Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5807/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh K0165 saylı müqavilə üzrə 9.404 manat məbləğində əsas borcun, 2.820 manat məbləğində cərimə borcunun, habelə ödənilmiş 143 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 12.367 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayraq, işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, iddiaçının da bu barədə ərizəsini nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh 300 manat məbləğində ilkin ödəniş etmək, qalan məbləği 18 ay ərzində hissəhissə (hər ay 578 manat) ödəmək şərti ilə iddiaçıdan ümumi qiyməti 10.704 manat olan 1 ədəd “Royal” markalı qonaq dəstini, 6 ədəd “Royal” markalı stulu, 1 ədəd “Florida” markalı künc divanını və 1 ədəd yumru jurnal masasını nisyə almışdır. Həmin əşyalar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində ilkin ödənişlə birlikdə cəmi 1300 manat məbləğində ödəniş etmiş, nəticədə onun müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc məbləğinin 10 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən iddiaçı 143 manat dövlət rüsumu ödəməklə cavabdehə qarşı məhkəmədə iddia qaldırmış və hazırda cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 9.404 manat məbləğində əsas, 2.820 manat məbləğində cərimə borcunun yarandığını iddia edir və bu məbləğin, habelə ödənilmiş 143 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların ümumi qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh bu əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb edilən əsas borc məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 9.404 manat məbləğində əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penya ödəyəcəyini vəd etmişdirsə, kreditor penyanın ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müqavilə üzrə iddiaçı ilə cavabdeh arasında gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə (müqavilənin 2.4-cü bəndi) öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış 2.820 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə işin hallarını, yəni aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehə müqavilə üzrə tənasübsüz surətdə yüksək dəbbə pulu hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilərək, 900 manat məbləğində müəyyən edilməli, məhz həmin məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərdən ümumilikdə (9.404 + 900 = 10.304) 10.304 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni (120 + 0,92 = 120,92) 120,92 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni (143-120,93 = 22,07) 22,07 manat hissəsi iddiaçıya aid edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 9.404 manat məbləğində əsas, 900 manat məbləğində cərimə, cəmi 10.304 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 120,93 manat hissəsinin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 9.404 (doqquz min dörd yüz dörd) manat məbləğində əsas, 900 (doqquz yüz) manat məbləğində cərimə, cəmi 10.304 (on min üç yüz dörd) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 120,93 (bir yüz iyirmi manat, doxsan üç qəpik) manat hissəsinin əvəzi İddiaçı xeyrinə tutulmalı tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-5807/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5807/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver