Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5844/2022 19.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli, SZN000053 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1737 manat əsas, 260,55 manat cərimə borcu, 39,98 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ilə Cavabdeh arasında bağlanmış SZN000053 saylı, xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3492 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə12 ay müddətində, ayda 291 manat ödəməyi öhdəsinə götürüb. "xxxx" MMC ilə fiziki şəxs X5 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X3 Cavabdeh qarşı olan 3492 manat məbləğindəki tələb hüququ "Ferrum Kapital” MMC-yə keçmişdir. "Ferrum Kapital” MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Eyni zamanda tələb hüququnun "Ferrum Kapital” MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Cavabdehin bugünə 1737 manat əsas borcu, 260,55 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz göndərilərək, onunla "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SZN000053 nömrəli Nisyə Alqı-Satqı Müqaviləsini qanunsuz və etibarsız elan edilməsinə, Azərbaycan Respublikasının qanunverciliyini pozmayan və onunla cəmiyyət arasında yeni nisyə alqı-satqı müqaviləsinin həmin müqaviləyə uyğun yeni və güzəştli və restruksizasiya olunmuş ödəniş cədvəlinin tərtib edilməsinə və tərəflər tərəfindən imzalanmasına, Azərbaycan Respublikası Mülki- Prosesual Məcəlləsinə müvafiq olaraq iş üzrə məhkəmə-mühasibatlıq (maliyyə) ekspertizasının təşkil olunmasına və keçirilməsinə; Cəmiyyətin konfidensial fərdi məlumatlar və kommersiya sirrini təşkil edən məlumatlar ilə bağlı yol verdiyi kobud qanun pozuntularına habelə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna və şəxsi həyat sirrinə və sağlamlığına vurduğu zərərə hüquqi qiymət verilməsinə, üzürlü və obyektiv səbəblərdən irəli gələn habelə məndən asılı olmayan və mənim təqsirim olmadan baş vermiş bu prosesləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə müvafiq olaraq təfsir edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 2020-ci ildən etibarən daimi və loyal müştərisidir. Hər zaman ona Cəmiyyət tərəfindən nisyə satılmış mallar üzrə ödənişləri vaxtı-vaxtında və məsuliyyətlə yerinə yetirmişdır. Əminliklə qeyd edə bilər ki, heç bir ciddi və uzunmüddətli gecikmələri olmamış və Cəmiyyətin daxili sistemində müsbət və yüksək reytinqli müştəri kimi qeydiyyatda olmuşdur. Lakin, 2021-ci ilin dekabr ayından etibarən onun səhhətində ciddi problemlər başladığı üçün habelə bunun nəticəsi olaraq əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyinə görə 2022-ci il yanvar ayının 24-dən etibarən xəstəlik məzuniyyətinə çıxmaq məcburiyyətində qalmışdır. İşdə keçirdiyi stress ve həyəcan nəticəsində artıq stend olan ürəyində işemik xəstəlik və gərginlik stenokardiyası daha da dərinləşmiş və ümumi vəziyyəti daha da ağırlaşmışdır. Nəticədə onda tənginəfəslik, sinədə göynəmə, kürəkdə ağrılar və tərləmələr müşahidə olunmuşdur. Bundan başqa, ürəyin aritmiyası və qan təzyiqinin qalxıb düşməsi vəziyyətini birazda pisləşdirmişdir. Bir neçə dəfə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq onun üçün təcili tibbi yardım çağırılmışdır. Sadalanan neqativ tibbi proseslərin nəticəsi olaraq, səhhətinin pisləşməsi onun urəyinin üzərində mini əməliyyat, yəni koronar anqioqrafiyanın keçməsi ilə nəticələnmişdir. Daha sonra isə, ambulator müalicədən stasionar müalicəyə transfer olunaraq bir neçə dəfə xəstəxana rejimində yatmışdır. 2022ci yanvarın sonundan əmək qabiliyyətini itirməyinə və əmək haqqının 60% qədərini almağına baxmayaraq, o, yaranmış belə çətin və ağır durumda bacardığı qədər, yəni imkan daxilində yanvardan etibarən bir neçə dəfə ödənişlər etmişdir. "xxxx" QSC-dən başqa digər bank və bank olmayan kredit təşkilatlarına həmçinin kreditləri var və səhhəti ilə əlaqədar olaraq maliyyə vəziyyətinin ağır olması səbəbindən ödənişləri tam həcmdə etmək imkanı olmayıb və bunu ons dəfələrlə zəng edən "xxxx" QSC-nin əməkdaşlarına bildirmişdir. Ödənişləri tam həcmdə və vaxtı vaxtında ödəməməsinin üzürlü səbəbləri olmuşdur. Bu səbəblər səhhətində olan ciddi problemləri və bunun nəticəsi olaraq əmək qabiliyyətinin itirilməsi, əmək haqqınının 60% qədərini almağı, dərmən və müalicə xərclərinin və məsrəflərinin yüksək olması, habelə himayəsində iki azyaşlı övladlarının və işləməyən yoldaşının olmasıdır. Səhhətinin getdikcə pisləşməsi ona gətirib çıxartdı ki, o, aprel ayının sonundan işdən ayrılmalı olmuş və müalicələrini davam etdirmək məcburiyyətində qalmışdır. Hətta, may ayının sonunda vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, o, təcili tibbi yardım vasitəsi ilə Ə.D. Məlikov adina 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. O, xx.xx.2022- ci il tarixindən bugünədək işsizdir və ödəniş etmək üçün heç bir imkanı yoxdur. Bundan başqa, onun müalicə və digər tibbi prosedurlarına və dərmanlarına xeyli xərcləri və məsrəfləri çıxır. Bu cür ağır şərtlər altında ödəniş etmək qabiliyyətində deyildir. Lakin, bu o demək deyil ki, o, ödəniş etmək fikirində deyil və yaxud ödənişlər üzrə öhdəliklərini qəsdən və üzürsüz səbəb olmadan icra etmir və ya onları bilərəkdən icra etməkdən boyun qaçırır. Əksinə o, məsələyə məsuliyyətli və vicdanlı yanaşaraq habelə qanunverciliyin tələblərinə riayət edərək, Cəmiyyətə rəsmi məktubla müraciət etmişdir. Cəmiyyətə pis vəziyyətdə və çətin durumda olduğunu izah edərək xahiş etmişdir ki, ona müəyyən güzəşt və kompromislər olunsun. Bundan başqa, ona dəfələrlə zəng edən Cəmiyyət əməkdaşlarına vəziyyəti barədə və ödəmə qabiliyyətinin olmaması haqda mütəmadi olaraq məlumat verirdi. Lakin, əfsuslar olsun ki, Cəmiyyət onun məktubuna rəsmi cavab verməmiş və heç bir kompromisə və yaxud zərrə qədər belə güzəştə getməmişdir və yaxud ona ödənişlər üzrə nə möhlət verdi, nə konstruktiv danışıqlar apardı nə də kreditin restruktizasiyasını həyata keçirdi. İndi onun səhhətində müsbət vəziyyət yaransa da, o, hal-hazırda işsiz olduğu üçün borcu ödəmək imkanları yoxdur. Hələ nəzərə alınsa ki, işləməyən yoldaşı və himayəsində iki azyaşlı uşaq var, habelə müalicəsi üçün dərmanlara xərcləri çox çıxır, hal hazırda qətiyyən ödəmək imkanı yoxdur və bu proses o, əmək qabiliyyətini itirdiyi 2022-ci il yanvar ayından başlamış və xüsusi ilə həmin ilin aprel ayından kəskinləşmişdir, çünki o, aprelin 26-dan bugünədək işsizdir. Yuxarda izah etdiyi kimi, başına gələn hadisələr, yəni sağlamlığında olan ciddi problemlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsi habelə son bir neçə ay işsiz qalması kimi üzürlü və obyektiv səbəblər onun yaranmış borcunun ödənilməsini mümkünsüz etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə müvafiq olaraq əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Yuxarda ətrafli izah etdiyi kimi, onun gecikmələri ondan asılı olmayan, onun təqsiri olmadan və üzürlü səbəblər nəticəsində baş vermişdir. Üzürlü səbəblərinə dair bütün zəruri sənədlər mövcuddur və bu məktub ilə birlikdə məhkəməyə qoşma sənədlər şəklində göndərilir. Bir neçə ay səhhəti ilə məşgul olduğu üçün və müalicələrinə diqqət yetirdiyi üçün aktiv iş axtarışı ilə məşğul ola bilməmişdir. Lakin, son bir ay ərzində səhhətində pozitiv dəyişikliklər müşahidə olunduğu üçün və özünü daha yaxşı hiss etdiyi üçün aktiv iş axtarışına başlamışdır. Artıq bir neçə yerdən müsahibələrə dəvət almış və çox ümid edir və inanır ki, CV göndərdiyi özəl şirkətlərdən birinə işə düzəlməyə müvəffəq olacaq. İntervyuda iştirak etdiyi şirkətlərdən müsbət cavab gözləyir. Yeni işə başladığı təqdirdə, növbəti ayın maaşını alan kimi imkan dairəsində ödənişlərini bərpa etmək niyyətindədir, çünki onun borcu ödəməmək, borcdan qəsdən yayınmaq və yaxud üzürlü səbəb olmadan borcu ödəməmək habelə borcu ümumiyyətlə ödəməkdən imtina etmək kimi fikir və niyyətləri qətiyyən yoxdur və ola da bilməz. O, borcunun olduğunu inkar etmir və onu ödəmək fikri var, lakin indiki vəziyyətdə və məbləğdə ödəmək imkanı yoxdur, imkanı yaranan kimi ödənişlərini, imkan dairəsində, bərpa etmək niyyətindədir. Yuxarda qeyd olunanlardan başqa ona qarşı irəli sürülmüş iddiaya etiraz olaraq "xxxx" QSC-in onunla imzaladığı xx.xx.2021-ci il tarixli SZN000053 saylı Nisyə Alqı-Satqı Müqaviləsində yol verdiyi qanun pozuntularını diqqətə çatdırmaq istərdi. Qeyd etmək lazımdır ki, sözügedən Nisyə alqı-satqı Müqaviləsinin 2.1.4-cü maddəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə ziddir. Həmin maddəyə müvafiq olaraq, Alıcının razılığı olmadan, Satıcı bu müqavilə üzrə tələb hüquqlarını istənilən üçüncü şəxsə, o cümlədən və bununla məhdudlaşmadan, kollektor agentliklərinə, kollektor şirkətlərinə və bu sahədə ixtisaslaşmış digər hüquqi şəxslərə güzəşt etmək hüququna malikdir. Başqa sözlə, "xxxx" QSC istənilən şəxsə Alıcıya aid konfidensial fərdi məlumatları və kommersiya sirrini təşkil edən məlumatları sahibinin razılığı olmadan üçüncü səxslərə vermək ve bələliklə bu cür məlumatları yaymağı öz müstəsna hüququ hesab edir və Azərbaycan Respublikası qanunverciliyinin tələblərini kobud şəkildə pozur. Satıcı özünə qanunsuz olaraq bu hüququ verməklə Alıcının hüquqlarını məhdudlaşdırır. Belə ki, Azərbaycan Respublikası "İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında Qanunun 16-cı maddəsinə müvafiq olaraq istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, "Kommersiya sirri" haqqında Qanunun 2.0.1. maddəsinə müvafiq olaraq kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin Qanunun 2.0.7. maddəsinə uyğun olaraq kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması deməkdir. Həmin Qanunun 5.0.4. maddəsinə müvafiq olaraq, kommersiya sirrindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq nəzərdə tutulur. Bundan başqa, " Fərdi məlumatlar" haqqında Qanunun 5.2. maddəsinə müvafiq olaraq konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. Həmin Qanunun 13.1. maddəsinə müvafiq olaraq fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Əlavə olaraq qeyd olunmalıdır ki, sözugedən Nisyə Alqı-Satqı Müqaviləsinin 2.4.3. maddəsidə qanunsuzdur. Həmin maddəyə əsasən Satıcı Alıcının hüquqlarını pozaraq və həmin hüquqları məhdudlaşdıracaq qanunsuz şəkildə Alıcıdan razılıq alır ki, gələcəkdə ödənişlə bağlı gecikmələr olarsa və öhdəliyin icra edilməsində problemlər yaşanarda, Satıcı bu barədə digər satıcılara məlumat verə bilər. Satıcı özünün belə hərəkətlər etmək hüququnu müqavilədə qeyd edirsə, o zaman bu Alıcının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan bir hərəkət və addım kimi qiymətləndirilməlidir. Müqavilənin bu maddəsi həmçinin qanunsuz və etibarsız elan olunmalıdır. Göründüyü kimi bu maddə, Alıcını digər satıcılar qarşısında rüsvay etmək, onu alçaltmaq və ona psixoloji təzyiq göstərmək məqsədi daşıyır. Bundan başqa, Cəmiyyət daimi müştərisi olan Alıcısının rəsmi məktubunu, üzürlü səbəblərini ispat edən tibbi sənədlərini, həkim rəylərini və digər sübütları nəzərə almamaqla və kompromisə getməməklə Mülki Məcəllənin 445.5-ci maddəsini lazımınca diqqətə almamış, vəziyyəti ədalətli və zəruri formada təhlil etməmiş və illərlə müsbət və yüksək reytinqli müştərisi olmuş şəxsin məsələsini ümumiyyətlə lazimi səviyyədə araşdırmamışdır. Bu da onu deməyə əsas verir ki, Cəmiyyət beləliklə Mülki Məcəllənin həmçinin 445.5-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, "xxxx" QSC-nin əməkdaşları müxtəlif zənglər etməklə onu və ailə üzvlərini narahat etmiş, kobud şəkildə borcun ödənilməsini tələb etmiş, hətta bir halda isə onu təhqir edərək əməkdaşlardan biri gəlib tez borcunu ödə demişdir. Zənglərin birində, cəmiyyət əməkdaşına xəstə olduğunu, işə getmədiyini, ödəməyə imkanı olmadığını, imkan olanda ödəyəcəyini və onu daha narahat etməmələrini dedikdə ona demişdir ki, "bləd gəl pulunu ödə əə, sənə deyirəm tez pulunu ödə bləd". O, Cəmiyyət əməkdaşlarınin bu cür qanunsuz və qeyri-etik hərəkətləri və onu və ailə üzvlərini narahat etmələrinə görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, onlardan şikayət etmiş və bu barədə Cəmiyyətə olan etiraz məktubunu göndərmişdir. Cəmiyyət əməkdaşından Polis orqanlarına məlumat verməyə Cəmiyyət və onun əməkdaşları onu məcbur etdilər. Yalnız, polis işə müdaxilə etdikdən sonra və onlara qarşı vətəndaşı narahat etməyin tələbi irəli sürüldükdən sonra və onlara izah olunduqdan sonra ki, bu cür məsələlərdə məhkəməyə müraciət olunur, onlar onu daha narahat etmədilər. Həmçinin, ümumiyyətlə, Satıcı Alıcının özündən və onun zaminindən başqa şəxsə zəng etməli deyil. Ailənin digər üzvlərinin bu işə heç bir aidiyyəti yoxdur. Əgər Alıcı ödəniş etmək, müqavilə şərtlərini yerinə yetirmək qabiliyyətində deyilsə və bunu halhazırkı durumda edə bilmirsə, o zaman Cəmiyyət(satıcı) ya Alıcıya möhlət verərək güzəştə və kompromisə gedə bilər, yox əgər bunu etmirsə məhkəməyə müraciət edə bilər. Əfsuslar olsun ki, "xxxx" QSC məhkəməyə qədər olan dövrdə güzəştə getmək və vəziyyəti danışıqlar və sivil qaydada həll etmək əvəzinə, təhdid, şantaj habelə və ən əsası qeyri- qanuni və qeyri-etik yolları seçdi. Cəmiyyət və onun əməkdaşlarının yuxarda qeyd olunan yollara, metodlara, şantaj və təhdid üsullarına əl atmasını Cəmiyyət əməkdaşlarının savadsızlığından, qeyripeşəkarlığından və qanunları bilməməklərindən irəli gəldiyinə inanır və Cəmiyyətin bu cür qeyri-qanuni və qeyri-etik hərəkətlər etməsi onun nüfuzuna və imicinə mənfi təsir göstərməkdədir. Yuxarda qeyd etdiyi kimi, Cəmiyyətin və onun əməkdəşlarının qanunazidd və qeyri-etik hərəkətləri nəticəsində o və ailə üzvləri mənəvi və psixi sarsıntı keçirmişlər, iztirab və əzab çəkmişlər. Cəmiyyət belə qanunsuz hərəkətlərə yol verməklə onların sağlamlığına və əsəb sisteminə ciddi zərbə vuraraq onlara mənəvi iztirablar və əziyyətlər yaşatmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə kiçik mübahisələrə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, etirazında yazılanlara uyğun izahat verib, ödəməyə maddi imkanı olmadığı üçün iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış SZN000053 nömrəli Nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, X1 Şahlar Ramazan oğluna 12 ay müddətinə, hər ay 291 manat ödəmək şərti ilə, dəyəri 3492 manat olan “750 əyyarlı qızıl qarnitur”u satmışdır. Həmin Müqavilənin 2.4.4-cü bəndinə əsasən,Alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən 1 ədəd qiyməti 3492 manat olan olan “750 əyyarlı qızıl qarnitur” Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə R- 758/21 №-li Faktorinq müqaviləsinə və həmin Müqaviləyə əlavə olunan xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, X3 Cavabdeh qarşı xx.xx.2021-ci il tarixdə bağlanmış SZN000053 nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı QSC-yə 1737 manat əsas borc və 260,55 manat cərimə borcu olmaqla, cəmi 1997,55 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli SZN000053 nömrəli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, «İddiaçı MMC -nin hazırkı adı İddiaçı QSC-dir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinin hesabına 39,98 manat məbləğində dövlət rüsumu və həmin rüsumun ödənilməsi ilə əlaqədar 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2021-ci il tarixli SZN000053 nömrəli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və tələb hüququ X5 tərəfindən İddiaçı QSC-yə güzəşt edildiyindən, iddia tələbi cavabdehdən 1737 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Digər tərəfdən, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 260,55 manat məbləğində cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, 1737 manat məbləğində əsas borca 260,55 manat məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 260,55 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 39,98 manat dövlət rüsumunun 36 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 3,98 manatı isə iddiaçıya aid ediməli və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar ödənilmiş 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli SZN000053 nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 1737 ( min yeddi yüz otuz yeddi) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə, 36(otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 1873,4 (min səkkiz yüz yetmiş üç manat 40 qəpik) manat məbləğində borc tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hisssədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-5844/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5844/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver