Məhkəmə qərarları › İş №e-2(001)-5922/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5922/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5922/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 91,06 ABŞ dolları əsas borc və və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 23 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 114,06 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağlanmış V1P 18863 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 410 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan “Xiomi Note 11S 6-128 gb” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2023-cü il tarixdə 35.23 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 33.23 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 35.23 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 30.43 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 31.38 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 31.43 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 29.73 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 29.20 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 31.03 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 32.05 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən “alıcı” ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində “satıcı”nın xeyrinə faiz ödəyir. Həmin qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 91,06 ABŞ dollan məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra elməmiş və bununla da onun hal-hazırki vaxta ödənilməmiş 91,06 ABŞ dollan məbləğində borcu yaranmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

b) Mülki işin materialları:

4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, V1P 18863 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 410 ABŞ dolları olan “Xiomi Note 11S 6-128 gb” markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 34 (sonuncu ay 36) ABŞ dolları olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. Həmçinin müqavilənin 3.5-ci bəndinə əsasən “alıcı” ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində “satıcı”nın xeyrinə faiz ödəməlidir.

5. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli, V1P 18863 saylı müqaviləyə əsasən “Xiomi Note 11S 6-128 gb” markalı telefonu İddiaçı MMC-dən təhvil almışdır.

6. xx.xx.2024-cü il maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli, V1P 18863 saylı müqavilə üzrə əsas borcu 91,06 ABŞ dolları əsas borc və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 23 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 114,06 ABŞ dolları məbləğində borcu vardır.

7. Kreditor tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir.

c) Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

8. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. 385.1-ci maddəsinə görə ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

11. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

18. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

ç) Məhkəmənin mövqeyi:

24. Məhkəmə iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əşyanın nisyə alqı-satqısına dair xx.xx.2023-ci il tarixli, V1P 18863 saylı müqavilə bağlanmışdır. xx.xx.2023-ci il tarixli, V1P 18863 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə hər gecikdirilən gün üçün aylıq ödənişin 1% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir.

26. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

27. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğrini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, yəni xx.xx.2023-ci il tarixli, V1P 18863 saylı müqavilə üzrə 91,06 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur.

29. Belə ki, xx.xx.2023-ci il tarixli, V1P 18863 saylı nisyə alqı-satqı müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən qeyd edilən müqavilə üzrə hesablanmış 23 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır.

32. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

34. Odur ki, cavabdehin ABŞ dolları ilə olan borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir.

35. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir

36. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 91,06 ABŞ dolları əsas borc və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 23 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 114,06 (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) ABŞ dolları borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 91,06 ABŞ dolları əsas borc və 23 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 114,06 (bir yüz on dörd dollar altı sent) (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) ABŞ dolları borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar