləşmə mövqelərini təyin etmək mümkün olmadı. İddiaçının göstərdiyi tikilinin daxili və xarici perimetrik ölçülərində fərq olduğundan qarajların sökülüb sökülmədiyini və həmin mövqedə yerləşməsini təyin etmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qarajların situasiya planındakı istinadlara əsasən yerləşməsi ümumi əraziyə uyğun olsa da, dəqiq istinadlar, məsafələr qeyd olunmadığından qarajların dəqiq yerləşməsini təyin etmək mümkün olmadı. Əlavə olaraq bildiririk ki, qeyd olunan ********** və ********** qeydiyyat nömrəli müraciət əsasında **********92-06301 reyestr nömrəsi ilə qeydiyyata alınan qeyri-yaşayış binası hazırda X3 xüsusi mülkiyyətindədir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisə mövzusu olan qarajlara dair İddiaçı və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən digər Cavabdeh2 arasında 2017-ci ilin iyun ayında alğı-satqı müqavilələri bağlanmış, bununla belə iddiaçı qarajları təhvil almamış və onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı isə, həmin məkanda daş qarajların mövcud olmadığı, ərazidə bir qeyri-yaşayış sahəsinin olduğu, həmin qeyri-yaşayış sahəsinin isə ilkin olaraq xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçdiyi, Bakı şəhəri 14 saylı NK-nın 4Ə-187 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlakın 1/3 hissəsinin X7 və qalan 2/3 hissəsinin X10 adlarına qeydiyyatdan keçdiyi, Bakı şəhəri 23 saylı NK-nın xx.xx.2021-ci il tarixli 4Ə-1600 və 4Ə-1601 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında isə X3 adına qeydiyyatdan keçdiyi və hazırda da məhz onun mülkiyyətində olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin yaranmasının əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia ərizəsinin mahiyyətindən də göründüyü kimi, hazırkı iddia alğı-satqı müqaviləsinin predmeti olan fərdi-müəyyən əşyaların (qarajların) təhvil verilməsi öhdəliyinin (müqavilə öhdəliyinin) icra edilməsinə dairdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyin icra edilməməsi anlayışı isə Mülki Məcəllənin 442-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması isə qanunvericiliklə tənzimlənmişdir: Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Beləliklə, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Yuxarıda da göstərildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 27 saylı binanın həyətində yerləşən mübahisəli qarajların mövcud olmadığı müəyyən olunmuşdur. Həmçinin o da müəyyən olunmuşdur ki, sözügedən qarajlarla ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası məkan olaraq eyni məhəllə daxilində yerləşməkdədir, orada yalnızca bir qeyri-yaşayış sahəsi mövcuddur və iş üzrə üçüncü şəxs X3 xüsusi mülkiyyətindədir. Üçüncü şəxs həmin əmlakı oranı vaxtilə Cavabdeh1 almış şəxslərdən (X13 və X9) alğı-satqı əsasında əldə etmişdir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin faktiki əsası (faktiki halları) onun həmin tələbinin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Odur ki, onun həmin iddiası əsaslı sayıla və təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla belə məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu mənada məhkəmə hesab edir ki, məruz qaldığı zərərin ödənilməsini ümumi qaydada tələb etmək hüququna sahib olduğu iddiaçıya izah edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın təhvil verilməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertizası tədqiqatının dəyəri olan 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar