Məhkəmə qərarları › İş №e-2(001)-6071/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6071/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6071/2022 21.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1515 manat əsas borc, 236,82 manat cərimə və 35 manat dövlət rüsumu olmaqla, cəmi 1786.82 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkar X3 (“Satıcı”) ilə fiziki şəxs Cavabdeh (“Alıcı”) arasında 3917 nömrəli 27 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini İphone 13 X5 Dual 128gb markalı telefon təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “Satıcı” bu müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı “Alıcı”nn mülkiyyətinə verməyi, “Alıcı” əşyanı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) Müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satılan əşyanın qiyməti 3399 manat təşkil edir. “Alıcı” satılan əşyanın qiymətindən 310 manat “Satıc”ya ödəyir, qalan 3089 manat məbləği 3.3cü bəndə əsasən, “Satıcı”ya hissə-hissə 12 ay müddətində ödəyir. Müqavilənin 8.1-ci bəndinə əsasən, cərimənin ödənilməsi “Alıcı”nı öhdəliklərdən azad etmir. “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1% cərimə ödəyir. Cavabdeh sözügedən müqavilənin şərtlərini pozmuş, məbləğin hissə-hissə ödənilməsi öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, ödəniş sənədindən göründüyü kimi, cavabdeh tərəfindən ödənilməmiş qalıq 1515 manat əsas borc məbləği qalmışdır. Sonuncu ödəniş 05 may 2022-ci il tarixdə edildiyindən, cərimə məbləği qrafikə uyğun olaraq 27 may 2022-ci il tarixdən hər gün üçün aylıq ödənişin (257,42 manat) 1%-i məbləğində hesablanmağa başlanmışdır. Beləliklə, xx.xx.2022-ci il tarixədək cərimə məbləği 236,82 manat (92 gün gecikmə) təşkil etmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 3917 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ilkin ödəniş 310 manat olmaqla, 12 ay müddətinə, hər ay 257,42 manat ödəmək şərti ilə, dəyəri 3399 manat olan “iPhone 13 X5 Dual 128GB” markalı telefon satmışdır. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, cərimənin ödənilməsi Alıcını öhdəliklərdən azad etmir. “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1% cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil təslim aktından görünür ki, “iPhone 13 X5 Dual 128GB” markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə 1515 manat əsas borcu və 236,82 manat cərimə borcu vardır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh X3 ilə bağladığı xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn öhdəliklər ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, ondan 1515 manat əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır. Digər tərəfdən, iddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən 236,82 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 1515 manat əsas borc üzrə 236,82 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 1515 manat məbləğində hesablanmış cərimə məbləğinin 150 (yüz əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 1515 manat əsas borc və 150 manat cərimə alınaraq iddiaçı X2 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 35 manat dövlət rüsumunun 33 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 2 manatı isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1515 (bir min beş yüz on beş) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat məbləğində cərimə və 33 (otuz manat 60 qəpik) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1698 ( min altı yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar