Məhkəmə qərarları › İş №e-2(001)-605/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-605/2022

03.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-605/2022 03.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X6 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 avqust 1998-ci ildə vəfat etmiş X4 yeganə vərəsəsi kimi Cavabdeh1 tanınması barədə 26 saylı Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən verilmiş 25 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onların atası Sadıox Nəriman əsəd oğluna məxsus olmuş, atası 25 avqust 1998-ci ildə ölmüşdür. Atasının birinci dərəcəli vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh1 olmuşdur. X1 21 oktyabr 1995-ci ildə ölmüşdür. Miras açıldığı zaman birinci dərəcəli vərəsələrdən iddiaçılar atasına məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşadıqlarına görə onlar mirası faktiki qəbul etmişlər və yeganə miras əmlakın həmin ev olduğunu düşünmüşlər. Onlar həmin vaxtda atalarına məxsus pul vəsaitinin olmasını bilməmişlər. Lakin digər vərəsə Cavabdeh1 həmin pul vəsaitinin Bankdan götürmək məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 2012-ci ilin dekabr ayında 26 saylı notariat ofisinə müraciət etmiş, notarius digər vərəsələrin olması barədə hər hansı bir məlumat toplamadan Cavabdeh1 25 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamədə notarius göstərmişdir ki, “Azərbaycan Respublikası mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 25 avqust 1998-ci ildə vəfat etmiş X8 vərəsəsi ünvan 1 ünvanında yaşayan qızı- Cavabdeh1dır və o mirasdan irs almalıdır.” Həmin şəhadətnaməyə əsasən şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin əmanət kassasında olan əmanətdən və ona hesablanmış faizdən ibarət olmuşdur. Həmin dövrdə atalarına məxsus fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmadığına görə 25 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”-yə daxil edilməmişdir. Onların 25 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”-dən xəbərləri olmamış, atalarına məxsus fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq vərəsələrin müəyyən edilməsi üçün vərəsəlik işinin açılması ilə bağlı notariusa müraciət etdikdə isə onların müraciətdindən imtina edilmiş, əsas kimi isə Cavabdeh1 artıq “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi göstərilmişdir. Eyni zamanda onlara məlum olmuşdur ki, 26 saylı notariat ofisinin xüsusi notariusu İlham Hüseynov Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlayaraq, X9 vərəsəsinin X2nın müəyyən edilməsini göstərmiş və X9 adına şəhadətnamə verilməsini xahiş etmişdir. Yəni artıq notarius onları vərəsə hesab etməmiş, heç bir əsas olmadan onları vərəsəlik hüququndan məhrum etmişdir. 3. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçılar və onların nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər.

5. Məhkəmə iclasında(əvvəlki) iştirak etmiş Cavabdeh1 nümayəndəsi, Vəkil miras əmlakla bağlı tərəflər arasında mübahisənin olmadığını bildirmiş və iddia tələbini qəbul etməsi, işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə ərizə ünvanlamışdır.

6. Cavabdeh 26 saylı Xüsusi notariat ofisinin xüsusi notariusu X12 məhkəmə iclaslarında iştirak etməyərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etsə də, məhkəməyə yazılı etirazını göndərmişdir.

7. Etirazı isə onunla əsaslandırmışdır ki, o iddia tələbi üzrə cavabdeh qismində deyil, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməli idi. Ona sürülən iddia tələbini qəbul etmir, belə ki, 2012-ci il tarixdə notariat kontorlarının elektron məlumat sistemindən məlumatlar əldə etmək imkanları olmamışdır, həmin sistem ümumiyyətlə tətbiq edilmirdi. Notarius yalnız müvafiq icra nümayəndəliyi və ya MKİS tərəfindən verilmiş arayışlar əsasında vərəsəlik dairəsini müəyyən etmək imkanına malik idi. Cavabdeh1 təqdim etdiyi arayışda isə onun yeganə vərəsə olduğu qeyd edilmişdir. Digər vərəsələrin mövcudluğu barədə məlumat olmadığından, müvafiq qaydada onların vərəsəliyə çağırılması və ya onların payının açıq saxlanılmasını təmin etmək mümkün deyil idi. Bununla da iddiaçıların vərəsəliklə bağlı hüquqları notariat ofisi tərəfindən yox, digər Cavabdeh1 tərəfindən pozulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Bakı şəhəri Binəqədi Rayon Leyla Nikah evi tərəfindən 05 noyabr 1998-ci il tarixdə verilən, ölüm haqqında akt qeydləri kitabında 839 nömrə ilə qeyd edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X14 25 avqust 1998-ci ildə 60 yaşında ölmüşdür.

9. Evlənmək haqqında 22.01.1971-ci il tarixdə verilmiş şəhadətnamədən görünür ki, 1937-ci il təvəllüdlü X14 ilə 1939-cu il təvəllüdlü X7 09.11.1960-cı ildə tarixdə nikaha daxil olmuşlar və bu barədə akt qeydləri kitabında 5 nömrə ilə qeydiyyat aparılmışdır. Nikaha daxil olduqdan sonra arvad Hüseynova soyadını saxlamışdır.

10. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 21 oktyabr 1995-ci il tarixdə 56 yaşında vəfat etmişdir, bu barədə Binəqədi rayonu “Leyla” nikah evində 21.12.1995-ci il tarixdə, ölüm haqqında akt qeydləri kitabında 1063 nömrə ilə qeydiyyat aparılmışdır.

11. İddiaçı1 doğum haqqında şəhadətnaməsindən görünür ki, o xx.xx.1966-ci il tarixdə doğulmuş, onun atası X14, anası X5r.

12. İddiaçı2 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.1971-ci ildə doğulmuş, onun atası X14, anası X5r.

13. Sadıxova(Sadıqova) Şərqiyyə Nəriman qızının doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.1965-ci ildə doğulmuş, onun atası X14, anası X5r.

14. 25.12.2012-ci il tarixli (reyestrdə 2V-02/959 nömrə ilə qeyd edilmiş) “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-dən görünür ki, 25 avqust 1998-ci ildə vəfat etmiş X8 vərəsəsi: ünvan 1 ünvanında yaşayan qızı-Cavabdeh1dır və o mirasdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: “Kapital Bank “ ASC-nin 3368/017 saylı əmanət kassasında 10184 saylı hesabda olan əmanətdən və ona hesablanmış faizdən(kompensasiyadan) ibarətdir.

15. İddiaçı1 və İddiaçı2 26 saylı Notariat Ofisinə ünvanladığı müraciətə sonuncu tərəfindən verilən 23.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, onlara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir və imtinaya əsas kimi 25.12.2012-ci il tarixli Cavabdeh1 verilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-sinin mövcudluğu göstərilmişdir.

16. Azərbaycan SSR Kommunal-Təsərrüfatı Nazirliyinin 1973-cü il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta” əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, döngə 3, ev 45(Bakı şəhəri, Kirov rayonu, Kirov qəsəbəsi, Mamedyarov küçəsi, ev 45) ərazisində yerləşən ümumi sahəsi 286.9 kv.m olan torpaq sahəsinə aid Pasport mərhum X10 məxsus olmuş və bununla bağlı mərhumun adına çıxarış verilməsi üçün 12.10.2021-ci il tarixdə 26 saylı notariat ofisinin Xüsusi Notariusu ƏMDK-nə müraciət etmişdir.

17. Rəsulzadə Qəsəbə üzrə Nümayəndənin 01.11.2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X14 vəfat edən günədək ev kitabına əsasən X7, X2, İddiaçı1, İddiaçı2, X11, Müstafayeva(Sadıxova) Reyhan Ənvər qızı daimi pasport qeydiyyatında olmuşlar. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

18. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 bacı-qardaşdırlar.

19. İddiaçılar və Cavabdeh1 atası olan X14 25 avqust 1998-ci ildə ölmüşdür.

20. Miras açılan zaman X9 3 oğlu İddiaçı1, İddiaçı2, X11 və qızı Cavabdeh1 sağ olmuşdur.

21. Mübahisə Cavabdeh1 yeganə vərəsə kimi 25.12.2012-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə bağlıdır.

22. Cavabdeh1 iddianı etiraf edir, digər cavabdeh 26 saylı Notariat ofisinin xüsusi notariusu iddianı qəbul etmir və hesab edir ki, o vərəsəlik hüququ haqqında şəhadətnamə verərəkən Cavabdeh1 tərəfindən təqdim edilmiş arayışda digər vərəsələrin mövcudluğu müəyyən edilməmiş və həmin dövrdə notariusların elektron qeydiyyat barədə məlumat əldə etmək imkanları olmamışdır.

23. Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən miras əmlak yalnız bank hesabında olan əmanətdən ibarət olmuşdur.

24. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” alınarkən, nə də hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

25. Mübahisə iddiaçıların həmin daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat orqanına müraciət etmələrindən sonra yaranmışdır.

26. Belə ki, notariat orqanına müraciət edildikdən sonra iddiaçılara məlum olmuşdur ki, Cavabdeh1 atasından miras qalmış əmlaka dair yeganə vərəsə kimi artıq “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-si almışdır.

27. Notariat orqanı Cavabdeh1 yeganə vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-si verdiyindən digər vərəsələrin mirası faktiki qəbul etməməsi qənaətinə gələrək, onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verməkdən imtina etmişdir.

28. İddiaçılardan əlavə miras qoyanın digər vərəsəsi olan X3 harda olması iddiaçılara da məlum deyildir.

29. İddiaçılar hal-hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

30. İddia tələbindən və işin mahiyyətindən müəyyən edilir ki, iddiaçılar mirası faktiki qəbul etdiklərini iddia edərək, digər vərəsəyə yeganə vərəsə kimi verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin ləğv edilməsini xahiş edirlər.

31. Məhkəmə hesab edir ki, həm iddiaçılar iddia ərizəsini əsaslandırarkən, həm notarius vərəsəlik şəhadətnaməsi verərkən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etsə də, lakin tərəflər arasında yaranmış münasibətlər 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin təsir dairəsinə düşür.

32. Belə ki, miras açılan zaman, yəni 1998-ci ildə vərəsəliklə bağlı münasibətləri 2000-ci ilin sentyabrına 1-dək qüvvədə olan Mülki Məcəllə tənzimləmişdir.

33. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

35. Həmin Məcəllənin 554-cü maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.

36. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

37. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir.

38. Həmin Məcəllənin 566-cı maddəsinə əsasən Əmanətçi, əmanət kassasına və ya banka sərəncam vermədikdə, əmanətçi ölən vaxt onun əmanəti bu bölmənin qaydaları üzrə ümumi əsaslara müvafiq olaraq vərəsələrə keçir.

39. Bundan başqa hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında” 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur.

40. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçıların ünvan 1 ünvanında yerləşən evdə həm miras açılan zaman, həm indi yaşaması mübahisəsiz haldır.

41. Üstəlik cavabdeh olan digər vərəsə iddianı qəbul edir.

42. Göründüyü kimi iddiaçılar miras əmlaka sahiblik etməklə mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq, Cavabdeh1 yeganə vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin verilməsi onları miras əmlakın bölünməsindən məhrum etmişdir.

43. Mirasın faktiki qəbul edilməsi mirasın harda olmasından və nə də ifadə edilməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən paya mütənasib qəbul etməni özündə ehtiva edir.

44. Miras açıldığı zaman miras qoyana məxsus olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi vərəsənin mirası qəbul etməsini istisna etmir. O cümlədən digər vərəsənin vərəsəlik şəhadətnaməsi alması da başqa vərəsələri vərəsəlik hüququndan məhrum etmir.

45. Buna baxmayaraq cavabdeh notariat orqanı digər vərəsələrin mirası faktiki qəbul edib etməmələrini araşdırmadan, iddiaçılara mirası qəbul etməsi barədə sənəd verməkdən əsassız olaraq imtina etmişdir.

46. Ehtimal olunur ki, notarius 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Təlimatın 109-cu hissənin çıxarılmış ikinci abzasını (Başqa əmlaka vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verildikdə və əvvəlcə verilən şəhadətnaməyə daxil edilməmiş vərəsələr gəldikdə, onlar da mirası qəbul etmiş bütün vərəsələrin yazılı razılığı ilə əlavə əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 109-cu bənd) nəzərə alaraq vərəsəlik şəhadətnaməsi verməmişdir.

47. Bu halda belə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı bəndində göstərilmişdir ki, vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

48. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə o qənaətə gəlir ki, notarius tərəflər arasında gələcəkdə mübahisənin yaranacağı ehtimalından çıxış edərək vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş olsa da, Cavabdeh1 25 avqust 1998-ci ildə vəfat etmiş X8 yeganə vərəsəsi kimi verilmiş 25 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin mövcudluğu mirası qəbul etmiş digər qanun üzrə vərəsələrin hüquqlarını pozur və bu səbəbdən iddiaçıların pozulmuş hüquqlarının bərpası barədə tələbləri əsaslıdır.

49. Odur ki, Cavabdeh1 25 avqust 1998-ci ildə vəfat etmiş X8 yeganə vərəsəsi kimi verilmiş 25 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilməlidir. Tətbiq edilən prosessual normalar:

50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

53. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

54. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

55. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

57. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

58. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə:

58. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 25 avqust 1998-ci ildə vəfat etmiş X8 yeganə vərəsəsi kimi verilmiş 25 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

59. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh1 25 avqust 1998-ci ildə vəfat etmiş Sadıqov(Sadıxov) Nəriman Əsəd oğlunun yeganə vərəsəsi kimi Bakı şəhəri 26 saylı Notariat Ofisinin Xüsusi Notariusu İ.B.Hüseynov tərəfindən verilmiş 25 dekabr 2012-ci il tarixli(reyestrdə 2V-02/959 nömrə ilə qeyd edilmiş) “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar