Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5973/2022 14.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə EML000003 saylı, 07 sentyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 266 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə cavabdeh arasında bağlanmış EML000003 saylı, 07 sentyabr 2021-ci il tarixli tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 400 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən cavabdehə qarşı olan 400 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqısatqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Cavabdehin bu günə 266 manat əsas borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildirşi alsa da, 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X2 (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 07 sentyabr 2021-ci il tarixli, EML000003 saylı nisyə alqı-satqı müqaviləsinə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən satıcı alıcıya dəyəri 400 manat olan malı nisyə satmağı, alıcı satıcıya məhsulun dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.3-cü bəndinə əsasən “Alıcı”ya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı MMC-yə və ya digər üçüncü şəxslərə güzəşt edilə bilər. Müqavilənin 2.4.4-cü bəndinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5% həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür; X2 ilə İddiaçı MMC arasında bağlanan 30 avqust 2021-ci il tarixli, R-935/21 saylı Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan 21 iyun 2022-ci il tarixli sazişə əsasən X1 Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir; Cavabdeh təqdim edilmiş bildirişdən görünür ki, X2 ilə onun arasında bağlanmış 07 sentyabr 2021-ci il tarixli, EML000003 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir; 30 avqust 2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə əsas məbləğ üzrə 266 manat borcu var; 31 avqust 2022-ci il tarixli bildirişdən görünür ki Cavabdeh İddiaçı QSC-yə olan borcunu tam olaraq ödəmədiyi təqdirdə, müqavilə üzrə borcun qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; 05 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. İş materiallarından göründüyü kimi, X2 ilə cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixli, EML000003 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, 07 sentyabr 2021-ci il tarixli, EML000003 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 266 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 07 sentyabr 2021-ci il tarixli, EML000003 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 266 (iki yüz altmış altı) manat məbləğində borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-5973/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5973/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver